/ / İdmançılarımız uzun illərdir Azərbaycan xalqını layiqincə təmsil edirlər

İdmançılarımız uzun illərdir Azərbaycan xalqını layiqincə təmsil edirlər

62 Baxış

İdmançılarımız uzun illərdir Azərbaycan xalqını layiqincə təmsil edirlər

Beynəlxalq aləmdə qazandığı statusu, günü-gündən yüksəlişə doğru irəliləyən sosial-iqtisadi göstəriciləri olan Azərbaycan beynəlxalq sferada tolerant və multikultural ölkə olaraq tanınır. Bütün bu göstəricilərlə yanaşı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda isə onun layiqli davamçısı tərəfindən davam etdirilən uğurlu siyasətin banisi İlham Əliyev daim idman sahəsinə xüsusi diqqət ayırmışdır. Buna görə də Azərbaycanı təmsil edən idmançılarımızın beynəlxalq səviyyədə keçirilən yarışlarda əldə etdikləri medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsi, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınması ilə nəticələnib.

Ölkədə idmançılarımıza yaradılan xüsusi şərait idman sahəsinə olan diqqətin bariz nümunəsidir. Hazırda nəinki Bakıda, ölkəmizin bütün bölgələrində və hətta işğaldan azad edilmiş torpaqlarımızda belə müasir stadionların, idman komplekslərinin və müxtəlif idman qurğularının tikintisi azad edilmiş şəhərlərimizin baş planında öz əksini tapmışdır. Bu diqqət və qayğı bütün Azərbaycan vətəndaşları tərəfindən böyük qürur və rəğbət hissi ilə qarşılanır. Bu deyilənləri əsas götürsək belə qənaətə gələ bilərik ki, Azərbaycan idmanı hazırda yüksəliş dövrünü yaşayır. Qeyd etdiyimiz kimi ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində işlər də davamlı xarakter alıb. Bakı Olimpiya stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı və digər möhtəşəm idman obyektləri bunun göstəricisidir. İdman infrastrukturasındakı bütün bu müsbət inkişaf tendensiyası ölkəmizi beynəlxalq yarışların, dünya çempionatlarının keçirilməsi üçün əlverişli məkana çevirib. Təsadüfi deyil ki, belə möhtəşəm idman qurğuları 2012-ci ildə futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının, 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə futbol üzrə 17 yaşadək oğlanlar arasında Avropa çempionatının, 42-ci Ümumdünya Şahmat Olimpiadasının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının və qadınlar arasında voleybol üzrə Avropa çempionatının, habelə Formula-1 Azərbaycan Qran-prisinin yüksək səviyyədə təşkil olunmasına imkan verdi.

Zəngin və güclü idman ənənələri və peşəkar təşkilatçılığı ilə dünya idman aləmində söz və nüfuz sahibi olan Azərbaycan bu il də beynəlxalq səviyyədə keçirilən yarışda uğura imza atıb. Belə ki, idmançılarımız 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatında ölkəmizi layiqincə təmsil edərək 7-si qızıl olmaqla 16 medal qazanıblar, Azərbaycan himninin 7 dəfə səsləndirməsinə nail olublar. Komanda hesabında ölkəmizin komandası birinci yerə layiq görülüb. Bununla da idmançılarımız Azərbaycanın təkcə müharibə meydanında deyil, idmanda da qalib xalq olduğunu sübut ediblər. Martın 17-də Prezident İlham Əliyev tarixi qələbəyə imza atan güləş komandasının üzvlərini və məşqçiləri qəbul edərkən bildirib: “Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”.

İdmançılarımız uzun illərdir ki, Azərbaycan xalqını layiqincə təmsil edirlər. Bolqarıstanda qazanılmış qələbə bir daha sübut etdi ki, Azərbaycanda idman ənənələri güclüdür və günü-gündən inkişaf etməkdədir.

Nilufər Orucova
Azərbaycan Texnologiya Universitetinin Ümumi və tətbiqi fizika kafedrasının müəllimi

FOTO / VİDEO
VİDEO