Şuşa ilindən müstəqil Azərbaycanın Memarının ilinə!
Gülnar Fazilqızı
09-05-2023 17:56
39 Baxış
Nəinki 2023-cü il, Azərbaycanın 1960-cı illərinin sonundan başlanan və XXI əsrə adlayan tarixinin 35 illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz tərəfindən ölkəmizin və millətimizin amal və mənafeyini, iqtisadi və mənəvi inkişafını, cəmiyyətin tərəqqi və intibah mərhələlərini müəyyənləşdirən illərin adlandırmasına fikir versək, bunun həqiqətən də strateji məqsədləri özündə əks etdirdiyini görə bilərik. “Gənclər”, “İnformasiya texnologiyaları”, ”Sənaye”, “Multikulturalizm”, “İslam həmrəyliyi”, “Cümhuriyyət”, “Nəsimi” illərindən keçdik, “Könüllülər ili”ndə hamılıqla vətən üçün canımızı, gücümüzü birləşdirib milli şərəf məsələmizi həll etdik, Ali Baş Komandanımızın rəhbərliyi ilə doğma torpaqlarımızı qaytardıq, sonrakı ili dahi mütəfəkkirimizin adı ilə bağlayaraq, bir daha dünyaya Nizami fəlsəfəsinin hökmünü, xalqımızın bəşəri ideyalar daşıyıcısı olduğunu çatdırdıq və “Şuşa İli”nə mənəvi yüksəliş və quruculuq amalları ilə qovuşduq! Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 29 sentyabr 2022-ci ildə imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi də məhz bu illərin, xüsusilə də 35 illik zamanın təntənəsi, zirvəsi, kulminasiya nöqtəsi oldu. Azərbaycanı dünyaya doğan günəşə çevirməyi qarşısına məqsəd qoyan ümummilli lider Heydər Əliyev bütün həyatı boyu da bu əqidəsindən, fəaliyyətindən dönmədi, sarsılmadı və arzularını gerçəyə çevirdi. Əlbəttə ki, o yaxşı bilirdi ki, Yunus Əmrənin ifadəsi ilə desək “ Bu yol uzaktır, mənzili çoktur, Geçidi yoktur, dərin sular var”, amma yenə də ömrünü həsr etdiyi doğma Azərbaycanının o dövrki çiləli, əzablı və məşəqqətli vəziyyəti Ulu Öndəri sarsıtmadı, yıxa bilmədi. Ona görə yıxa bilmədi ki, qəlbi Azərbaycan boyda idi. Ona görə sarsıda bilmədi ki, O elə ən çətin günlərin adamı idi. Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldiyi hər iki dövrdə Ölkəmiz ən çətin günlərini yaşayıb. Və yalnız O gəldikdən sonra Azərbaycan yaşadığı ən taleyüklü çətin problemlərdən qurtulmuş gələcəyə inamla, ilhamla irəliləmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının 30 illik yubileyində Ulu Öndər haqqında danışarkən söylədiyi :“Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır. ” fikirləri Müstəqil Azərbaycanın Onun şah əsəri olduğunu bir daha təsdiqləyir. Heydər Əliyevin fəakarlığı ölçüyəgəlməz miqyasda olmuşdur. Azərbaycan üçün, Azərbaycan xalqı üçün nümayiş etdirdiyi fədakarlıq nümunəsi şəxsi həyatı kontekstində övladlarının müstəqil Azərbaycanın yaşaması uğrunda qurban verməyə hazır olması ilə ölçülür ki, bu da ancaq Heydər Əliyev şəxsiyyətinə, dühasına məxsus ola bilərdi. Ulu Öndər deyirdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarımıza, torpağıma xidmət edim... Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”.Məhz belə bir Azərbaycan sevgisinə sahib olan şəxs ölkəni irəli apara bilərdi.
Ulu Öndər Heydər Əliyevin fəaliyyəti tarixən Azərbaycanın müstəqilliyi uğrunda çalışıb, ancaq onu əbədi, dönməz, daimi edə bilməyən mütəfəkkirlərimizin, aydınlarımızın yarımçıq qalan arzularının reallaşmasını, həyata keçməsini təmin etdi. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, repressiya qurbanlarının, ümumən ölkəmizin müstəqilliyini, suverenliyini görmək istəyib, lakin görə bilməyən ədiblərimizin görmək istədikləri bir müstəqil Azərbaycan qurdu Ulu Öndər Heydər Əliyev.
Akademik İsa Həbibbəyli yazır: “Qeyd etmək lazımdır ki, yeni tarixi epoxada Azərbaycanda dövlət müstəqilliyi ideyasının müəllifi və müstəqillik uğrunda mübarizənin lideri Heydər Əliyev olmuşdur. Bu, uzaqgörən dahi lider hələ sovet hakimiyyəti dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə dövlət səviyyəsində həyata keçirdiyi mühüm tədbirlərlə xalqımızı və ölkəmizi dövlət müstəqilliyinə hazırlamaq vəzifəsini qabaqcadan həyata keçirmişdir. Heydər Əliyevin rəhbərliyi ilə milli mədəniyyətin və ədəbiyyatın inkişaf etdirilməsi ilə milli şüurun formalaşdırılması, elmi və bədii əsərlər vasitəsilə milli-mənəvi dəyərlərimizin bərpası və yaşadılması, Azərbaycan dilinin 1978-ci ildə Azərbaycan Sovet Respublikasının Konstitusiyasına daxil edilməsi, Cəmşid Naxçıvanski adına hərbi məktəbi təsis etməklə azərbaycanlı hərbçi kadrlarının formalaşdırılması və sair kimi məsələlər xalqımızı gələcək dövlət müstəqilliyinə hazırlamaq missiyasını həyata keçirməyə xidmət edirdi”.
