Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan ordusunun qurucusudur
Gülnar Fazilqızı
11-04-2023 12:07
98 Baxış
Xoşbəxt o xalqdır ki, üzləşdiyi mürəkkəb şəraitdə dövlətə rəhbərlik məsuliyyətini, xilaskarlıq missiyasını üzərinə götürən qətiyyətli rəhbəri var. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir.
Dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” sərəncamına əsasən anadan olmasının 100-cü ildönümünün respublikamızda təntənə ilə qeyd edilməsi Ümummilli liderin çağdaş tariximizdəki müstəsna rolunun layiqincə dəyərləndirilməsidir. Bu gün hamımız yaxşı bilirik ki, müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun gələcəyinin inkişaf strategiyasını müəyyən edib. Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ümummilli lider Heydər Əliyevin müstəsna xidməti sayəsində mümkün olmuşdur. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Bu gün birmənalı olaarq demək olar ki, Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev formalaşdırmışdır. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir və güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq dünya müasir hərb sənətinə öz şərəfli imzasını atmış Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi bütün ömrünü xalqının xoşbəxt gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş unudulmaz Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Ümummilli liderimizin müxtəlif illərdə Vətən, xalq, ordu, Qarabağ haqqında söylədiyi fikirlər bu gün də öz ziya dolu işığıyla xalqımızı, ordumuzu şanlı qələbələrə doğru aparır. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır. Bu, dövlətin və dövlətçiliyin əsas sütununu təşkil edən güclü ordunun formalaşdırılması və inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin ölkəmizdə ilk dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ildən başlanan tarixi mərhələ həm də Azərbaycanın nizami ordusunun formalaşdırılması kimi əlamətdar olmuşdur. Təbii ki, Sovetlər Birliyi dövründə milli ordudan söz açmaq mümkün deyildi. O dövrdə azərbaycanlı gənclərin hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması ulu öndərin gələcəyə hesablanmış uzaqgörən siyasətinin tərkib hissəsi idi. Ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, bu mənada, mühüm əhəmiyyət daşımışdır. Bu gün Azərbaycanın Silahlı Qüvvələri Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdirsə, bunda Ulu Öndərin misilsiz xidmətləri dayanır. Məhz ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə ordu quruculuğuna böyük önəm verdi. Ulu Öndərin bu sahəyə qayğısı sayəsində Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə nail olundu. Bundan başqa, Ulu Öndərin rəhbərliyi ilə gənclərimiz müxtəlif respublikalarda hərbi təhsil almış, ixtisaslı hərbçi kadrlar kimi formalaşaraq, vətənə qayıtmışlar.
Dahi liderin birbaşa şəxsi təşəbbüsü ilə o dövrdə hazırlanan hərbi kadrlar sonradan müstəqil Azərbaycanın qüdrətli milli ordusunun peşəkar komandan heyətini təşkil etmişdir. "Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu - respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır»,-deyən ümummilli liderimizin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir.
Ulu öndər 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I forumundakı çıxışında ordu quruculuğu haqqında deyirdi: "Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir".
Bəli, məhz ölkə daxilində 1994-cü ilin oktyabrında və 1995-ci ilin mart ayında qanunsuz dövlət çevrilişi cəhdlərinin qarşısının alınması ulu öndər Heydər Əliyevin söylədiyi kimi: «Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir». Bəli, xalq-ordunun məqsədyönlü mövqeyi və fəaliyyəti bir daha sübut etdi ki, artıq Azərbaycan ordusu ayrı-ayrı siyasi qüvvələrin deyil, mənsub olduğu dövlətin və xalqın mənafeyini qoruyur, müdafiə edir. Məhz ulu öndər Heydər Əliyevin 1998-ci ili yanvarın 16-da “Müstəqil dövlətimizin milli ordusuna ümumxalq qayğısı və diqqətinin artırılması” mövzusunda keçirilən yığıncaqdakı nitqində dediyi “Azərbaycan Respublikasının təhlükəsizliyini və müdafiəsini təmin etmək kimi müqəddəs vəzifəni yerinə yetirən Milli Ordu bütün xalqın övladıdır və onun formalaşmasına, inkişafına müntəzəm qayğı və diqqət göstərmək hər bir dövlət təşkilatının, yerli orqanların, özəl qurumların, hər bir Azərbaycan vətəndaşı-nın borcudur” sözləri hamı tərəfindən bir vəzifə kimi qəbul edilmişdi.
1994-cü ildə Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusu üçün yeni inkişaf mərhələsi başladı. Bu uzaqgörən siyasət nəticəsində ordu ilə bərabər, dövlətimiz üçün də yeni bir eranın başlanğıcı oldu. II Qarabağ Müharibəsinin böyük zəfərinin təməl daşları da elə həmin dövrdə atıldı. Ulu öndər Heydər Əliyevin qurduğu müasir Azərbaycan Ordusu zəfər salnaməsinin müjdəçisi idi.
Azərbaycan Ordusunun hazırkı səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən ordu quruculuğu siyasətinin tamamilə doğru olduğunu bir daha sübut edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən həmin siyasət indi Azərbaycan Ordusunun yalnız bölgədə deyil, bütünlükdə dünyanın ən müasir orduları arasında yer tutmasına imkan vermişdir. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. 44 günlük Vətən müharibəsindəki parlaq Qələbə ordumuzun gücünün və qüdrətinin göstəricisi oldu. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq zəngin irsinə yeni şərəfli səhifə yazdı. Bu müharibə xalqımızın milli həmrəyliyinin, öz haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Və bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində, gündən-günə daha da möhkəmlənir, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir. Bu istiqamət xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.
Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri