/ / İnamlı qələbələrə aparan yeni əsrin müdrik Lideri

İnamlı qələbələrə aparan yeni əsrin müdrik Lideri

50 Baxış

 İnamlı qələbələrə aparan yeni əsrin müdrik Lideri

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etməsi ilə dövlətimiz öz inkişaf səviyəsinin ən yüksək mərhələsinə çatmışdır. 2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi. Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Məhz buna görə də 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində də İlham Əliyev yenidən inamlı qələbə qazandı.

Cənab İlham Əliyevin 2018-ci ildə seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkəmizin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapmışdır. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoymuşdur.

Keçən dövr ərzində Azərbaycan Cənubi Qafqazın aparıcı dövləti kimi dünya birliyində mövqelərini daha da möhkəmləndirmişdir. Digər ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə qarışmamaq ölkəmizin xarici siyasət strategiyasının əsas prinsiplərindən birini təşkil etmişdir. Beynəlxalq aləmlə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq, geostrateji maraqların reallaşması, terrorizmlə mübarizə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşayışının təmin olunması istiqamətində uzaqgörən xarici siyasət həyata keçirilmişdir.

Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir.

Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən İlham Əliyev 42 yaşında idi və demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Hazırda Prezidentimiz cənab İlham Əliyev cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderə çevrilib.

Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev yeni prezidentliyi dönəminin ilk ilində həyata keçirdiyi düşünülmüş və məqsədyönlü siyasətlə ölkəmizin inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədləri vaxtında və yüksək səviyyədə yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi uğurlar xalqımızın bir il bundan əvvəl keçirilən prezident seçkilərində cənab İlham Əliyev kimi uzaqgörən siyasi lideri dəstəkləməklə düzgün mövqe tutduğunu bir daha sübut edir.

Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında məğlubiyyətə məhkum oldu. Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Zəfəri bizə yaşadan Müzəffər Ali Baş Komandan, XXI əsrin müdrik lideri Prezidentimiz cənab İlham Əliyevdir!

Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO