/ / Qadın gülərsə... - RUHƏNGİZ HACIYEVA

Qadın gülərsə... - RUHƏNGİZ HACIYEVA

656 Baxış

Qadın gülərsə... -

Qadın zorakılığı, gender bərabərliyi... İllərdir bu mövzularda yazılar, əsərlər, şeirlər yazılır, filmlər çəkilir. Ancaq hələ də əri, qardaşı tərəfindən öldürülən, döyülən, təhqir edilən qadınlar var. Bu, təkcə bizim ölkənin yox, bütün dünyanın içindən çıxa bilmədiyi, zəhərli sarmaşıq kimi insanların həyatına dolanan bir problemdir. Problemin həlli yollarından öncə onun necə yarandığına nəzər salsaq, görərik ki, başlıca səbəbi valideynlərdir. “Kişidi də, döyər də, sevər də” nəsihəti ilə böyüyən qızlar hər zaman kişinin bir addım gerisində qalmağı düşünəcəklər.

“Əl çörəyi yox, ər çörəyi yeyəsən!” deyə-deyə kişilərin kölgəsində yaşamağa alışdırırlar qadınları. Bu kölgəyə o qədər güvənirlər ki, həyatda onlar üçün ayrılmış yeri tutmaq yaddan çıxır. O güvəndikləri kölgə döyəndə də, söyəndə də yada düşmür o yerə doğru addımlamaq. Qadın o qədər alışır ki “ər çörəyi”nə, əlinin zəhməti olduğunu unudur. Döyülür, söyülür, ancaq dözür. Dözür, çünki “qardaş yanında, ata evində” yaşamaq minnətindən qorxur. Qorxur, çünki öz əməyi ilə nə isə qazanacağına ümid etmir. Bəlkə də düşünmür…Hər kəsin oxumaq, təhsil almaq, yaxşı iş tapmaq kimi şansı olmaya bilər. Amma hər gün şəxsiyyətinin alçaldılmasına dözməkdənsə, ömründə bir dəfə də olsun özü üçün, mənliyini qorumaq üçün nə isə edə bilər. Həyat heç kimə qazandığını göydən “qızıl zənbil”lə endirib vermir. Hər kəsin olmasa da, çoxlarının qazandığı uğurun yolu alnından axan tərdən, dırnağıyla qazıdığı torpaqdan keçir. Qonşular, qohumlar, onlar, bunlar nə deyər düşüncəsiylə illərlə söyülməyə, döyülməyə dözür bu qadınlar. Dözə-dözə öldürülür bu qadınlar…

“Yaxşı at özünə qamçı vurdurmaz”, “qadının beyni quş beyni”, “qızını döyməyən dizini döyər”... Bu və buna bənzər ifadələrin nəticəsidir ki, bu gün qadınların PROBLEM adlandırdığımız dərdləri var. Frida Kahlonun belə bir cümləsi var: Bir gün oğlum olarsa, ona öyrədəcəyim ilk şey, könül almaq üçün çabalamağın kişiliyindən heç nə aparmayacağı olacaq. Bəli, demək ki, bu məqamlarda ən böyük yük də elə qadının üzərinə düşür. Uşaqlıqdan oğluna könül almağı, nəvaziş göstərməyi, qarşısındakına zəif yox, zərif varlıq kimi davranmağı öyrədən qadın onun hegemon iddialarla böyüməsinə əngəl ola bilər.

"Atam mənə deyirdi ki, qızım, görürsənmi, Pakistanda nə qədər böyük problemlər var. Bu problemlər ona görə var ki, qadınlar bu ölkə üçün normal insanlar doğub tərbiyə edə bilmədilər. Qadını cahil, kölə olan cəmiyyət nə vaxt azad və böyük insanları dünyaya bəxş edə bilər ki? Atam mənə başa saldı ki, Pakistanın xilası qadınlarla başlayacaq. Qadın savadlanandan, cəmiyyətin həyatında fəal iştirak edəndən, ümumi mənafelər üçün işləməyin vacib olduğunu dərk edəndən sonra ölkə üçün hansı insanları doğub tərbiyə etməyin lazım olduğunu başa düşəcək. Özündən başla, qızım" Bu sözləri isə Benazir Bhuttonun atası Zülfikar Əli Bhutto deyib. İllər öncə qız övladlarını dar çərçivədə böyüdən Pakistan kimi bir ölkədə bu düşüncənin sahibi olan kişi, ata qızını lider kimi yetişdirməyi bacardı. Ancaq çox təəssüf ki, illər belə kişilərin sayını artırmayıb. Hələ də oğul övladı üçün muştuluq paylayan, ancaq qızı olanda ağız büzən kişilər var. Qız uşaqlarının həyatına abortla son verilməsi hallarının ürəkağrıdıcı mənzərəsi də bu düşüncənin məhsuludur. Oğul dünyaya gətirən anaya gözün aydın deyəndə, qız anasına, canın sağ olsun, oğlan da olar deyilir. Deməli, qadınların cəmiyyətdə inkişafına nail olmaq üçün insanların düşüncəsindəki o stereotiplər qırılmalıdır. Qırılmalıdır ki, qadın həyatda özünəməxsus yeri tuta bilsin, qırılmalıdır ki, qadın gülə bilsin. Qadın gülərsə, övladları da gülər, həyat yoldaşı da. Qadın gülərsə, dünya gülər. Dünyanı o təbəssümdən uzaq salmamaq üçün beynimizdə kök salan qeyri-bərabər yanaşmanı dəyişməliyik. “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” deyən dahi Cavidin misralarını unutmayaq...

FOTO / VİDEO
VİDEO