/ / Geridə qalan hər il bizi Qarabağa bir az daha yaxınlaşdırırmış... - GÜLNAR FAZİLQIZI

Geridə qalan hər il bizi Qarabağa bir az daha yaxınlaşdırırmış... - GÜLNAR FAZİLQIZI

175 Baxış

Geridə qalan hər il bizi Qarabağa bir az daha yaxınlaşdırırmış... -

Görməmişəm o yerləri,
Eşitmişəm deyənlərdən.
Danışırlar arada bir
Ötənlərdən, keçənlərdən…

Deyirlər gülüstan olub
Qarabağın hər güşəsi.
Cənnətdən gələn səs olub
Çayların həzin nəğməsi.

Söz yoximiş havasına,
Həm qışına, həm yazına.
Uzaqlardan eşidilən
Müğamın xoş avazına.

Görməmişəm, eşitmişəm…

İllər ötür, danışırlar –

Bülbülün gözəl səsindən,
Üzeyirin bəstəsindən,
Qəlblərinə kölgə salan
Xarıbülül həsrətindən.

Danışırlar, dinləyirik…

Görməmişəm o illəri,
Eşitmişəm deyənlərdən.
Hərdən olur, danışırlar
Ötənlərdən, keçənlərdən.

Deyirlər, odlar qalanıb
Qarabağın qəlbi yanıb.
İnsanların fəryadından
Dövrü-kainat dayanıb.

İnşanlıq məhv olub, o gün.
Həqiqət, mərhəmət susub
Qılınc, qan danışıb, o gün

İndi illər ötüb keçir,
Ayrı salır Qarabağdan.
Hər ötən gün bir azdaha
Uzaqlaşır Qarabağdan.

İllər ötür, biz sayırıq,
Saya-saya qocalırıq.

Danışırlar, dinləyirik, gözləyirik…


8 il əvvəl yazmışdım bu şeiri. Bir az həsrət, bir az kədər, bir az utanc, bir az kinayə qoxur misralar…

Biz, uşaqlığımızda gündəlik və dəftərlərimizin cildlərinin iç tərəfinə yazılan “Unutma!” nidalı işğal tarixlərini əzbərləməklə hökümlüydük. O tarixlər bizim “Qan yaddaşı”mız idi. Bilməmək böyük bir eyib idi… Biz, bütün əzbərləri pozduq!

AzTv-nin efirində belə bir fikir səsləndirildi bayaq: “Həsrətini çəkən körpələr böyüyüb, indi keşiyini çəkir, Şuşa”.

İllər ötdü, biz saydıq. 28 il yola saldıq. İndi anlayıram ki, geridə qoyduğumuz hər il bizi Qarabağa bir az daha yaxınlaşdırırmış...

“Qan yaddaşı”mız qanla təzələndi – “Zəfər yaddaşı” oldu. Nidamız da dəyişdi...

Vətənimin uzun müddət həsrət çəkən al-əlvan bağı Xarıbülbülünə qovuşdu.

Qarabağın qəlbi yenidən döyünür!


p.s. Biz unutmadıq! - "Qarabağ Azərbaycandır!"

08.05.2021
"Zəfər gündəliyi"ndən bir hissə

FOTO / VİDEO
VİDEO