/ / Azərbaycanda idman sahəsinin inkişafının əhəmiyyəti

Azərbaycanda idman sahəsinin inkişafının əhəmiyyəti

55 Baxış

Azərbaycanda idman sahəsinin inkişafının əhəmiyyəti

Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada aparıcı ölkələrdən biri kimi tanınır. Hər bir vətəndaşın idmana maraq göstərməsi və müntəzəm olaraq idmanla məşğul olması dövlətin diqqət mərkəzindədir. Təbii ki, dövlət tərəfindən idmanın kütləviliyi təmin edilərək ölkədə sağlam nəsil formalaşdırılır. Sözsüz ki, bu formalaşdırılırmış nəsil də Vətənimizin sağlam gələcəyi deməkdir. Müasir gənclərin hərtərəfli formalaşmış, rəqabətədavamlı yetişdiriliməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır.

Ümummilli lider Heydər Əliyev fiziki tərbiyə və idmanın inkişafına çox böyük diqqət ayırmış və öz çıxışlarının birində bu barədə belə demişdir: “İdmanın və bədən tərbiyəsinin inkişafı üçün görülən işlər, gələcəkdə görəcəyimiz işlər, dövlətin və hökumətin siyasətinin əsas istiqamətlərindən biridir”.

Respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı habelə, bütün idman növləri üzrə müstəqilliyimiz dövründə qazanılmış medalların sayının ilbəil artması xalqımızın ümummilli lideri Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev cənablarının bədən tərbiyəsi və idmana göstərdiyi diqqət və qayğının nəticəsidir.

Azərbaycanı müasir və güclü dövlət kimi fərqləndirən cəhətlərdən biri də ondan ibarətdir ki, ölkəmiz ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə, o cümlədən də idman yarışlarına böyük məsuliyyətlə yanaşır və özünün yüksək standartlarını tətbiq edir. Birinci Avropa Oyunlarının standartlarının Bakıda müəyyənləşməsi, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etməsi mütərəqqi nümunələr yaratmaqla yanaşı, ölkəmizin imkanları və nüfuzunu nümayiş etdirmiş oldu.

Məlumdur ki, Bolqarıstanda keçirilmiş Avropa çempionatında gənc güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atdılar, 16 medal qazanıldı, onlardan 7-si qızıl medaldır. Bu, çox böyük nailiyyətdir. Xüsusilə nəzərə almalıyıq ki, komanda hesabında bizim komandamız birinci yerə layiq görülmüşdür. Bu, bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir.

2022-ci il martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib. Görüş zamanı Prezidentimiz İlham Əliyevin qürur hissi ilə fikir bildirməsi diqqətlərdən qaçmamışdır: “Mən bilirəm ki, idmanın bütün növlərində, o cümlədən güləş idman növündə ildən-ilə rəqabət artır, müxtəlif ölkələrdə güclü idmançılar üzə çıxır və artan rəqabət şəraitində Avropada birinci olmaq, əlbəttə, böyük nailiyyətdir. Dövlət Himnimiz yeddi dəfə səsləndirildi. Əlbəttə ki, həm idmançılar, həm idman mütəxəssisləri, bütün Azərbaycan vətəndaşları bu qələbəni böyük qürur hissi ilə qarşılayıblar”.

İdmançılarımızın hər dəfə beynəlxalq arenalarda qazandıqları qalibiyyətlər, bayrağımızı ucaltmaları dövlətimizə şərəf gətirən amillərdir.
Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.

Prezidentimiz İlham Əliyevin idman sahəsinin inkişafı üçün göstərdiyi səylər və qəbul etdiyi qərarlar belə deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yeni zirvələri fəth edəcək və idmanın kütləviləşməsi prosesi özünün inkişafında yeni mərhələyə qədəm qoyacaqdır.

Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri



FOTO / VİDEO
VİDEO