/ / Min bir dərdin dərmanı... ÇAY - VİDEO

Min bir dərdin dərmanı... ÇAY - VİDEO

241 Baxış

Min bir dərdin dərmanı... ÇAY -

Azərbaycanda elə bir ev olmaz ki, gün ərzində orada ən azı bir dəfə çay dəmlənməsin. Azərbaycanda özünəməxsus çaymədəniyyəti formalaşıb və çay təkcə susuzluğu yatırma vasitəsi hesab edilmir. Yəni azərbaycanlılar çay süfrəsi arxasında həm də söhbətləşir, deyib-gülür, bir-birinə ürəklərini açır, problemləri çözməyə çalışırlar…

Çay bitkisinin vətəni Çin hesab edilir. Bu ölkədə çay yarpağından hazırlanmış həlimin insan orqanizmi üçün faydalı olduğu bilinəndən sonra bu bitkinin becərilməsinə başlanılıb.Tədqiqatçıların araşdırmalarına görə, çayla bağlı ilkin məlumatlara 5 min il əvvələ aid olan Çin əlyazmalarında rast gəlinir.

Çayın Azərbaycana aid olan xüsusi növü var. “Azərbaycan çayı” adlandırılan bu növ əsasən ölkənin cənubunda becərilir. Çay azərbaycanlıların əsrlərdən bəri istifadə etdiyi, gündəlik tələbat duyduğu zəruri içki növü sayılır. Hələ qədim dövrlərdə saraylarda keçirilən rəsmi qəbullarda qonaqlara çay təklif edilərmiş. Elçilik mərasimlərində qonaqlara çay təklifi adəti isə bu gün də davam etməkdədir.

Azərbaycanda çay, adətən, armudu stəkanda içilir. Bunun konkret səbəbi olmasa da, insanlarda belə bir fikir formalaşıb ki, çayın armudu stəkanda içilməsi daha xoş təsir bağışlayır. Azərbaycanda çay süfrəyə, adətən, şirniyyat, mürəbbə, çərəz və limonla birlikdə verilir. Çox maraqlıdır ki, ölkəmizdə məclis və qonaqlıqlar həmişə çayla başlayır, çayla da yekunlaşır.

Min bir dərdin dərmanı... ÇAY -

Hər ölkədə çay müxtəlif cür dəmlənir. Sübut olunub ki, çayın keyfiyyəti ilə yanaşı, onun necə dəmlənməsinin də əhəmiyyəti böyükdür. Bu mənada samovar çayının dadı bir aləmdir. Dəmlənmə prosesinə gəlincə, adətən, çaynikə onun tutumundan asılıolaraq quru çay tökülür, onun həcminin 3/4 hissəsi təzə qaynadılmış su ilə doldurulur və 4-7 dəqiqə arası dəmə qoyulur. Dəm çayı qaynamamalıdır.Əks halda çayın keyfiyyəti aşağı düşür və ətri itir.

Azərbaycanda çay yalnız susuzluğu yatırtma vasitəsi olma mərhələsini bir növ geridə qoyub. Azərbaycanda susuzlayıb-susuzlamamasından asılı olmayaraq, qonaq qarşısına çay qoyulur. Bu, hər şeydən öncə, qonağa hörmətin əlaməti sayılır. Elçilik mərasimlərimizin də tacı çay sayılır. Hər halda, mərasimin sonunda razılıq əlaməti olaraq, şirin çayın içilməsi də buna dəlalət edir. Azərbaycanda bir çox problemlərin müzakirəsi də məhz çay süfrəsi arxasında aparılır. İllərlə çıxış yolu tapılmayan bir problem bəzən yarımsaatlıq çay süfrəsi arxasında oturub müzakirə olunmaqla həll edilir.
Sizə ətirli çay süfrəsi arxasında mənalı istirahət və könülxoşluğu arzulayırıq.



Mənbə: kayzen.az
Video: Pərvin Məmmədov

FOTO / VİDEO
VİDEO