/ / Niyazi Bayramov Gəncə sakinlərinə müraciət edib

Niyazi Bayramov Gəncə sakinlərinə müraciət edib

76 Baxış

Niyazi Bayramov Gəncə sakinlərinə müraciət edib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərə müraciət edib. Müraciətdə deyilir:

"Hörmətli şəhər sakinləri və şəhərimizin qonaqları! Bir ildən artıq müddətdir ki, dünyada, eləcə də doğma Azərbaycanımızda yeni növ koronavirus infeskiyasına (COVİD-19) qarşı ciddi mübarizə aparılmaqdadır. Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim əhalinin sağlamlığını düşünürlər və onların rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır.

Məlumunuz olduğu kimi, cənab Prezident İlham Əliyevin göstərişi əsasında, Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Eyni zamanda, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Məhz dövlət başçısının müdrik və uzaqgörən siyasətinin nəticəsidir ki, Azərbaycan vaksin əldə edən ilk ölkələrdəndir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq, respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Gəncədə də pandemiyanın yayılmasının qarşısının alınması istiqamətində əməli tədbirlər həyata keçirilir və bu barədə şəhər ictimaiyyətinə müntəzəm məlumat verilir. Lakin qəbul etməliyik ki, infeksiyaya qarşı ən effektli mübarizə vasitəsi peyvənd (vaksin) hesab olunur. Hazırda şəhərimizdə vaksinasiya prosesi uğurla həyata keçirilir.

Əziz sakinlərimiz,
Biz birlikdə güclüyük! Birlik və həmrəylik nümayiş etdirməklə, vaksinasiya prosesində aktiv iştirak edək və pandemiyaya birgə qalib gələk. Unutmayaq ki, biz peyvənd olunmaqla özümüzlə yanaşı, yaxınlarımızı, doğmalarımızı, ümumiyyətlə, bütün cəmiyyətimizi qorumuş oluruq.
Hər birinizə sağlam həyat arzu edirəm.".

FOTO / VİDEO
VİDEO