/ / Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur

Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur

1 031 Baxış

Yeni Azərbaycan kinosunun ABŞ-da qazandığı uğur

Amerika Birləşmiş Ştatlarının Florida ştatında 3-cü Cənub-Şərq Regional Film Festivalı keçirilib. Mayın son günündə ABŞ-ın Ceksonvil şəhərindən Azərbaycana sevindirici xəbər gəlib.

AZƏRTAC xəbər verir ki, münsiflər heyətinin qərarı ilə həmyerlimiz İsmayıl Məlikovun çəkdiyi “UP” (“Yüksəkdən”) adlı qısametrajlı film “Ən yaxşı eksperimental film və virtual reallıq” nominasiyası üzrə qalib elan olunub. İsmayıl Məlikov filmin rejissoru, prodüseri, eyni zamanda, xüsusi effektlər üzrə rəssamıdır. Ekran əsərində Litvadan olan bəstəkar Martinas Launun razılığı ilə onun “Eterniy” (Sonsuzluq) kompozisiyasından istifadə olunub.

Altı dəqiqə yarımlıq filmin yaradılmasına İ.Məlikovu ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi - NASA-nın kitabxanasında toplanılıb və Yer kürəsinin real peyk görüntülərini əks etdirən materiallar ilhamlandırıb. Müasir rəqəmsal texnologiyalardan və yeni metodlardan istifadə etməklə gənc azərbaycanlı rejissor landşaft çəkilişləri üzərində eksperimentlər apararaq planetimizin kosmosdan bənzərsiz və cəzbedici mənzərələrini özünəməxsus tərzdə nümayiş etdirməyə müvəffəq olub.

On yeddi yaşlı İsmayılın “UP” filminin başqa uğurları da var. Belə ki, o, bu il İngiltərədə keçirilən “İlk filmim” Lift-Off FTF Sessions” müsabiqəsinin də finalçıları sırasında yer alıb. İ.Məlikov, eləcə də Ukraynada təşkil edilən Xarkov Beynəlxalq İncəsənət və Səyahətlər Festivalının “şort-listinə” daxil edilib.

Hazırda İ.Məlikov xarici və yerli rəssamlarla birlikdə yeni layihələr üzərində işləməkdədir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının birinci kurs tələbəsi olan İsmayıl uşaq yaşlarından rəqəmsal sənət və vizual effektlərə böyük maraq göstərir. Gənc kinematoqrafçının əsas məqsədlərindən biri insanları yaradıcı fəaliyyətə ruhlandırmaq, filmlərin çəkilişində qeyri-standart forma və modellərin axtarışına sövq etməkdən ibarətdir.

AZƏRTAC-ın müxbiri ilə söhbətində İsmayıl Məlikov ABŞ-da uğur qazanmış yeni filmi ilə bağlı deyib: “Mən film üzərində işə başlayanda bir növ özümü sınağa çəkmək qərarına gəldim. Təbiət görünüşü, mənzərələri üzərində eksperimentlərə başladım, qarşıma rəqəmsal texnologiyaların daha mürəkkəb səviyyədə inteqrasiyasını təmin etmək vəzifəsini qoydum. İstədim ki, adi görünən yerlərə qeyri-adi bir baxışla nəzər salım. “UP” (“Yüksəkdən”) filminin planetimizin müxtəlif yerlərində tamaşaçı sevgisi qazanması mənim üçün böyük şərəfdir”.

İ.Məlikovun qazandığı nailiyyət son illərdə ölkəmizin sərhədlərindən uzaqlarda yeni Azərbaycan kinosunun getdikcə daha artıq tanınması və şöhrətlənməsinin daha bir diqqətəlayiq göstəricisidir.

FOTO / VİDEO
VİDEO