Türkiyənin Gəncədəki yeni Baş konsulu Gəncə Tibb Kollecində olub
Gülnar Fazilqızı
04-02-2023 12:13
69 Baxış
Türkiyə Cümhuriyyətinin Gəncə şəhərinə yeni təyin olunmuş Baş konsulu Recep Öztop şəhərin köklü təhsil müəssiələrindən olan Tibb Kollecində olub. Qonaq əsası 1931-ci ildə qoyulan tibb ocağında yaradılan şəraitlə tanış olub, yeni, tam təmir olunmuş sinif otaqlarında quraşdırılmış elektron smart lövhələr, müasir əyani vasitələr, elektron kitabxana, tələbələrin uniformaları, siniflərin lazımı texniki avadanlıqlarla təchiz olunması, lazımi texniki vasitələrlə təchiz olunmuş müasir laboratorilar, keçirilən dərslərin səviyyəsi diplomatı yaxşı mənada təəcübləndirib.
“Mən Gəncə tibb kollecini ziyarət edərkən çox modern bir təhsil müəssisəni görməkdən çox məmnunam. Belə bir yüksək şəraitin Gəncədə yaradılması məni çox sevindirdi. Sinif otaqlarında müasir avadanlıqların quraşdırılması, robot və müasir texnikalarla təchiz olunan laboratoriyalar, tələbələr üçün yaradılan şərait gələcəkdə bu kollecdə çox peşəkar tibb işçilərinin yetişəcəyindən xəbər verir. Dərs deyən müəllimlərin bilik səviyyələri, böyük həvəslə tələbələrə bilikləri çatdırmaq istəkləri hiss olunurdu. Bu da onu göstərir ki, kollecin rəhbərliyi yüksək ixtisaslı tibb bacılarının və tibb personalının yetişdirilməsi üçün vacib addımlar atır”, - deyə, Baş konsul bildirib.
Kolleclə tanışlıq zamanı Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev diplomatın diqqətinə çatdırıb ki, kollec Türkiyənin tibb sahəsində çalışan qabaqcıl müəssisələri və təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. Bundan başqa təhsil müəssisəsi Türk İş birliyi və Koordinasiya Alyansı – TİKA ilə birgə layihələr reallaşdırırlar. M.Rzayev bu əməkdaşlığın bariz nümunəsi kimi müasir avadanlıqlarla təchiz olunmuş Əczakimya və analitika laboratoriyasını qonağın diqqətinə çatdırıb. Qeyd olunub ki, TİKA-nın xəttilə tələbə mübadiləsi proqramı çərçivəsində qardaş Türkiyədən və Almaniyadan 16 müxtəlif ali məktəblərin tələbələri Gəncə Tibb Kollecində olmuş və çox məmnun qalmışlar. Həmin səfər çərçivəsində türkiyəli tələbələr hərəyə bir ağac əkmiş və həmin ağaclar onların adları qeyd olunan lövhələrlə böyüyür.
Mehman Rzayev Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztopa vaxt ayırıb Gəncə Tibb Kollecini ziyarət etdiyi üçün dərin minnətdarlığını bildirib.