/ / ƏSGƏRDƏN MƏKTUB: "Bir məqsədimiz var idi: irəli getmək, görünmədən görmək, ölmədən öldürmək".

ƏSGƏRDƏN MƏKTUB: "Bir məqsədimiz var idi: irəli getmək, görünmədən görmək, ölmədən öldürmək".

502 Baxış

ƏSGƏRDƏN MƏKTUB:

Əgər xatırlayırsınızsa, Respublikamızda həyata keçirilən "Əsgərə məktub" layihəsinə biz də qoşulmuşduq. Vətən müharibəsi günlərində əsgərlərimizə məktub yazıb, çatdırılması üçün Gəncə Zabitlər Evinin "poçt qutusu"na salmışdıq.

Cəbhəyə Gülnar Fazilqızı imzası ilə göndəriyim məktubu dərc edib, ünvanına çatmasını böyük həvəslə gözləmiş, cavab alacağıma ümid etmişdim.

Bəli, məktub ünvanına çatıb, hələ cavab da almışam. Əsgərlərimizin icazəsi və istəyi ilə həmin cavabı sizinlə də bölüşürəm.

Qalib ölkənin qalib əsgərləri cəbhə bölgəsindən yazırlar:

ƏSGƏRDƏN MƏKTUB:

Foto: Kənan Kələşov

"Salam. Sizə yazan əsgər Kənan Kələşovdur. Bu məktubu döyüş yoldaşlarım Səbuhi Əlmirzəyev, Bəxtiyar Abbaszadə və Sarvan Rəhimovla birlikdə yazırıq. Mən və Səbuhi 2016-cı ildə Aprel döyüşləri zamanı Ağdamda xidmət etmişdik. Vətən müharibəsinə isə dördümüz də könüllü qatılmışıq.

Məktubunuzu Laçında alsam da hazırda Qubadlıdayam. Öncə onu qeyd edim ki, döyüşlərin getdiyi bir vaxtda sizdən, yəni arxa cəbhədən gələn məktubları almaq, onları oxumaq bizim üçün çox xoş idi. Bu məktublar bizə müsbət enerji verirdi, insanların bizə nə qədər qiymət veridyini göstərirdi ki, bu da çox gözəl və qürurverici bir hissdir. Bu məktublar arxa cəbhənin dəstəyinin bariz nümunəsidir ki, bu da gedən döyüşlərdə çox böyük rol oynayırdı.

Biz, yəni mən və döyüş yoldaşlarım Füzuli, Cəbrayıl, Xovavənd, Zəngilan, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak etmişik. Mən baş snayper, Səbuhi snayper, Bəxtiyar pulemyotçu, Sərvan isə “Qrad” reaktiv yaylım atəş sisteminin sürücüsü kimi... Bizim bir məqsədimiz var idi: irəli getmək, görünmədən görmək, ölmədən öldürmək. Sözsüz ki, döyüş asan deyildi, amma ən çətin anları əsgər qardaşlarımız yanımızda yaralanan, şəhid olarkən yaşayırdıq... Çünki burada qazanılan dostluq, yoldaşlıq başqa heç bir yerdə tapılan deyil. Misilsizdir və İnşallah ki, əbədi olar.

Sonda onu qeyd etmək istəyirəm ki, biz fəxr edirik ki, azərbaycanlıyıq. Fəxr edirik ki, Aprel döyüşlərində olduğu kimi, bu dəfə də Azərbaycan Ordusunun nə qədər güclü olduğunu sübut etdik. Fəxr edirik ki, 30 ilə yaxındır işğal altında olan toraqlarımızın düşmən tapdağından azad edilməsində biz də iştirak etdik".


Məktuba fotoşəkillər də əlavə olunub:

ƏSGƏRDƏN MƏKTUB:

Foto: Kənan Kələşov


ƏSGƏRDƏN MƏKTUB:

Foto: Bəxtiyar Abbaszadə


ƏSGƏRDƏN MƏKTUB:

Foto: Səbuhi Əlmirzəyev


ƏSGƏRDƏN MƏKTUB:

Foto: Sarvan Rəhimov

FOTO / VİDEO
VİDEO