/ / Ümid sənədir, Vətən övladı! Niyyətin şəhidlik yox, Qarabağ olsun! - GÜLNAR FAZİLQIZI

Ümid sənədir, Vətən övladı! Niyyətin şəhidlik yox, Qarabağ olsun! - GÜLNAR FAZİLQIZI

13 204 Baxış

Ümid sənədir, Vətən övladı! Niyyətin şəhidlik yox, Qarabağ olsun! -
“İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək”.

Əslində nə əvvəlini xatırlayıram o xəbərin, nə də gerisi yadımdadır. Tək bu cümlə: “Hər iki tərəfdən itki var”. Soyuqanlılıqla oxuyub, soyuqqanlılıqla paylaşdığım o məlumatın ən ağır cümləsi idi bu. Axı, cəmi 5 sözdən ibarət olan bir cümlənin yükü necə bu qədər ağır ola bilir? “Hər iki tərəfdən itki var…”. Şəhidin var, Vətən!

Biz günə “Cəbhə xəttdində atəşkəs rejimi yenidən pozulub” xəbəri ilə başlamağa öyrəşmişik əslində. Güclü informasiya axınının içərisində gündəlik olaraq aldığımız adiləşən bir xəbərdir bu. Bir neçə il əvvəl sual etmişdim: nədir atəşkəs rejiminin pozulması?

Cəbhə bölgəsində düşmənə sipər olub, Vətəni qoruyan əsgərin sinəsinin dəlinmə, o igidi doğan ananın daim səksəkədə olan bağrının “yarılma” ehtimalıdır cəbhədə atəşkəs rejiminin pozulması. Mal-qarasını otaran çobanın, sahəsində işləyən əkinçinin, evinin həyətində oturub çay içən kəndlinin, yeni-yeni dil açıb, yüyürməyə başlayan körpənin həyatının bir anda sönmə ehtimalıdır atəşkəs rejiminin pozulması. Cəbhəyanı və düşmənlə sərhəd kəndlərdə yaşayanların hər gün eşitdikləri atəş səsləridir atəşkəs rejiminin pozulması. Doğması cəbhədə olanların eşitmək istəmədikləri bir xəbərdir atəşkəs rejiminin pozulması.

Atəşkəs rejimi bu dəfə də pozuldu, hətta düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərdi. Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirildi və o, itki verərək geri oturduldu. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2… 1… 7… 2… nəfər şəhid oldu.

Torpaq, uğrunda ölən varsa Vətəndir! Daha 12 can Vətən torpağına qarışdı, Azərbaycan oldu!

Düşmən tərəfdən atılan mərmi 10 milyon qəlpəyə ayrılıb qəlblərimizə batdı, canımızın yanğısından ruhumuzu alovlandı. Coşduq, daşdıq, sel olub Qarabağa axmaq istədik… İstəyirik! Birik! Həmrəyik! Həm ölkə daxilində, həm ölkə xaricində!

Düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, tabor qərargahı, müdafiəsinin dərinliyindəki ehtiyatlar, kazarma, hərbi infrastrukturu və onlarla şəxsi heyəti bölmələrimizin dəqiq atəşi ilə darmadağın edildi.

Lakin hələ yad əldədir yurdumuz, yuvamız! Əminik: o gün gələcək! Şəhidimin qanına boyanan bayrağım Qarabağın hər kəndində, hər şəhərində dalğalacaq! İşğal altında olan torpaqların hər qarışı mütləq şəkildə zəfər sancağımın rənglərinə boyanacaq!

Ümid sənədir, vətən oğlu! Möhkəm dayan, sağlam dayan!

Deyirlər, niyyətin hara, mənzilin ora. Niyyətin şəhidlik yox, Qarabağ olsun!

Döyüşə çiynində üç rəngli Azərbaycan bayrağı ilə get. Ona bükülüb geri dönmək üçün yox, azad etdiyin Vətən torpağında dalğalandırmaq üçün!



12 iyul 2020-ci il tarixindən 7 gün sonra

FOTO / VİDEO
VİDEO