/ / Prezident İlham Əliyevin Salyan şəhərinə səfəri regionlarımızın sosial-iqtisadi inkişafına dövlət dəstəyinin və diqqətinin nümunəsidir

Prezident İlham Əliyevin Salyan şəhərinə səfəri regionlarımızın sosial-iqtisadi inkişafına dövlət dəstəyinin və diqqətinin nümunəsidir

79 Baxış

Prezident İlham Əliyevin Salyan şəhərinə səfəri  regionlarımızın sosial-iqtisadi inkişafına dövlət dəstəyinin və diqqətinin nümunəsidir

Bölgələrin yüksəlişi sahəsində uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastrukturun keyfiyyətinin artırılmasına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına təkan verib. Regionların sosial-iqtisadi inkişafını xüsusi diqqət mərkəzində saxlayan və bu istiqamətdə kompleks tədbirlər həyata keçirən Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını mütəmadi olaraq şəxsən yoxlaması və bölgələrin təkmil konsepsiyanın icra vəziyyəti ilə bağlı hər il xüsusi müşavirələr keçirməsi bir daha təsdiq edir ki, regionların inkişafı dövlət başçısının fəaliyyətində prioritet təşkil edir. Prezident İlham Əliyev hər il bu proqramların icrası ilə yerində tanış olur. Dövlət başçısı tez-tez regionlara səfər edərək həm görülən işlərlə, həm də sakinlərlə səmimi görüşlər keçirərək onların problemləri ilə maraqlanır. Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında əksini tapmış vacib istiqamət insan amilinə xidmət etməklə yeni sosial-infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisini, yeni yolların çəkilməsini və əsaslı bərpasını nəzərdə tutur.

Bu cür davamlı səfərlərdən biri ötən gün aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Salyan rayonuna səfəridir. İlk öncə dövlət başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Həmçinin Cənab Prezident İlham Əliyev aprelin 18-də “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin açılışını edib. Salyan şəhərində yaradılan bu Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə dispetçer idarəetmə sistemi ilə aşağı gərginlikli şəbəkələr tərəfindən elektrik enerjisinin son istehlakçıyadək çatdırılması nəzarətdə saxlanılır. Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Salyan Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb. Diqqətə çatdırılıb ki, şəbəkələrin texniki parametrlərinin mütəmadi monitorinq edilməsi, o cümlədən qeyri-balans, texniki itki və ya qəza hallarında elektron xəritədə dərhal problemin yerinin koordinatları müəyyən edilir, SMS-xəbərdarlıq xidməti ilə “199 Çağrı Mərkəzi” və qəza xidmətlərinə məlumat ötürülür. Bununla da elektrik enerjisinin verilməsində yaranan fasilələrin qısa müddətdə aradan qaldırılması və istehlakçıların məmnunluğu təmin edilir. Qeyd etmək lazımdır ki, Salyan Rəqəmsal İdarəetmə Mərkəzinin dispetçer sistemi həm mərkəzləşdirilmiş, həm də müstəqil funksional rejimlərdə istismar imkanına malikdir. Diqqətə çatdırılıb ki, gələcəkdə belə Rəqəmsal İdarəetmə mərkəzləri vasitəsilə bərpaolunan enerji mənbələrinin iş rejimlərinin izlənməsi də nəzərdə tutulur.
Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Salyanda “ASAN xidmət” Mərkəzinin açılışını edib. Respublika üzrə sayca 25-ci olan Salyan regional “ASAN xidmət” Mərkəzində hər cür texniki vasitə yüksək standartlara uyğun səviyyədə quraşdırılıb. Əsasən Salyan, Neftçala, Biləsuvar, Şirvan rayonlarında qeydiyyatda olan ümumilikdə 426 min 600 vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 360-dan çox xidmət həyata keçiriləcək. Burada çalışacaq əməkdaşların ümumi sayı 205, könüllülərin sayı 45 nəfər nəzərdə tutulur. Sonra Prezident İlham Əliyevə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi (2012-2022)” Azərbaycan Respublikasının ilk yubiley medalı, həmçinin "ASAN xidmət" kollektivi adından qurumun 10 illiyinə həsr olunmuş və ABAD tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunub. Qeyd edək ki, son illərdə Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. "ASAN xidmət" mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Bu mərkəzlər dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.

Eyni zamanda Cənb Prezident İlham Əliyev Salyanda səfərdə olarkən Azərbaycan Televiziyasına müsahibə də vermişdir. Cənab Prezident müsahibəsində Qarabağla bağlı fikir və gələcək reallıqları diqqətə çatdırmış və bir çox məqamları xüsusən Qarabağda yaşayan ermənilərlə bağlı məsələləri ictimaiyyətin diqqətinə çatdırmışdır. Eyni zamanda bugün Ermənistan hökümətinin aydın mövqeyini ortaya qoyan ölkə başçımız Azərbaycan tərəfinin bu məsələyə birmənalı baxış kontekstini ətraflı müzakirə etdi. Xüsusən vurğulamaq lazımdır ki, Cənab Prezident ölkəmizin hər zaman olduğu kimi konstruktiv və sivil siyasətini ortaya qoyaraq mövcüd reallıqları düzgün qiymətləndirməyi diqqətə çatırmışdır. Ümumən ölkə rəhbərimizin Salyan səfəri çox yadda qalan məqamlarla və ölkə üçün vacib olan eyni zamanda reallaşan zəngin hadisələrlə yadda qaldı. Ümumiyyətlə, Cənab Prezident İlham Əliyevin istər ölkə xarici, istərsə də ölkədaxili səfərləri yeni bir tarixin başlanğıcıdır desək, heç də yanılmarıq. Cənab Prezident! Səfərləriniz davamlı və axarlı olsun! Siz tarix yazan və xalqının tarixini yaşadan Vətən oğlu və hər birimizin fəxrisiniz!

Prof.Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Fənlər kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO