Azərbaycançılıq məfkurəsinin banisi Ulu Öndər Heydər Əliyev
Gülnar Fazilqızı
08-05-2023 12:40
67 Baxış
Azərbaycançılıq hər bir Azərbaycan vətəndaşının əsas milli amalı onun qürur mənbəyi olmalıdır. Necə ki, ümummilli liderimiz azərbaycanlı olmağı ilə qürur duymuş bu xalqın və bu dövlətin yaşamasına bütün həyatını həsr etmişdir.
Ulu Öndər Heydər Əliyev Azərbaycançı xalqın formalaşmasında və azərbaycanlıların dövlətçilik fəaliyyətində müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Sovet ittifaqının dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən, dinindən və milli-mənəvi dəyərlərindən asılı olmayaraq bütövlükdə dövlətçilik ənənələrinin formalaşdırılmasında mühüm işlər görmüş Ümummilli lider sonralar 1990-cı illərin əvvəllərindən başlayaraq ölkəmizdə yeni istifadə edilərək inkişaf etdirilən azərbaycançılıq ideologiyasının mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. Azərbaycançılıq ideologiyası xüsusən də yeni müstəqillik əldə etmiş respublikanın hüquqi və demokratik dövlət kimi möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün Ulu Öndər tərəfindən irəli sürülmüş əvəzedilməz bir ideologiyaya çevrilmişdir.
Həmin dövrdə Azərbaycanda ən qabaqcıl texnologiyanın istehsalı, elmin qabaqcıl nailiyyətlərinin istehsalata tətbiqi, yüzlərlə gəncin Sovet İttifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, böyük alim ordusunun yetişməsi, xalq təsərrüfatının dinamik inkişafı, mədəniyyətin çiçəklənməsi, təhsilin inkişaf etdirilməsi sürətlə gedirdi. Ulu öndər Heydər Əliyevin gerçəkləşdirdiyi bu siyasətin təməlində Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsinin dayandığı, Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra daha aydın anlaşılacaqdı. Belə ki, azərbaycançılıq ideologiyası bir termin kimi yaranma tarixi 1990-cı illərin əvvəllərinə təsadüf etsə də qü rurla qeyd edə bilərik ki, istər sovet dövründə, istərsə də Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdikdən sonra ölkədə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər Ulu Öndərin ideyalarının layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra azərbaycançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları xüsusən müstəqilliyin ilk illərində ölkədə baş verən ifrat millətçilik və separatçılıq mühitində dövlətçiliyə, ümumi birliyə, bir xalq kimi formalaşmağa çağırmaqdan və bu istiqamətdə düzgün inkişaf etdirməkdən ibarət idi. 1990-ci illərin əvvəllərində elə təzəcə müstəqilliyini qazanmış Azərbaycan Respublikası Ermənistanın hərbi təcavüzü, dərin siyasi, iqtisadi və sosial böhranla üzləşmişdi. Ölkənin düşdüyü belə bir şəraitdə Azərbaycan xalqı xilaskar kimi Heydər Əliyevi gördü və Onu ölkəyə rəhbərlik etməyə dəvət etdi.
Ötən illər ərzində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir. Belə ki, 1988-ci ildən Ermənistanla Azərbaycan arasında davam edən müharibə nəticəsində 20 faiz Azərbaycan torpaqlarının işğal faktını heç vaxt qəbul etməyən Azərbaycan münaqişənin birdəfəlik köklü həll olunması və ərazilərin işğaldan azad olunaraq köçkün və qaçqın soydaşlarımızın öz torpaqlarına geri qayıtması tələb kimi ortaya qoyulmuşdur. Bunun nəticəsi olaraq 2020-ci ildə 44 günlük müharibə dövründə biz Azərbaycan xalqının bir an belə dayanmadan necə vahid bir gücə çevrildiyinin və böyük əzm ilə vətəndaş borcunu göstərərək Müzəffər Orduya rəhbərlik edən Cənab Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək “Dəmir Yumruğa” çevrildiyinin şahidi olduq. Məhz azərbaycançılıq ideologiyası 30 ildən bəri davam edən münaqişənin bitməsinə və Azərbaycanın qələbə çalmasına yol açdı.
Biz azərbaycanlılar bundan sonra da azərbaycançılıq məfkürəsinin davam və inkişaf etdirilməsini, onun bütün dünya azərbaycanlıları arasında da geniş yayılmasını, milli-mənəvi dəyərlərimizi, eləcə də adət-ənənələrimizi daima yaşadaraq vahid bir ideologiya ətrafında birləşdirilməsini və azərbaycançılığı Azərbaycan dövlətinin milli siyasi məfkurəsinə çevirməliyik.
Azərbaycan Texnologiya Universiteti
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir
Şahmar Umud oğlu Həsənov