Qaranlığa qalib gələn böyük alim-akademik Zərifə xanım Əliyeva
Gülnar Fazilqızı
12-04-2023 09:40
92 Baxış
Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi,sədaqəti,ailəyə,milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında,Azərbaycan dövlətçiliyinin güclənməsində xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb.Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli,ləyaqətli həyat yoldaşı,həm görkəmli ictimai xadim,həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib.Gözəllik,sədaqət rəmzi olan böyük alim qadın-akademik Zərifə xanım Əliyeva Azərbaycan ictimai-siyasi fikir tarixində dərin izlər qoyan bir xanımdır. Zərifə Əziz qızı Əliyevanın elm tarixində yeri, bu sahədə göstərdiyi fəaliyyət çox işıqlıdır. Həyatını insanların gözünə işıq verməyə həsr edən, işığa, xeyirə, dostluğa və sülhə xidmət edən akademik Zərifə Əliyeva xalqımız üçün çox dəyərlidir. Zərifə Əziz qızı Əliyeva 1923-cü ildə 28 aprel tarixində Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur.Zərifə xanım ziyalı bir ailədə böyümüşdür.Onun zəngin daxili aləminin formalaşmasında ailəsinin, valideynlərinin böyük rolu olmuşdu. Zərifə xanım hələ orta məktəbdə həkim olmaq,xalqına bu istiqamətdə xidmət etmək haqqında düşünürdü.Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur.1947-ci ildə institutu əla qiymətlərlə bitirdikdən sonra bütün ömrünü oftalmologiyaya həsr edir.Bir sözlə seçdiyi sənətin fədaisi olur.İşinə böyük məhəbbətlə yanaşan,daim yeniliklər axtarışında olan Zərifə xanımın elmi tədqiqatları böyük praktiki əhəmiyyət daşıyırdı.Akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır.Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə güclü təsir göstərmişdir.Azərbaycanda geniş yayılmış traxomanın,kimya və elektron sənayelərində peşə fəaliyyətilə bağlı göz xəstəliklərinin öyrənilməsi,profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların,əsərlərin,ixtiranın,təklifin müəllifidir.Azərbaycan iridologiyasının banisidir və bu sahədə elmi məktəb yaratmışdır. XX əsrin 40-cı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.Alim dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və praktiki olaraq elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşüb.Zərifə xanımı daim düşündürən məsələlərdən biri də həkim etikası, həkim-xəstə münasibətləri idi. Bu məsələ ilə əlaqədar çoxlu məqalələr yazmışdı, çıxışlar etmişdi. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: "Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə, öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir". Hər zaman mərdliyi, mübarizliyi ilə başqalarından fərqlənən Zərifə xanım Əliyeva gözəl ailə ənənələrinə bağlı qadın olmuşdur.O, ana və ömür-gün yoldaşı olmaq missiyasını heç bir zaman arxa plana keçirməyib.Ulu öndər Heydər Əliyev həyat yoldaşı Zərifə xanımı anaraq belə xatırlayırdı:Zərifə xanım böyük alim olub.Ailəmin yaşaması,bügünlərə çatması,övladlarımın tərbiyəsi üçün və həyatımda əvəzsiz rolu üçün Zərifə xanımın məzarı qarşısında baş əyirəm.Bu gün Zərifə xanımla Heydər Əliyevin-iki unikal şəxsiyyətin oğlu, xalqın böyük etimadını qazanmış cənab prezidentimiz İlham Əliyev Azərbaycan dövlətinə inamla rəhbərlik edir.Tarix yazan Qarabağ Fatehimiz ətrafında Azərbaycan xalqı dəmir yumruq şəklində birləşmişdir.
Prof.Bayramov Azad Mustafa oğlu
ADAU-nun İctimai fənlər kafedrasının müdiri