/ / Şəhid xanımı - RUHƏNGİZ HACIYEVA

Şəhid xanımı - RUHƏNGİZ HACIYEVA

6 973 Baxış

"Şəhidlər ölməz", "Şəhidlərlə fəxr edirik, "Şərəfli ölüm nəsib olub" deyirik şəhidlər haqqında danışanda. Şəhid analarına, yarlarına, övladlarına təsəlli üçün bəzəkli cümlələr qururuq. Əlimizdən başqa nə gəlir ki?! Amma nə desək, nə etsək də ömürlük yaralarına məlhəm ola bilmirik.

Şəhid xanımı  -



Şəkildəki Nərgiz Məmmədova da həyat yoldaşı Zakir Məmmədovu 35 yaşında itirib. Gənc yaşda 3 körpə uşaqla qərib şəhərdə qalıb. Heç kimə ağız açmadan, öz zəhməti ilə, şəhidlik üçün verilən o pulla böyüdüb balalarını. Danışanda hamımız deyirik: "Halal olsun, kişi kimi böyütdü övladlarını, namusla, qeyrətlə yaşadı". Amma dərin düşünəndə görürük ki, bu qadınlar elə öz gəncliklərini də ərləri ilə birgə dəfn edirlər o torpağa. O məzar təkcə o şəhidin məzarı deyil, o yerdə bir qadının sevgisi, gəncliyi, təravəti də uyuyur. "Kişi kimi" ilə başlayan bütün cümlələrdə "nakam qadınlıq" var.



Nə qəribədir, aradan bir igidin ömrü qədər zaman keçir, qadın olur 60 yaşında, kişi dəyişməyən gənc yaşında...Nə düşünürlər görəsən ərlərinin məzarı başında olanda? İndi ərləri övladları yaşındadır. Onu övlad kimi əzizləyirlərmi görəsən? Çiyinlərinə düşən yükün ağırlığından şikayət edirlərmi ? Yarım qalan xoşbəxtliyin həsrəti ilk günkü qədər ürəklərini incidirmi hər o daşı qucaqlayanda?

Şəhidin həyat yoldaşı bu dünyadan köçəndə hamı deyir "ona qovuşdu". İndi biz də sənin üçün belə deyirik, Nərgiz xala. Deyirik ki, illərdir yolunu gözləyənin yanındadır. Bu dünyadakıların o dünyadakılarla bağlı tək təsəllisi budur - qovuşmaq. Qovuşun ki, bu dünyaya sığmayan gənclik sevdanız qaldığı yerdən davam etsin.

"Şəhid xanımları"na ithaf olunur...

FOTO / VİDEO
VİDEO