/ / Ulu öndər Heydər Əliyev vətəninə və xalqına sədaqətlə xidmət etmiş fenomen şəxsiyyətdir!

Ulu öndər Heydər Əliyev vətəninə və xalqına sədaqətlə xidmət etmiş fenomen şəxsiyyətdir!

19 Baxış

Ulu öndər Heydər Əliyev vətəninə və xalqına sədaqətlə xidmət etmiş fenomen şəxsiyyətdir!


Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt tarixi şans, milli iradə və liderə malik olmasıdır. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Siyasi lider sadəcə, siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir. Tarixən hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində təsəccümünü tapmışdır. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.

Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də tarixi ənənə və təməl üzərində milli ideologiyanın formalaşması və inkişafı naminə misilsiz xidmətlər göstərmiş, milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. Çağdaş tariximizə öz möhürünü vurmuş Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideya dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ümummilli liderə xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı yaratmışdır. Ümummilli lider hakimiyyətdə olduğu müddətdə Azərbaycan cəmiyyətinin vahidliyini, bütövlüyünün təmin olunmasını özünün strateji vəzifəsi saymışdır. Ulu öndər cəmiyyətin vahidliyini təmin edərək, onun müxtəlif istiqamətlər – sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət amili baxımından parçalanmasına imkan verməmişdir. Bu, Azərbaycan dövlətçiliyinin yaşaması, inkişaf etməsi baxımından ən düzgün seçim idi və ötən illərin reallıqları da bunu təsdiqləmişdir. Heydər Əliyev şəxsiyyəti bütün sistem və ölçülərin, ictimailəşmiş qəliblərin fövqündə dayansa da, bu ucalıq onun böyük dövlət xadimi, görkəmli ictimaisiyasi xadim və bunlardan da əvvəl – Böyük Azərbaycanlı olması faktını qətiyyən istisna etmir. “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” – deyən böyük strateq azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirmişdir. Şəxsiyyətinin böyüklüyü və miqyası kimi daha iri ölkələrə rəhbərlik etmək imkanında olan Heydər Əliyev Azərbaycan adlı qədim diyarı az qala, qarış-qarış gəzərək, rəhbər kimi onun hər bölgəsinə silinməz izlər salmış, sağlığında xalq üçün gördüyü nəhəng işlərlə özü-özünü əbədiləşdirmişdir. Heydər Əliyev bizim dahi müasirimizdir. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Azərbaycan xalqının milli lideri, müdrik rəhbər və dahi şəxsiyyətin əziz və işıqlı xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının milli lideri, zəmanənin böyük siyasi xadimdir. Heydər Əliyev hər zaman türklərin qəlbində yaşayacaq əfsanədir.

2003-cü ilin dekabrında ümummilli lider Heydər Əliyevi itirməsi bütün cəmiyyətimizi sarsıtdı. Lakin kədərimiz nə qədər ağır olsa da, xalqımız özünün görkəmli oğlu Heydər Əliyevin ideyalarına sadiq qalaraq, onun bizə əmanət qoyduğu müstəqil dövlətçiliyimizi yaşadıb inkişaf etdirmək üçün qüvvələrini səfərbər etdi, Ümummilli liderin siyasi varisi Prezident İlham Əliyevin hər bir vətəndaşın maraqlarını ifadə edən siyasi kursuna dəstək verdi. “Əmin ola bilərsiniz ki, mən Heydər Əliyevin başladığı bütün işləri axıra çatdıracağam” – söyləyən Prezident İlham Əliyev ulu öndərimiz tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu davam etdirməklə, Azərbaycanımızı indiki firavan günlərə çatdırmış və gələcəyə, sabaha möhkəm təminat yaratmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir. İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq və regional problemlərin həllində də rolu və nüfuzu getdikcə artır. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi ermənipərəst jurnalistlərin təxribat dolu suallarına; tarixi faktlar və dəlillərlə cavablandırmışdır. Azərbaycan Prezidenti İlham Əliyev bir çox ölkənin və beynəlxalq təşkilatların fəxri adları və mükafatlarına layiq görülmüş, AŞPA-nın fəxri üzvü diplomu və medalı ilə təltif olunmuşdur. Həqiqət budur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Bütün bunların təməlində isə, uzaqgörən və müdrik siyasətin banisi olan Ulu Öndərimizin siyasi kursunun layiqli davamı və etibarlı xələfi funksiyasının yüksək səviyyədə icrasıdır.

Hamımıza məlumdur ki, iki gün öncə Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Şuşadan Azərbaycan xalqına müraciət edib. Müraciətdə bildirilirdi ki,bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bildiyiniz kimi, 2023-cü il Cənab Prezidentin sərəncamı ilə “Heydər Əliyev İli ” elan olunmuşdur. İlin əvvəlindən bu günə qədər və ilin sonuna qədər həm ölkəmizdə, həm müxtəlif ölkələrdə bir çox tədbirlər keçirilmişdir. Hamı əlbəttə ki, böyük Liderin xatirəsinə böyük hörmətlə yanaşır. Cənab Prezident bildirdi ki, “bu gün Ulu Öndərin əziz xatirəsinə hörmət edərək biz, bax, bu Zəfərə, bu Qələbəyə hər zaman layiq olmalıyıq, hər birimiz, hər bir yerdə. Bu Zəfər, eyni zamanda, hər birimizin üzərinə əlavə məsuliyyət qoyur. Biz bu Zəfərə layiq olmalıyıq. Əminəm ki, belə də olacaq.Bu gün Qarabağ dirçəlir, Zəngəzur dirçəlir, biz öz doğma torpaqlarımızda qururuq, yaradırıq. Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik. Necə ki, Ulu Öndərin vəsiyyətini yerinə yetirərək öz doğma torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüzü bərpa etdik, aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qurduq, orada Azərbaycan Bayrağını qaldırdıq, ərazi bütövlüyümüzü tam bərpa etdik, eləcə də mülki missiyamızı - bu gözəl diyarın bərpası missiyasını da şərəflə yerinə yetirəcəyik.Mən əminəm ki, bu gün atamın ruhu şaddır, bu gün bizim bütün əcdadlarımızın ruhu şaddır. Biz elə etməliyik ki, öz fəaliyyətimizlə daim onların ruhunu şad edək”. Sonda deyə bilərik ki, nə qədər ki, Ulu öndər Heydər Əliyev ideyaları var və yaşadılır Azərbaycanımız daim yüksələcək və dünyaya öz şöhrəti ilə nur salacaqdır!

Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO