/ / Gəncədəki vaksinasiya prosesi ilə bağlı rəsmi açıqlama - Yayılan xəbərlər təxribat xarakteri daşıyır

Gəncədəki vaksinasiya prosesi ilə bağlı rəsmi açıqlama - Yayılan xəbərlər təxribat xarakteri daşıyır

533 Baxış

Gəncədəki vaksinasiya prosesi ilə bağlı rəsmi açıqlama -

Bir sıra sosial şəbəkə hesablarında Gəncə şəhərində COVID-19 virusuna qarşı üçüncü doza vaksin olunmayanların işdən qovulacaqları barədə xəbərlər yer alıb. Paylaşılan məlumatlarda iddia olunur ki, Gəncə şəhərində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Həmkarlar İttifaqının sədri Şahin Şabanov işçilərə bildirib ki, üçüncü doza vaksin olunmayanlar işdən qovulacaq və bununla bağlı göstəriş Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən verilib.

Məsələ ilə əlaqədar olaraq, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktor köməkçisi Şahin Şabanovla əlaqə saxladıq. O, Azrnews.az saytına bildirdi ki, yayılan xəbər heç bir halda həqiqətə uyğun deyil və təxribat xarakteri daşıyır: “Hazırda dünyada davam edən COVID-19 pandemiyası ilə əlaqədar olaraq, institutun əməkdaşlarının peyvənd olunması ilə bağlı müəyyən işlər görürük. Xəstəliyin daha geniş yayılmasının qarşısını almaq üçün əməkdaşlarımıza peyvənd olunmaları tövsiyə olunur. Məlum xəbərdə adı keçən Əliyeva Nuriyyə Eldar qızı peyvənddən yayınmaq məqsədi ilə müxtəlif yollara əl atmış, xəstə olduğunu bildirmişdir. Belə olan təqdirdə, ondan xəstəliyi ilə bağlı arayış təqdim etməsi və səhhəti düzələnədək işə gəlməməsi tələb olunmuşdur. Mənim adımla paylaşılan xəbər cəfəngiyyatdan başqa şey deyildir. Mənə heç bir dövlət qurumu tərəfindən o cür göstəriş verilməyib”.

Məsələ ilə əlaqdar olaraq Gəncə Şəhər İcra Hakimiyyətindən isə bildirdilər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, 2021-ci ilin yanvar ayından etibarən ölkə üzrə koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir və Gəncə Şəhər İcra Hakimiyyəti də bu prosesdə yaxından iştirak edir. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları tərəfindən şəhər əhalisinin könüllü şəkildə vaksinasiya prosesinə cəlb olunması istiqamətində müntəzəm olaraq maarifləndirmə tədbirləri həyata keçirilir, onlara buster dozanın əhəmiyyəti barədə ətraflı məlumatlar təqdim olunur. KİV nümayəndələrindən bu cür qəzərli və təxribat xarakterli məlumatların paylaşılmaması, xəbər hazırlayarkən, jurlanistika etikasına uyğun olaraq, yalnız rəsmi mənbələrə istinad etmələri xahiş olunur.

FOTO / VİDEO
VİDEO