Azərbaycan-Qazaxıstan münasibətləri davamlı inkişaf dinamikasına malikdir
Gülnar Fazilqızı
13-04-2023 10:21
64 Baxış
Azərbaycanın xarici siyasətində türkdilli dövlətlərlə münasibətlərin daha da genişləndirilməsi xüsusi önəm kəsb edir. Bu mənada Azərbaycanın qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələrinə malik olduğu ölkələrdən biri Qazaxıstan Respublikasıdır. Hazırda iki ölkə arasında bir çox sahəni ehtiva edən çoxşaxəli münasibətlər mövcuddur.
Azərbaycan və Qazaxıstan qarşılıqlı siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq müxtəlif platformalarda, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası kimi beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edirlər.
Qeyd etmək lazımdır ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafı Ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri sayəsində mümkün olub. Ümummilli lider Heydər Əliyevin Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə təsadüf edib. Həmin vaxt türkdilli ölkələrin dövlət başçılarının ikinci zirvə görüşündə iştirak edən Ulu öndər Heydər Əliyev və Nursultan Nazarbayev görüşərək, iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivlərini müzakirə etmişdir.
Ümummilli lider Heydər Əliyevin dövründə möhkəm əsaslar üzərində qurulan dostluq və müttəfiqlik əlaqələri Prezidentimiz cənab İlham Əliyevin zamanında yeni müstəvidə dinamik inkişaf yolu keçməkdədir.
Məlumdur ki, 2023-cü ilin aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin görüşü baş tutub. Geniş tərkibdə olan görüş başa çatdıqdan sonra Azərbaycan və Qazaxıstan arasında çox mühüm sənədlərin imzalanması hər iki dövlət arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasının ən bariz göstəricilərindəndir. İmzalanan bəyannamə strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üzrə öz töhfələrini verəcəkdir. Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında deyib: “Ölkələrimiz arasında müttəfiqlik münasibətləri bizim qarşılıqlı fəaliyyətimizin gələcək inkişafının möhkəm təməlidir. Bu gün biz bu təməli konkret məzmunla zənginləşdiririk və ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır”.
Ölkələrarası səmimi dostluq münasibətlərinin nəticəsidir ki, bu il Qazaxıstanda Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əlirza oğlu Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra xatirə tədbirləri keçiriləcək.
Aprel ayının 10-da səfər çərçivəsində Prezidentimiz İlham Əliyev Astanada Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçənin təntənəli açılış mərasimində iştirak edib. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin xatirəsinə, həm də bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Bu gün Azərbaycan-Qazaxıstan münasibətləri mütəmadi inkişaf dinamikasına malikdir və hər iki ölkənin qarşılıqlı-faydalı əməkdaşlığı regional və beynəlxalq təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Deyə bilərik ki, Azərbaycan və Qazaxıstanın dostluğu, qardaşlığı iki ölkə xalqının və cəmiyyətinin sosial sifarişidir.
Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri