/ / Türkiyənin Azərbaycana mənəvi dəstəyi ölkəmizin gücünü, qüdrətini daha da artırır - Naqif Həmzəyev

Türkiyənin Azərbaycana mənəvi dəstəyi ölkəmizin gücünü, qüdrətini daha da artırır - Naqif Həmzəyev

549 Baxış

Türkiyənin Azərbaycana mənəvi dəstəyi ölkəmizin gücünü, qüdrətini daha da artırır -

Hazırda dünyada Azərbaycan Türkiyə kimi bir-birinə bu qədər yaxın olan ikinci bir dövlət nümunəsi göstərmək mümkün deyil. Türk dünyasının ulu öndəri Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, ümummilli lider Heydər Əliyevin "Bir millət iki dövlət” ifadələri Azərbaycan-Türkiyə münasibətlərinin sarsılmazlığına, əbədiliyinə südutdur. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Millət vəkili iftixarla qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olub. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan - Türkiyə əlaqələri günü-gündən möhkəmlənir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub.

İlk gündən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləyib, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaldıb. Xüsusilə, bu günlər Azərbaycanın illərdir düşmən tapdağı altında qalan torpaqlarının azadlığı uğrunda mübarizəyə qalxdığı bir vaxtda Türkiyənin ölkəmizin yanında olması, haqq savaşımızı dəstəkləməsi tarixdən gələn qardaşlığımızın və dostluğumuzun ən bariz ifadəsidir.

Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir. Bu gün əzəli-əbədi torparlarının haqq mübarizəsini aparan Azərbaycanın yanında Türkiyə kimi böyük dövlətin olması dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara mesajdır. Türkiyə dövlətinin başçısının, dövlət rəsmilərinin, bütün türk cəmiyyətinin Azərbaycan xalqına verdiyi mənəvi və siyasi dəstək ölkəmizin gücünü, qüdrətini daha da artırır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında yaranmış dostluq və qardaşlıq münasibətləri ikitərəfli əlaqələrimizin bütün sahələrdə daha da genişlənməsinə öz müstəsna töhfəsini verir. Bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq ən yüksək səviyyədə davam etdirilir.
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin açılması, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Bakının Azadlıq Meydanında keçirilmiş hərbi parad, Türkiyədə Azərbaycan tərəfindən 6,3 milyard ABŞ dolları yatırım edilmiş "STAR” neft emalı zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP və TAP kimi enerji layihələri hər iki ölkə arasındakı birliyin, qardaşlığın möhtəşəm təntənəsidir.

Bu günlərdə Türkiyə vətəndaşlarının ölkə Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda da qardaş ölkənin dəstəyinin, dostluq, qardaşlıq münasibətlərinin, birliyin əsrlərin sınağından uğurla çıxdığı, 83 milyonluq Türkiyə xalqının hər zaman öz qardaşının yanında olduğu nümayiş etdirilib.
Eyni zamanda Türkiyənin İzmir şəhərində baş verən təbii fəlakət, zəlzələ hər bir azərbaycanlının dərin kədərinə səbəb oldu. Belə bir vaxtda Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətinin, Türkiyə Respublikasının keçmiş Baş Naziri, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, millət vəkili Binəli Yıldırımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri qardaş ölkənin ölkəmizə ifadə etdiyi dəstəyin əyani göstəricisidir. TBMM-nin Sədri Mustafa Şentopun, Türkiyə Gənclər Fondunun, Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin nümayəndələrinin ölkəmizə və Gəncəyə səfərləri, Türkiyə parlamentində təmsil olunan 4 partiyanın Azərbaycana birmənalı dəstək verməsi iki ölkə arasındakı dostluğun bariz nümunəsidir.

Azərbaycan ilə Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə Azərbaycan - Türkiyə dostluğunun, qardaşlığının qarşısını ala bilməz.

FOTO / VİDEO
VİDEO