Sofiyada imzalanan Anlaşma Memorandomu enerji diplomatiyamızın uğurlu nəticəsidir
Gülnar Fazilqızı
27-04-2023 10:42
46 Baxış
Bu gün Azərbaycan Respublikası özünün zəngin enerji ehtiyatlarından səmərəli istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan birinə çevrilib. Ölkəmiz milli maraqlara müvafiq olaraq həyata keçirilən praqmatik siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu kimi çıxış edir. Qarşılıqlı investisiya qoyuluşunun artması, yeni əməkdaşlıq platformalarının gündəmə gətirilməsi, enerji resurslarının, karbohidrogen ehtiyatlarının əlverişli və təhlükəsiz marşrutlarla daşınması regional miqyasda hazırkı əməkdaşlığın səmərəli nəticələridir. Şübhəsiz ki, regionda bu günə qədər həyata keçirilən və əməkdaşlığa təkan verən layihələrdə Azərbaycanın siyasi iradəsi və qətiyyəti öz sözünü deyib. Digər tərəfdən, Azərbaycan enerji ehtiyatlarının ixracında çoxvariantlı nəqletmə sisteminə əsaslanan təchizata üstünlük verir və dünyanın aparıcı dövlətləri tərəfindən etibarlı strateji tərəfdaş kimi qiymətləndirilir. Müstəqil enerji siyasəti ölkəmizin beynəlxalq arenadakı mövqeyini, həmçinin regionun və regionətrafı coğrafiyanın geostrateji təhlükəsizliyini daha da gücləndirir. Eyni zamanda, Azərbaycanın səmərəli enerji siyasəti yeni əməkdaşlıq platformaları müəyyənləşdirməklə yanaşı, Avrasiyanın enerji xəritəsinin zənginləşməsinə strateji töhfələr verir.
Bütövlükdə, regional və beynəlxalq təhlükəsizliyə mühüm töhfələr verən Azərbaycanla enerji sahəsində tərəfdaşlıq bugün bir çox ölkələr xüsusilə Avropa ölkələri tərəfindən yüksək qiymətləndirilir. Çünki, Azərbaycanın praqmatik enerji siyasəti regional və qlobal miqyasda enerji təhlükəsizliyinə xüsusi əhəmiyyət verən aparıcı dövlətlər üçün mühüm önəm daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.
Bir birinin ardınca həyata keçirilən enerji müqavilələri və onların real nəticələri bugün öz tövhələrini verməkdədir. Bu cür layihələrin nəticələrindən biri 25 aprel tarixində Bulgartransgaz (Bolqarıstan), Transgaz (Rumıniya), FGSZ (Macarıstan), Eustream (Slovakiya) və SOCAR (Azərbaycan) arasında əməkdaşlığın təşviqinə dair Anlaşma Memorandumudur. İmzalanma mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Bolqarıstan Prezidenti Rumen Radevin iştirakı ilə baş tutub. Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson isə tədbirə onlayn formatda qoşulub. Anlaşma Memorandumunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Rumıniyanın energetika naziri Virgil Daniel Popescu, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıb. Memorandum Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Bu sənədin imzalanması “Həmrəylik halqası” təşəbbüsünün həyata keçirilməsində mühüm addımdır. Bu yeni layihə iki ildən artıqdır ki, Cənub Qaz Dəhlizi sayəsində tərəfdaşlarımızın etibarlı və sabit enerji təchizatında strateji rol oynayan Azərbaycan qazının alternativ marşrutla yeni bazarlara çıxışını təmin edəcək. “Həmrəylik halqası” marşrutu və əməkdaşlığı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun icrasına töhfə verəcəkdir.
Ümumilikdə, bu anlaşma Azərbaycan ilə Avropa arasında yeni əməkdaşlıq səhifəsidir. Eyni zamanda,Azərbaycanın regional geosiyasi və geoiqtisadi mövqeyi bu cür layihələrlə möhkəmlənməkdədir. Bütün bu uğurlarımızın təməlində Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Təbii ki, “Əsrin müqaviləsi” imzalanmasaydı, nə ölkəmizi regional inkişafın aparıcı qüvvəsinə çevirən BTC və BTƏ neft-qaz layihələrindən, nə də çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizindən danışmaq mümkün olardı. Enerjiyə olan daxili tələbatını ödəyən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısına çevrilərək dünyanın enerji xəritəsinə mütəmadi əlavələr edir. Avropa getdikcə əmin olur ki, onun enerji təhlükəsizliyi daha çox Azərbaycanla bağlı olmağa başlayır. Onlar üçün çox önəmlidir ki, Azərbaycanın həm böyük ənənəvi və bərpa olunan enerji resursları var, həm də Azərbaycan Prezidenti etibarlı və çox məsuliyyətli tərəfdaşdır. Cənab Prezidentimiz İlham Əliyev siyasi dialoqların və münasibətlərin qarantı eyni zamanda əsas təşəbbüsçüsüdür. Təşəbbüsün nəticəsi isə bugün Avropanın enerji təhlükəsizliyinin açarı Azərbaycandır desək, heç də yanılmarıq. Uğurlarımız davamlı olsun!
Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri