Azərbaycançılıq məfkurəsinin müdrik ideoloqu
Gülnar Fazilqızı
07-05-2023 20:50
43 Baxış
Azərbaycanın XX əsrin son 30 ildən çox inkişaf mərhələsi böyük dövlət xadimi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O, Azərbaycanın ictimai-siyasi, iqtisadi və milli-mənəvi inkişafında olduqca böyük rol oynamışdır. Ulu Öndər, öz xalqının dahi oğlu olmaqla yanaşı, həm də dünyanın ən qüdrətli tarixi simaları sırasına yüksəlmiş nadir şəxsiyyətdir.
Ümummilli lider Heydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu öndərin möhtəşəm bir fikrinə diqqət çəkmək istəyirəm: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun.”
Bütün həyatını Azərbaycanın yüksəlişinə və çiçəklənməsinə sərf etmiş ümummilli lider Heydər Əliyev xalqımızın milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin qorunub saxlanması və zənginləşdirilməsinə hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Görülən bütün bu işlər milli ruhun və milli mənlik şüurunun inkişafına əsaslı zəmin yaradırdı. Burada qeyd etmək istərdim ki, milli şüur və ruhun formalaşmasında ana dili xüsusi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyev sovet hakimiyyəti dönəmində Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi üçün həqiqətən də, tarixi addımlar atmışdır. Azərbaycanda yüksək vəzifələr tutan bir çox şəxslərin öz doğma ana dilinə xor baxdığı, onu hətta unutduğu bir zamanda, Heydər Əliyev yüksək kürsülərdən hər zaman məhz öz ana dilində mükəmməl çıxışlar edirdi. Bu, dahi rəhbər, fenomenal şəxsiyyət örnəyi idi.
1990-1993-cü illər Azərbaycan tarixinə anarxiyanın, xaosun hökm sürdüyü bir dövr kimi daxil oldu. Xarici düşmən qüvvələr Azərbaycanı parçalamaq məqsədi ilə milli etnik münaqişələri qızışdırır və o dövr Azərbaycan hakimiyyətinin səriştəsizliyi, dövlət idarəçiliyində yol verilmiş kobud səhvlər isə buna münbit şərait yaradırdı. Nəticədə ölkə ağır siyasi və sosial-iqtisadi burulğana düşmüş, mədəniyyət və incəsənət sahəsi də bundan öz nəsibini almışdı.
Belə bir vəziyyətdə dahi siyasətçi, xarizmatik lider Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə - 1993-cü ildə hakimiyyətə gəldikdən sonra böyük cəsarətlə həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam sabitlik yarandı, beynəlxalq aləmdə Azərbaycanın nüfuzu xeyli artdı. Milli müstəqillik xəttini məqsədyönlü şəkildə həyata keçirən ölkəmiz vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas oldu. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir.
Heydər Əliyevi şəxsiyyət, dövlət xadimi və lider kimi dəyərləndirən aparıcı keyfiyyətlər sırasında millilik, milli köklərə bağlılıq daim öndə olub. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından kənarda qalsın. Musiqi, heykəltəraşlıq və rəssamlıq, teatr və kino, xalça sənətinin və digər sahələrin bugünkü inkişafında ulu öndərin dəyərli ideyalarının bəhrəsidir. Bununla, dahi rəhbər Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoymuşdur.
Ulu öndər sözün əsl mənasında, Azərbaycanın ən böyük sərvəti hesab olunan milli-mənəvi dəyərlərin və mədəniyyətimizin himayədarı idi. O, azərbaycançılığı milli ideya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın bir parçası hesab edirdi: "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq". Hər zaman vurğulayırdı ki, yalnız milli kimliyi bəlli olan və özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf konsepsiyası ola bilər. Heydər Əliyev nəinki bu konsepsiyanı yaratdı, həm də çox böyük ustalıqla, səbir və təmkinlə həyata keçirdi. "Mən fəxr edirəm ki, azərbaycanlıyam!", - deyən ümummilli lider bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durdu.
Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayında azəbaycançılıq ideologiyasının əsasını qoyan proqram xarakterli çıxışında deyirdi: "Azərbaycan xalqı böyük, qədim tarixə malikdir. Çoxəsrlik tariximizdə xalqımız bir çox sınaqlardan çıxmış, yaşamış, öz mənliyini itirməmiş, öz milliliyini itirməmiş, dünya sivilizasiyasına dəyərli töhfələr vermiş, dünya sivilizasiyasını zənginləşdirmişdir. Ancaq tarixin müxtəlif mərhələlərində azərbaycanlılar bəzi məhrumiyyətlərə düçar olmuşlar. Ona görə də bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir…”
Tarixi bəsirəti, irəlini görmək nadir bir hissdir. Siyasi xadimlərin heç də hamısında bu hiss olmur. Təbiət bu keyfiyyəti yalnız seçilmiş adamlara - zəmanəsini çox-çox qabaqlayan görkəmli mütəfəkkirlərə verir. Eynən Heydər Əliyevə verdiyi kimi!
Ulu öndər Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti baxımından Azərbaycanın hüdudlarından çox–çox kənarlara çıxır. Onun uzaqgörənliyi, məsələnin vaxtında həllinə qərar verməsi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün türk dünyasında sevinclə qarşılanırdı. Təsadüfi deyil ki, Ümummilli lider qardaş Türkiyədə “2001–ci ilin müdrik dövlət adamı” seçilmişdir.
Zaman baxımından ulu öndər Heydər Əliyevdən nə qədər uzaqlaşırıqsa, o, gözlərimiz önündə bir o qədər böyüyür. Aradan ötən hər il bizə Heydər Əliyev fenomenini dərk etməyə, onun gördüyü işlərin miqyasını və zəngin irsinin dəyərini dərindən anlamağa imkan verir.
İllər, əsrlər ötəcək, müstəqil Azərbaycan dövləti daha da inkişaf edəcək, iqtisadi və siyasi cəhətdən dünyada ən güclü, ən qüdrətli, çiçəklənən bir ölkəyə çevriləcək. Böyüməkdə olan nəsil ulu öndərimizi hər il yad edəcək, alimlər və yazarlar onun həyat Kitabına yeni–yeni səhifələr açacaq, onun fəaliyyətini işıqlandıracaq. Xalq müdrikdir —dağdan uzaqlaşdıqca, onun nə qədər möhtəşəm olduğu görünür. Ulu öndər tarixdə əbədi olaraq öz əməlləri ilə yaşayacaqdır!
Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri
3 saylı (ADAU) ƏPT-nın sədri