/ / Bir dəftər vərəqinin nə qədər çəkisi olar ki? - GÜLNAR FAZİLQIZI

Bir dəftər vərəqinin nə qədər çəkisi olar ki? - GÜLNAR FAZİLQIZI

348 Baxış

Bir dəftər vərəqinin nə qədər çəkisi olar ki? -

İş yoldaşlarım üzərində çalışdığımız işi müzakirə edirdilər. Nə dediklərini eşitmirdim. Bir neçə dəqiqə idi ki, qarşımdakı monitorda qırmızı rənglə işarələnmiş nömrəyə baxırdım. Bir az əvvəl danışdığım bir bəy vermişdi bu nömrəni. “Siz, ən yaxşısı onunla danışın, o daha dəqiq bilir”, - demişdi, üzürhaqlıq edirmiş kimi...

Telefonu götürdüm, fikrimi toparlamağa çalışaraq, həmin nömrəyə zəng elədim. Gözlədim. “Cavab versə nə deyəcəm?!”, – deyə düşünərək, sözləri nizama salmağa çalışırdım ki, “Alo?” eşidildi. Danışan şəhid atası idi.

Danışdım. İstəyim sadə idi əslində, şəhidin tərcümeyi-halı... (Sadə idimi?)

“Gətirərəm”, - dedi: “yazmışam, hazırı var”. “Biz gələk götürək”, - deyə, təkid elədim, razı olmadı.

Səhəri gün dediyi vaxtda övladının tərcümeyi-halını yazdığı vərəqi gətirib təqdim elədi. Vərəq riyaziyyat dəftərindən qoparılmışdı. Bir üzü tam, digər tərəfi isə yarıya kimi yazılı idi. Bir dəftər vərəqinin nə qədər çəkisi olar ki? Ağır idi, çox ağır idi...

Əlimdə tutduğum kağız bir gəncin, bir şəhidin həyatı idi!...


Bu gün 2 Fevral – Gənclər günüdür. Azərbaycan gənclərinin, gəncliyinin, hər zaman dediyimiz kimi, özü gənc olmasa da, qəlbi və ruhu gənc olanların günü. Bir də gəncliklərini Azərbaycan Respublikasının ərazi bütövlüyünə bağışlayan, əbədiyyətə qovuşaraq hər zaman gənc qalacaq olanların günü...

“Ruhunuz şad olsun, gənclər!”.


02.02.2021
“Zəfər gündəliyi”nə əlavə

FOTO / VİDEO
VİDEO