/ / VPN nədir və necə işləyir? - EKSPERT FİKRİ

VPN nədir və necə işləyir? - EKSPERT FİKRİ

1 210 Baxış

VPN nədir və necə işləyir? -

Məlum olduğu kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını almaq üçün ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edir.

Bu məhdudiyyətlərdən sonra isə sosial şəbəkə istifadəçiləri arasında VPN-dən (Virtual Private Network) istifadə edənlərin sayı çoxalıb. Bəs VPN (virtual özəl şəbəkə) nədir? Necə işləyir? Nə qədər təhlükəsizdir?

VPN iki kompüter arasında olan məlumatları virtual tunellə şifrələyərək ötürən əlaqə vasitəsidir. Belə ki, VPN bağlantısı üzərindən istifadəçilər təhlükəsiz şəkildə informasiyanın ötürülməsini həyata keçirə bilərlər. Buna səbəb ötürülən informasiyanın adi qaydadan fərqli olaraq şifrələnmiş halda göndərilməsidir. Yəni VPN-lə bir nöqtədən digərinə informasiya göndərilərkən A nöqtəsində şifrələnən paket, B nöqtəsində deşifrələnir. Məhz buna görə bu texnologiya təhlükəli zonalarda daha geniş istifadə olunur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, VPN texnologiyasından istifadə zamanı informasiya münasibətlərinin qurulmasında üçüncü tərəf - tanınmayan bir şirkət iştirak edir. Bu zaman VPN-nin istifadəsində bir sıra risklər yaranır. Məsələn, fərdi məlumatların ələ keçirilməsi: yəni ötürülən məlumatlarla yanaşı, telefonda olan digər fayllar, habelə müxtəlif proqramlara girişi təmin edən login və parollar hər an götürülə və istifadə edilə bilər.

Metric Labs şirkətinin apardığı araşdırma nəticəsində bir çox VPN proqramlarının istifadəçilərin təhlükəsizliyini təmin etmədiyi məlum olub. Bu tədbiqlər sırasında "Turbo VPN", "VPN Proxy Master", "Snap VPN", "Secure VPN", "Psiphon", "Thunder VPN" və digərləri yer alır. Məsələ burasındadır ki, milyonlarla istifadəçisi olan "ödənişsiz" VPN proqramları xərclərini qarşılamaq üçün müəyyən yollara əl ata bilərlər... Ödənişsiz VPN-lərdən adətən dəqiqəbaşı ekrana gələn reklamları izləyərək istifadə etmək olur. Lakin şəxsi məlumatlarınızın götürülərək, müəyyən məbləğ qarşılığında 3-cü və 4-cü şəxslərə ötürülmə risk hər zaman var.

Unutmaq olmaz ki, bu gün fərdi informasiya təhlükəsizliyindən daha vacibi dövlətin təhlükəsizliyidir.

Mütəxəssislər ödənişsiz, istehsalçısı bəlli olmayan, istehsalçı şirkətin yerləşdiyi ünvan və ya əlaqə vasitəsi göstərilməyən tədbiqlərdən uzaq dayanmağı məsləhət görürlər. "Google chorme" brauzerinin əlavə tədbiqi olan "ZenMate", "TunnelBear" kimi VPN-lər nisbətən təhlükəsiz hesab edilə bilərlər.

Qeyd: Hazırda ölkə ərazisində sosial şəbəkələrlə yanaşı, bütün legal VPN proqramlarının da istifadəsinə məhdudiyyət tədbiq edilir.

FOTO / VİDEO
VİDEO