/ / Novruz Bayramı Azərbaycanın tarixi ənənələrini özündə birləşdirir

Novruz Bayramı Azərbaycanın tarixi ənənələrini özündə birləşdirir

158 Baxış

Novruz Bayramı Azərbaycanın tarixi ənənələrini özündə birləşdirir

Azərbaycan xalqının çox qədim zamanlarda yaratdığı, milli yaddaşa yüksək mənəvi-əxlaqi dəyərlər toplumu kimi daxil olan böyük bayramlardan biri Novruzdur. Əcdadlarımız ulu qaynaqlardan süzülüb gələn, yaddaşlara yoldaş olan bu bayramı bir-birindən oynaq, lətafətli nəğmələr, insanın ilkin törəniş atributları olan su, od, yel və torpaq görüşləri ilə bağlı silsilə ayin, etiqad, ənənə və mərasimlərlə zaman-zaman bəzəmişlər. Qərinələr və yüzilliklər dolabında bu nəğmə və mərasimlərin nəqşi pozulanı, bəzən unudulanı da, yeni-yeni ənənə və etiqadlarla cilalanıb ritmi səhv düşəni, yenidən düzülüb qoşulanı da olub. Ancaq xalq bayram təntənəsinin ahənginin pozulmasına yol verməmiş, onu özünün qüdrətli dünyasını əks etdirən yallılar, coşqun rəqslər, rəngarəng xalq oyunları, ibrətamiz meydan tamaşaları ilə bəzəmişdir. Novruz fəlsəfəsi cəmiyyətdaxili münasibətləri tənzimləyən, insanlar arasında səmimiyyəti, dialoqu önə çəkən yüksək dəyərləri ehtiva edir. Novruz bayramı Azərbaycan xalqının elliklə qeyd etdiyi adət-ayinlər, ənənələr məcmusu olmaqla yanaşı, həm də ümumşərq mədəni hadisəsidir.

Novruz bayramının tarixi Azərbaycanın milli dövlətçilik ənənələri ilə həmişə sıx bağlı olub. Ən qədim dövrlərdən xalqımızın həyatında, adət-ənənələr dünyasında özünə möhkəm yer tutmuş bu bayram təkcə xalq kütlələrinə məxsus məişət bayramı olaraq qalmayıb, dövlət səviyyəsində qeyd olunub, xalqımızın həyatını bütöv şəkildə əhatə edib. Xalqın bütün təbəqələri Novruz bayramında bir araya gəlib, bayramı birgə qeyd edib, bayram sevinci milli dəyər halına gəlib. Bu da öz növbəsində xalqımızı birləşdirib, bütövləşdirib, dövlətçilik tariximizin milli əsaslarını möhkəmləndirib.
Novruz yüksək mənəvi-əxlaqi və mədəni dəyərləri ilə cəmiyyəti irəli aparan, onu saflaşdıran, insanları sülhə, dostluğa səfərbər edən böyük tərbiyə məktəbidir. Lakin bu bayram müəyyən dövrlərdə qadağalara, təzyiqlərə məruz qalmışdır. Əvvəlcə imperiya ideoloqları müxtəlif yollarla Novruzu milli yaddaşdan silib ilhaq etdikləri ərazilərdə yeni-yeni bayramları dəbə mindirməklə onu gözdən salmağa, xalq içərisində unutdurmağa böyük cidd-cəhd göstərmişlər. Novruzun milli bayram kimi keçirilməsinə böyük qadağalar qoyulmuş, o, dini bayram hesab edilərək sovet dövləti tərəfindən unutdurulmağa çalışılmışdır. Ötən əsrin 60-cı illərinin sonlarında ölkədə milli özünüdərkə böyük qayıdış başladığı zaman bu qadağalar da tədricən səngiməyə başlamışdır. İnzibati idarə aparatının yüksək vəzifələrinə milli kadrlar gəldikcə və həmin şəxslər fürsət düşdükcə milli dəyərlərin dirçəldilməsinə öz dəstəklərini verməyə çalışmışlar.

Ümummilli Lider Heydər Əliyevin milli ənənə və dəyərlərə daxilən möhkəm bağlılığı bu bayramın xalq arasında sevilərək yaşadılmasını təmin etmiş, folklorşünaslıq və fəlsəfə sahəsində aparılan elmi tədqiqatlarda onun ideoloji-siyasi təsiri önə çəkilmişdir. Ötən əsrin 70-ci illərində isə Novruz bayramı ilk dəfə olaraq məhz Ulu Öndərin sayəsində qeyd olunmuş, televiziya ilə yayımlanmışdır. Ümumxalq bayramının yüksək səviyyədə keçirilməsi Azərbaycan xalqının milli ruhunu yüksəltmiş, milli irsə, tarixə böyük məhəbbət yaratmış, milli özünüdərki gücləndirmişdir.
Ulu Öndərin milli ideologiyamızın əsaslarına dair Novruz kursu bu gün artıq bəhrəsini verir. Bu milli tarixi nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin Novruz təbriklərində və çıxışlarında aydın və birmənalı şəkildə təsdiqini tapmışdır. Bu bayramı müqəddəs milli irs hesab edən dövlət başçısı qeyd edir ki “Novruz bayramı Azərbaycan xalqının ən əziz və sevimli bayramlarından biridir... Uzun illər, əsrlər boyu biz başqa ölkələrin tərkibində yaşamışdıq. Ancaq milli xüsusiyyətlərimizi itirməmişik. Assimilyasiyaya düçar olmamışıq, öz dilimizi, adət-ənənələrimizi, milli bayramlarımızı qoruyub saxlamışıq”.

Sevindirici haldır ki Novruz tonqalları bu gün Qarabağımızda - illərlə od-ocağı söndürülmüş doğma yurdlarımızda qalanır. Bu sevinci bizə Müzəffər Ali Baş Komandanımız yaşadır!


Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO