/ / ... və əslində heç kimə o ağacların aqibəti maraqlı deyildi - GÜLNAR FAZİLQIZI

... və əslində heç kimə o ağacların aqibəti maraqlı deyildi - GÜLNAR FAZİLQIZI

684 Baxış

... və əslində heç kimə o ağacların aqibəti maraqlı deyildi -

Başdan sona saysaq, küçəmizdə heç 20 ev olmaz. Evlər yolun yalnız bir tərəfindədir. Küçəmizdə iki qocaman çinar, səkkiz-doqquz ədəd tut, bir neçə də alça ağacı var. Bu ağaclar yolun hər iki tərəfinə düzülüblər. Çinar ağaclarının yaşını deyə bilmərəm, amma tut və alça ağacları cavandırlar. Onları biz əkmişik – biz sakinlər. Hətta bəziləri həyətimizin ağaclarıdır...

Bu gün bir video yayıldı, görmüş olarsız. Gəncədə yol kənarındakı ağaclar çıxarılaraq, ərazidən uzaqlaşdırılır. Videonu çəkən hər kimdirsə, iddia edir ki, bu ağacları o yolun kənarına Prezident İlham Əliyev gəlməmiş əkiblərmiş ki, cənab buradan keçəndə görsün. Dövlət başçısının Gəncə şəhərinə səfəri yekunlaşdığı və artıq bu ağaclara burada ehtiyac qalmadığı üçün də çıxarıb aparırlar.

O videonu çəkən və düşündüyü kimi şərh verən hər kimdirsə, məlumatsız ola bilər. Bunu dar bir düşüncəyə sahib olduğu üçün də etmiş ola bilər, məqsədli şəkildə, müəyyən şəxslərə qara yaxmaq üçün də... Təəssüf doğuran bilirsiz nədir? O videonu çəkən şəxs kimi dar düşüncəyə malik olanların çoxluq təşkil etməsi. KİV-lərin bu absurd iddianı ciddəyə alıb, Gəncə Şəhər İcra Hakimiyyətindən açıqlama tələb etməsi.

Həmin əraziyə ağac bir neçə il əvvəl də əkilmişdi, amma tutmadı. Həmin ağaclara görə hansımız heyfslənib, ağzımızı açıb, bir kəlmə söz dedik? Heçhansımız... Niyə? Çünki, nə o vaxt, nə də indi bura əkilən ağacların aqibəti heç birimizi maraqlandırmır. Maraqlandırsa, çıxarılan ağacların hara aparılıb əkildiyini də sual edərdik. Əsas xəbər ağac deyil! Əsas xəbər başqadır: “İcra başçısı Prezidenti aldadır!”. Özü də nə ilə? 5 dənə küknar ağacı ilə...

Yazımın əvvəlində illər əvvəl küçəmizdə əkdiyimiz ağaclardan əbəs yerə söz açmadım. Əzizlərim, Gəncə şəhərinin “prokat” ağaclara ehtiyacı yoxdur. Bəlkə də çoxları məlumatsızdır, deyim, bilin. Bu gün Gəncə şəhərinin küçə və prospektlərindəki yaşıllıq zolaqlarını bəzəyən bütün gül, çiçək, dekorativ kol və ağaclar elə bu torpaqda yetişdirilir. Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin “Gülçülük sahəsi”ndə... Hansı sahədən ki, işğaldan azad olunmuş torpaqlara da ağaclar göndərilir...

Hə, bəlkə kimin üçünsə maraqlı olar: hazırda o videoda gördüyünüz ərazidə MKTİB-in Yaşıllaşdırma şöbəsinin əməkdaşları çalışırlar. Çıxarılan və ya daha dəqiq, qurumaqdan xilas edilən ağacların yerinə, relyefə uyğun gül-çiçək və dekorativ kollar əkilir. Görülən işin həcmi, burada yaradılan yaşıllıq zolağının planının daha əvvəldən hazırlandığını deməyə əsas verir. Kim bilir, bəlkə o ağaclar da düşünülən bu kompozisiyanın bir hissəsiymişlər...

Nəysə, siz bunları düşünməyin. Səhər vaxt itirmədən, biriniz çıxıb həmin ərazidən bir video çəksin. Paylaşıb, yazın ki: “cənab Prezident, siz gələndə bu yolun kənarında boynu bükük 5 küknar ağacı var idi, amma indi...”.

FOTO / VİDEO
VİDEO