/ / Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qadirdir

Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qadirdir

541 Baxış

Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı cəzalandırmağa qadirdir

“2 milyon əhalisi olan Ermənistana qarşı Azərbaycan 10 milyon əhalisindən 10 minlərlə ehtiyatda olanları orduya çağırır, insan ehtiyatlarına ehtiyacımız yoxdur. Azərbaycan özünü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qadirdir ki, o, bir daha Azərbaycan tərəfə baxmağa cəsarət etməsin”, - bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın “Rossiya - 1” telekanalında yayımlanan “60 dəqiqə” verilişində aparıcıların suallarını cavablandırarkən deyib.

İlham Əliyev bildirib ki, Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Azərbaycan təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idi.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Bununla belə Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər? Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür. Münaqişənin yalnız iki tərəfi var - Ermənistan və Azərbaycan. Lakin Ermənistanın baş naziri deyir ki, danışıqlar Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparılsın. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Azərbaycan isə danışıqlara sadiqdir.

Ermənistan tərəfinin hərəkətləri və bəyanatlarının xronologiyası aşkar göstərir ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. İyul ayında onlar dövlət sərhədindəki yaşayış məntəqələrə silahlı hücum etdilər. Bu, münaqişə zonasından uzaq bir yerdir. Ermənistan açıq-aşkar, nümayişkaranə şəkildə əslən Livandan olan ermənilərin Azərbaycanın işğal edilmiş ərazilərində və qədim Şuşa şəhərində məskunlaşdırılmasını elan etdi ki, bu, Cenevrə Konvensiyasının pozulması deməkdir. Sonra onlar Şuşada cinayətkar Dağlıq Qarabağ rejiminin qondarma başçısının qondarma inauqurasiyasını keçirdilər. Bütün bunlar şüurlu provokasiyalar, Azərbaycanı münaqişəyə cəlb etmək və cavab hərəkətlərinə təhrik etmək deməkdir.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının tribunasından çıxış edərkən demişdi ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır. Bunu beynəlxalq təşkilatlar etməsə, Azərbaycan edəcək.

Dövlət başçısı aparıcının, xahiş edirəm Türkiyənin rolunu izah edin sualına cavab olaraq, bunları deyib: “Türkiyənin rolu regionda sabitləşdirici xarakter daşıyır. Türkiyə qardaş ölkə və müttəfiqdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur.

İlham Əliyev həmçinin qeyd edib ki, İnformasiya məkanında Ermənistanın SU-25 döyüş təyyarəsinin Türkiyənin F-16 qırıcı təyyarəsi tərəfindən vurulması haqqında xəbər yayılıb: “Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmir. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Azərbaycan bütün məsuliyyəti ilə bəyan edir ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

FOTO / VİDEO
VİDEO