Gəncə Kommersiya Məhkəməsinin kollektivi Heydər Əliyev Mərkəzini ziyarət edib
Gülnar Fazilqızı
17-02-2023 16:33
55 Baxış
Gəncə Kommersiya Məhkəməsinin əməkdaşları "Heydər Əliyev ili" çərçivəsində Gəncə şəhər Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər. Ekskursiyadan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq, xatirəsi böyük ehtiramla yad edilib. Mərkəzin direktor əvəzi İlknur İsgəndərova qonaqlara Gəncə şəhər Heydər Əliyev Mərkəzinin fəaliyyəti və Ulu Öndər Heydər Əliyevin Xatirə Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verib.
Ekskursiyadan sonra dəyirmi masa ətrafında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan misilsiz xidmətlərindən bəhs edilib. Gəncə Kommersiya Məhkəməsinin sədri Rəşad Məmmədov bildirib ki, 2023-cü il mayın 10-da Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasından 100 il ötür. Sədr öz çıxışında qeyd edib ki, 1990-cı ilin əvvəllərində ağır vəziyyətə düçar olmuş Azərbaycan xalqının yanında olmağa qərar verən Ulu Öndər Moskvadan Vətənə qayıtdı. 1993-cü ilin iyununda - Azərbaycan çox qorxunc təhlükələrlə üz-üzə qaldığı bir vaxtda xalq öz Ulu Öndərini köməyə çağırdı. Vətənin ağır vəziyyətinə biganə qala bilməyən Heydər Əliyev iyunun 9-da Bakıya gəldi. Ulu Öndər Heydər Əliyev həmçinin müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir. Möhkəm ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra ümummilli liderimizin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə yeni Konstitusiya qəbul edildi. Konstitusiyamızla Azərbaycanda demokratik quruluşun və hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq islahatlarının aparılmasına başlanılmışdır. Bununla əlaqədar yaradılan Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürərək Ulu Ğndər qısa müddət ərzində hüquq sisteminin əsasını təşkil edən mühüm qanun və məcəllələrin qəbul edilməsinə nail olmuşdur. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında bu dahi insanı xatırlayır, onun nəcib və uzaqgörən əməllərinin xoş nəticələri ilə rastlaşırıq.
Gəncə Kommersiya Məhkəməsinin hakimləri Kənan Vəliyev, Gülnaz Quliyeva və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova qeyd ediblər ki, Azərbaycan dövlətçiliyini, xalqımızın müstəqilliyini əbədiyyətədək yaşatmaq üçün Heydər Əliyev irsi, onun dövlət idarəçiliyi təcrübəsi misilsiz mənəvi sərvətlər xəzinəsidir. Ölkəmizin hər bir vətəndaşının bu nadir xəzinəyə yiyələnməsi, dahi şəxsiyyətin zəngin dövlət idarəçiliyi təcrübəsini, onun həyatının ən ağır anlarında belə doğma xalqına necə misilsiz sədaqətlə, cəsarətlə xidmət etməsini öyrənməsi Azərbaycanın parlaq gələcəyi deməkdir. Ulu Öndər Heydər Əliyevin “şah əsəri” olan Azərbaycan onun layiqli davamçısı – dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında bundan sonra daha da inkişaf edəcək, müəyyənləşdirdiyi strateji hədəflərə uğurla çatacaqdır.
Sonda “Xalqa bağışlanmış ömürdən anlar” adlı video-çarx nümayiş olunub.