Heç şübhəsiz ki, Ulu Öndərin hələ Azərbaycana rəhbərlik etdiyi Sovet Hakimiyyəti illərində də daim istiqlaliyyətimizi düşünmüş və bütün fəaliyyət istiqamətlərini bu amal uğruna kökləmişdir. “Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki və mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır ” deyən Ulu Öndər məhz özü bu bariz nəticənin müəllifi, subyekti idi. Heydər Əliyev zəngin dühası və dövlətçilik təcrübəsi ilə həyata keçirdiyi strateji fəaliyyətinin son ucunu, bəhrəsini o əsrdən bu yüzillikdə görə bilən dünya səviyyəli dövlət xadimi, siyasətçisi idi. O özünəməxsus unikal idarəçiliklə xalqımızı özündən başqa kimsənin görə bilmədiyi, bəlkə, xəyal edə bilmədiyi əbədi, dönməz və sarsılmaz müstəqilliyə hazırlayırdı. 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi, Vətənimizin hər yerində vaxtilə repressiyalara, haqsızlığa uğramış mütəfəkkirlərə abidələrin ucaldılması, xatirələrinin əbədiləşdirilməsi kimi saysız-hesabsız fəaliyyətləri, əlbəttə ki, böyük, uzaqgörən planın, təfəkkürün tərkib hissələri idi. Və sözsüz ki, XX əsrin 80-ci illərinin sonunda başlayan milli azadlıq ideyalarının, çağırışlarının rüşeymlərini dahi Lider Heydər Əliyevin 1960-cı illərinin sonlarından Azərbaycana rəhbərlik etdiyi dövrlərdə axtarmaq lazımdır. Azərbaycan Respublikasının Prezidenti, Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağı işğaldan azad etdikdən sonra, doğma torpaqlarımıza səfəri zamanı söylədiyi “Biz bu vəziyyətlə barışmadıq və mən dəfələrlə deyirdim ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq. Siyasi, iqtisadi, hərbi, mənəvi istiqamətlərdə, gənc nəslin tərbiyə edilməsi istiqamətində məqsədyönlü siyasət aparılırdı və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda. Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpağımızı düşmənin əlindən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi ” fikirləri, kəlmələri həm də tarixə işıq tutan bir baxış bucağıdır. Bu mənada qətiyyətlə deyə bilərik ki, keçən əsrin 80-ci illərinin sonları və 90-cı illərinin əvvəllərində meydana gələn və müstəqilliyimizlə nəticələnən hərəkatı formalaşdıran insanlar Ulu Öndərin hakimiyyəti dövründə yetişən insanlar oldu. Çünki heydər Əliyev kimi şəxsiyyətlərin niyyətləri də, əməlləi də eyni amal uğrunda olur. Təsadüfi deyil ki, 1990-cı il 20 yanvar hadisələrində xalqımızın azadlıq mübarizəsi boğulmağa çalışılarkən qürbət diyarda olsa da, xalqımızın səsinə ilk səs verən də yenə ulu Öndər Heydər Əliyev olmuşdur. Bəhs etdiyimiz dövrün gerçək reallıqlarını geniş təhlil edən akaddemik Rafael Hüseynov yazır: “Ölkənin kütləvi informasiya vasitələrinin fəaliyyətinin dayandırıldığı, xalqın informasiya almaq hüququndan məhrum edildiyi bir dövrdə Ulu Öndər Heydər Əliyevin, eləcə də Azərbaycan ziyalılarının Qanlı Yanvar faciələri zamanı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördükləri işlərdən bəhs edib, dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə 20 Yanvar dəhşətləri ilə bağlı verdikləri müsahibələrdən söz açıb. Xatırladıb ki, bu qanlı hadisənin ertəsi günü xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev özünün və ailəsinin həyatını təhlükəyə ataraq İlham Əliyevlə birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gedərək mətbuat konfransında bu vəhşiliyi qətiyyətlə pisləyib, qətliamın başvermə səbəblərini açıqlayıb, 20 Yanvar faciəsini bütün dünyaya bəyan edib”.
Çox uzaq deyil, yaxın keçimişimizdə baş verən hadisələrə bu kotekstdən yanaşdıqda bizlərə də gün kimi aydın olur ki, Azərbaycanın Heydər Əliyev yolundan başqa bir yolu olmadığı kimi, Ulu Öndərin qoyduğu strategiyanı, yolu layiqincə davam etdirərək Ata vəsiyyəti ilə torpaqlarımızı düşmən tapdağından azad edən Müzəffər Ali Baş Komandan İlham Əliyevdən də başqa müasir, güclü Liderimiz də ola bilməz!
Əlimuxtar Muxtarov
AMEA-nın Gəncə bölməsinin filologiya üzrə fəlsəfə doktoru