/ / Ölkəmizdə qadın siyasəti dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir

Ölkəmizdə qadın siyasəti dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir

119 Baxış

Ölkəmizdə qadın siyasəti dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir

Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, Azərbaycan dövlətçiliyinin güclənməsində xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb.Tarixin bütün dövrlərində qadınlarımız həm sədaqətli,ləyaqətli həyat yoldaşı,həm görkəmli ictimai xadim,həm də təmsil olunduğu sahədə özünü peşəkar mütəxəssis kimi təsdiq edib. Heç də təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev həmişə Azərbaycan qadınları haqqında yüksək fikirlər bildirir,onların idarəçilikdə təmsil olunması, fəallığının artırılması bütün problemlərinin həllinə yönəlmiş tədbirlərin həyata keçirilməsi məsələlərinə çox diqqətlə yanaşırdı. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi məsələsini həmişə diqqət mərkəzində saxlamaqla qadınların dövlət strukturlarında,parlamentdə,siyasi və ictimai təşkilatlarda geniş təmsil olunmasına çalışıb. Dövlət müstəqilliyinin bərpa edilməsindən sonra Azərbaycan Respublikasında qadın hüquqlarının qorunması üzrə çox mühüm addımlar atılıb və müvafiq qərarlar qəbul edilib. İlk olaraq Azərbaycan mühüm beynəlxalq sənədlərə, o cümlədən 1995-ci ildə Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması üzrə Konvensiyaya,2000-ci ildə isə onun əlavə protokoluna qoşulub. 1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir. Respublikada cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu gün cənab prezident İlham Əliyev tərəfindən Azərbycanda qadın hüquqlarının təmin olunmasına,onların cəmiyyətdə və dövlət idarəçiliyində rolunun artmasına yönəlmiş siyasət yeridilir. Azərbaycanda məqsədyönlü gender siyasəti həyata keçirilir və bu sahəyə aid xüsusi Dövlət Proqramı qəbul olunub. “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” qəbul edilmişdir. Prezident İlham Əliyevin qərarı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Görülən bu işlər dövlətimizin siyasi iradəsinin təzahürüdür.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır. Ölkənin Birinci vitse-prezidentinin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir. “Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: “Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”. Bu ifadələr çox sadədir, eyni zamanda böyük və dərin məna kəsb edir. Məhz bu yanaşmanın nəticəsidir ki, biz onun həyata keçirdiyi layihələrdə maarifçi, xeyriyyəçi, kreativ ideyaları ilə yanaşı, mədəni, dini, milli- mənəvi dəyər və ənənələrə sədaqət müşahidə olunur. Bütün bunları harmonik şəkildə reallaşdırmaq, ictimaiyyətə, eləcə də dünyaya çatdırmaq çox çətindir, lakin Mehriban xanım yorulmaz əməyi, güclü iradəsi ilə bu şərəfli və xeyirxah missiyanı layiqincə yerinə yetirir. Bir sözlə desək, Azərbaycan qadınının bütün gözəl keyfiyyətlərini özünün təkrarsız şəxsiyyətində birləşdirən Mehriban Əliyevanın cəmiyyətdə yaratdığı aura insanları mənəvi saflığa, nəcibliyə, xeyirxahlığa səsləyir. Bir məsələni də qeyd etmək istərdim ki, bu gün bizim bir çox xanımlarımız, gənc qızlarımız onun fəaliyyətindən ruhlanaraq ictimai həyatda aktiv iştirak etməyə başlayıblar. Mehriban xanım Əliyevanın hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. Ölkənin “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir, prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir.


Prof. Bayramov Azad Mustafa oğlu
ADAU-nun İctimai fənlər kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO