/ / Ümummilli Liderin zəngin irsi gələcək nəsillərin yolunu işıqlandırır

Ümummilli Liderin zəngin irsi gələcək nəsillərin yolunu işıqlandırır

44 Baxış

Ümummilli Liderin zəngin irsi gələcək nəsillərin yolunu işıqlandırır

Böyük azərbaycanlı, Ümummilli Lider kimi əbədilik qazanan Heydər Əliyevin adı dünyanın ən nəhəng siyasətçiləri ilə bir çəkilir. Dahi şəxsiyyətin Vətən, xalq qarşısında əvəzsiz tarixi xidmətləri Ulu Öndəri dünya tarixinə qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi əbədi həkk etdirib.

Ölkəmizin tarixinin ən yüksək zirvəsinə xilaskar və qurucu lider kimi ucalan Ulu Öndər Heydər Əliyevin yaşadığı ömür Azərbaycan xalqının, dövlətçilik, müstəqillik, demokratiya tarixini özündə əks etdirir. Ümummilli lider Heydər Əliyevin xalqına bağlılıq, el-obaya məhəbbət hisləri ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında hər zaman öndə gəlib.

Bu gün Azərbaycanın həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilməsinin bünövrəsində müdrik dövlət xadimi Heydər Əliyevin dərin zəkası ilə həyata keçirilən müdrik və uzaqgörən siyasəti dayanır.

Ulu Öndərin tarixin çətin, mürəkkəb və böhranlı siyasi-iqtisadi dövrlərində milli təəssübkeşlikdən çıxış etməsi, problemlərin həlli üçün əsl vətəndaşlıq nümunəsi göstərməsi Onu xalqın Ümummilli Liderinə çevrib. Heydər Əliyevin 1969-cu ilin yayından Azərbaycana rəhbərlik etməyə başladığı elə ilk günlərdən respublikanın inkişaf prosesləri başlayıb. Ulu Öndər Heydər Əliyevin yenilikçi təşəbbüsləri ilə həyata keçirilən genişmiqyaslı islahatlar yeni iqtisadi potensialın formalaşdırılmasına, o cümlədən sosial-mədəni həyatın canlandırılmasına, milli-mənəvi dəyərlərin dirçəldilməsinə təkan verib. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda siyasi böhran ən yüksək həddə çatdığı bir vaxtda da ölkəmizin parçalanmasına və müstəqilliyimizin itirilməsinə yönəldilmiş cəhdlərin qarşısını almağı bacaran yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyev olub. Müdrik dövlət xadimi ölkəmizin və millətimizin müqəddəratının həll olunduğu son dərəcə mürəkkəb və təhlükəli məqamlarda öz üzərinə düşən xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirərək ölkəmizi zamanın ağır sınaqlarından şərəflə çıxmasına nail olub. Azərbaycanı bütün dünyaya tanıdan görkəmli siyasətçi, türk dünyasının böyük oğlu Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin, müstəqilliyimizin qorunub saxlanması naminə göstərdiyi xidmətlər sayəsində ölkəmiz fəlakətdən xilas oldu, əmin-amanlıq bərpa edildi. Dahi şəxsiyyət Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi.

Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün onun layiqli davamçısı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır. İllər keçəcək, Ümummilli Liderin ömür yolu, zəngin irsi, liderlik məktəbi gələcək nəsillərin yoluna işıq saçacaq.

Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının məsləhətçisi

FOTO / VİDEO
VİDEO