/ / Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin iqtisadi inkişaf strategiyası

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin iqtisadi inkişaf strategiyası

55 Baxış

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin iqtisadi inkişaf strategiyası

Tarix yalnız dahi şəxsiyyətlərin nurlu əməlləri sayəsində nəsillərin yaddaşına həkk olunur. Xalqımıza nicat yolu kimi bəxş edilən ümummilli lider Heydər Əliyev canı qədər sevdiyi doğma Azərbaycanı hərtərəfli inkişaf etdirdi, dayanıqlı, müqavimətli, perspektivli bir dövlət kimi formalaşdırdı.

Qədim yunan filosofu Platon demişdir ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. Qüdrətli strateq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də məhz onun Azərbaycan miqyasında bu üç dəyəri bir araya gətirməyi bacarmasıdır.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrlərdən respublika iqtisadiyyatının dirçəldilməsi və surətli inkişafı üçün böyük işlər görülmüş, hər il on minlərlə yeni iş yerlərinin açılmasına imkan verən iri sənaye müəssisələri istifadəyə verilmiş, iqtisadiyyatın demək olar ki, bütün sahələrində - nəqliyyat və rabitədə, kənd təsərrüfatında, ticarət və ictimai iaşədə əsaslı inkişafa nail olunmuş, kənd rayonlarının, respublikanın şəhər və qəsəbələrinin abadlaşdırılması, yollar salınması, yeni sosial obyektlərin inşa edilməsinə xüsusi fikir verilmişdi.
Dahi rəhbərin ölkəmizə başçılıq etdiyi həmin dövrlərdə nəhəng iqtisadi layihələr gerçəkləşdirilərək inkişaf edən bütün sahələrdə özünə kök saldı.

Ulu öndər Heydər Əliyev ölkəmizdə milli iqtisadiyyatın əsas istiqamətlərinin çox güclü dayaqlarını formalaşdırdı. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın məruz qaldığı sosial-iqtisadi tənəzzül və ictimai-siyasi nizamsızlıq milli iqtisadiyyatın artım tempinin azalmasına səbəb olmuşdur. Yalnız dahi siyasətçinin dövlətimizin başçısı kimi fəaliyyətə başlamasından sonra ardıcıl olaraq bu sahədəki tənəzzül tamamilə aradan qaldırıldı və sağlam milli iqtisadiyyatın təməl prinsipləri müəyyən edildi.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyi təmin etdi, istehsalda yaranmış geriləmə proseslərinin qarşısını aldı və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzülü tədricən aradan qaldırdı və bununla da Azərbaycanın iqtisadi inkişafında mahiyyətcə yeni mərhələnin təməli qoyuldu.

1993-cü ildən etibarən iqtisadi sahələri tənzimləyən 70-dən artıq qanun qəbul edilmiş, 100-dən çox fərman və sərəncam imzalanmış, 30-a yaxın dövlət proqramı təsdiq edilmişdir.

Ölkə daxilində yaranmış sabitlik və beynəlxalq aləmdə Azərbaycana artan inam və etimad 1994-cü ilin sentyabr ayının 20-də “Əsrin müqaviləsi”nin imzalanmasını mümkün etdi. Bu müqavilənin imzalanması neft sənayesi və onunla əlaqədar başqa sahələrin uğurla inkişaf etdirilməsi respublikanın ildən-ilə maliyyə imkanlarını artırdı. Dövlət büdcəsi sosial yönümlü olmaqla, həm də hər il artan həcmdə investisiya mənbəyi rolunu oynamağa başladı.

Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar və uzaq gələcəyə hesablanmış qətiyyətli tədbirlər öz pozitiv nəticələrini verdi. Onun rəhbərliyi altında davamlı inkişaf yolu keçən ölkəmiz iqtisadi firavanlığın, sosial dayanıqlığın, ictimai-siyasi sabitliyin mərkəzinə çevrildi və bu, hər bir azərbaycanlının gündəlik həyat tərzinin yaxşılaşmasında özünü göstərdi.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezidentimiz cənab İlham Əliyev tərəfindən qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının bu gün başlıca məqsədi müasir çağırışlar fonunda Azərbaycanın davamlı inkişafını təmin etməkdir.
Ötən illər ərzində həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan uğurla inkişaf edir, daxili siyasi sabitliyini daha da möhkəmləndirir.

Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri
3 saylı (ADAU) ƏPT-nın sədri

FOTO / VİDEO
VİDEO