X Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığa töhfədir
Gülnar Fazilqızı
13-03-2023 15:47
64 Baxış
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2023-cü il martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlamışdır. Foruma 61 ölkədən 350-dən artıq iştirakçı qatılmışdır.
Qlobal Bakı Forumu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən keçirilir. Bakının onuncu dəfə təşkil etdiyi bu mötəbər tədbirə qatılan nüfuzlu siyasətçilərin, dövlət və hökumət başçılarının, sabiq prezidentlərin, beynəlxalq təşkilatların rəhbərlərinin dünya gündəminin ilk sıralarında yer alan mühüm məsələlər barədə müzakirələr aparılmışdır.
Məlumdur ki, Azərbaycan hər zaman olduğu kimi, bu gün də ölkəmizə və xalqımıza qarşı yönələn bütün təxribatlara baxmayaraq ədalətli sülhün tərəfdarı kimi çıxış etməyə davam edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qlobal Bakı Forumunun açılışındakı çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu barədə fikirləri olduqca əhəmiyyətlidir. Dövlət başçısının çıxışı zamanı bu məsələlərə bir daha toxunması Azərbaycanın sülhsevər niyyətini ortaya qoydu: “Biz hər hansı digər müharibəni istəmirik. Hesab edirik ki, sülhə nail olmaq olar. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur”.
Dövlət başçısı İlham Əliyev iki dövlət arasındakı münaqişənin tarixindən bəhs edərək, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparması və bir milyondan çox azərbaycanlının doğma torpaqlarından qovulması, İrəvanın vəziyyəti münaqişəni dondurmaq cəhdləri, münaqişənin nizamlanması səylərinin nəticəsiz qalması, Ermənistanın işğal dövründə ərazilərimizdə törətdiyi barbarlıq, urbisid, kultursid, ekosid əməlləri barədə məlumat vermiş, ölkəmizdə azlıqların hüquqlarının Konstitusiyamız tərəfindən qorunması və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatının işğal dövründən daha yaxşı olacağını əminliklə ifadə etmişdir.
Forumun ilk günündə NATO-nun dayanıqlılığı, iqlim dəyişiklikləri və qlobal istiləşmənin yaratdığı təhdidlər, dünyanın üzləşdiyi təhlükələr, o cümlədən nüvə və ərzaq təhlükəsizliyi, həmçinin daşımalar, enerji təhlükəsizliyinin təmin olunması və digər məsələlər də müzakirə olunacaq. Bununla yanaşı, Forumun gündəliyində enerji dəhlizlərinə dair mövzuların da yer aldığı, mühüm enerji qovşağı və qaz təchizatçısı kimi önəmi getdikcə artan Azərbaycanın rolunun İtaliya üçün vacib önəm daşıdığı vurğulanıb.
X Qlobal Bakı Forumunun panel iclaslarında və sessiyalarında bəşəriyyətin qarşısında duran yeni çağırış və perspektivlər - yeni dünya nizamı, iqlim dəyişikliyi, ədalətli və bərabərhüquqlu enerji keçidi, meqatəhdidlər - iqlim, qida və nüvə təhlükəsizliyi, qlobal səhiyyə sisteminin qurulması, sağlamlığın təbliği, qlobal yoxsulluq, bərabərsizlik, iqlim böhranı və münaqişələr nəticəsində son illər qarşısıalınmaz miqrasiya prosesləri, yeni enerji və nəqliyyat dəhlizlərinin rolu, dünyanın müxtəlif regionlarında sülhün, sabitliyin və inkişafın axtarışı yolları və digər mühüm mövzular barədə müzakirələr aparılıb.
Prof.A.M.Bayramov
ADAU-nun İctimai fənlər kafedrasının müdiri