/ / Badam ağacı çiçəyi - GÜLNAR FAZİLQIZI

Badam ağacı çiçəyi - GÜLNAR FAZİLQIZI

180 Baxış

Badam ağacı çiçəyi -


Badam ağacı çiçəyi və ya Xocalıda ruhlar oyaqdır

Ayağının altında sınan şüşə qırıqlarının səsi ona daha ehtiyyatlı davranmalı olduğunu xatırlatdı. Əlsində burada onu heç bir təhlükə gözləmirdi. Atəş səsləri üç aydan çox idi ki, susmuşdu, amma hər halda ehtiyyatı da əldən vermək olmazdı.

Yoldaşları onu Xoca deyə çağırırdılar. Universiteti bitirdikdən sonra magistr və doktorantura təhsili üçün Türkiyəyə getmiş, bir neçə il orda qalmış, bir müddət İstanbuldakı özəl təhsil müəssisələrinin birində müəllim kimi çalışmışdı. “Xoca” həmin illərin “yadigarı” idi. İndi adını soruşan olsa bir anlıq duruxardı da... Tarix müəllimi olan Xoca indi yazılan tarixin qələmini tutan minlərlə əldən biri idi...

Saat axşam 5-ə yaxınlaşırdı. Üzü yaza getdiyindən günlər uzanmağa, qaranlıq da ləngiməyə başlamışdı. Bir neçə ay bundan əvvəl ölüm qoxan bu ərazilərdə indi baharın nəfəsi duyulurdu. Bununla belə hava çox soyuq idi. Qış getməyə tələsmirdi...

Xoca dəhlizin sonundakı qapıya tərəf gedib önüdə dayandı. Bağlı deyildi. O, qapını ayağı ilə itələyib otağa keçdi. İçəridə qapı ilə üzbə-üz bir divan, divanın üstündə divarda asılı olan köhnə bir xalça, sağ tərəfdə ətrafında üç stul olan kiçik masa, sol – pəncərə tərəfdə isə odun sobası var idi. Elektrik olmadığından otaq pəncərədən düşən işıqla aydınlanırdı.

Gəzindiyi bu ev kənddə salamat qalan 5-6 tikilidən biri idi. Bir çox evin qapı-pəncərəsi, dam örtüyü sökülmüş, divarları dağıdılmışdı. Bu evin də vəziyyəti ürək açan deyildi, amma burada kim və ya kimlərsə yaşamışdı...

Xoca divarda asılı olan xalçaya daha diqqətlə baxmaq üçün yaxınlaşdı. Təxmin etdiyi kimi, Qarabağ xalçası idi. Əlini naxışların üzərində gəzdirdi, ilmələrə toxundu. Xalça tozlanmışdı...

Birdən bədənindən qəribə bir üşütmə keçdi. Otaq qəfil soyumuşdu elə bil. Xoca əlini xalçadan çəkdi. Otaqda kimsə var idi. Görməsə də hiss edirdi. O, çiynində asılı olan silahını əlinə alıb, asta-asta çevrildi...

Qapının kandarında bacala qız uşağı dayanmışdı. Boynunda qırmızı şərf, əynində boz rəngli kofta və şalvar, ayağında qara qış ayaqqabısı olan uşaq gözlərini Xocaya dikmişdi. Xoca ürəyinin boğazında vurduğunu hiss elədi. Udqundu. Balaca qız gülümsədi, sonra isə geri dönüb qaçdı. Xoca özünü qızcığazın arxası ilə dəhlizə atdı. Dəhliz boş idi. O, təlaşla evin digər otağına və mətbəxə baxdı. Heç kim yox idi. Əlləri titrəyir, nəfəs almaq çətinləşirdi.

Çölə qaçdı. Yoldaşı həyətdəki qurumuş badam ağacının altında oturub, çubuqla yerdə nəsə yazırdı. Xocanın səsi onu bu məşğuliyyətindən ayırdı:

- Hardadır?!

Xoca az qala qışqıraraq vermişdi bu sualı. Yoldaşı əlindəki cubuğu kənara atıb, cəld ayağa qalxdı:

- Kim hardadır?

Xoca sağa-sola baxıb, gözləri ilə qızcığazı axtardı.

- Xoca! Kim hardadır? Nə deyirsən?

- O balaca qız uşağı? Hara getdi?

Kənddə əsgərlərdən başqa heç kim yox idi. Xocanın yoldaşı bundan əmin idi. Axı, balaca qız uşağının burda nə işi var idi?! Onun təəccübdən gözləri böyümüşdü. Xocanın nə danışdığını anlamırdı:

- Xoca, nə qız? Nə uşaq? Nə olub?

Xoca başını silkələdi, elə bil “yox” demək istəyir, amma danışa bilmirdi. O arxaya iki-üç addım atıb, geri döndü və qaçaraq təkrar evə girdi. Yoldaşı səsləyib, onu dayandırmağa çalışsa da olmadı. Beş-altı saniyəlik tərəddüddən sonra o da Xocanın arxası ilə evə girdi. Onun hansı otaqda olduğunu bilmədiyi üçün səslədi:

- Xoca!

Əvvəl mətbəxə, sonra ilk, daha sonra isə dəhlizin sonundakı otağa baxdı. Xoca burada idi. Pəncərənin önündə dayanıb, çölə baxırdı. Ovcunda nəsə var idi. Yoldaşı ehtiyyatla ona yaxınlaşdı, əlini çiyninə qoyub, soruşdu:

- Xoca, o nədir?

Pəncərədən həyətdəki qurumuş badam ağacı görsənirdi. Xoca, baxışlarını ağacdan çəkib, ovcuna baxdı. Daha sonra nəzərlərini dostuna çevirib dedi:

- Badam ağacı çiçəyi.


26.02.2021-ci il
"Zəfər gündəliyi"nə əlavə

FOTO / VİDEO
VİDEO