/ / Xocalı qətliamı xalqımızın qan yaddaşı, tarixin ən qəddar soyqırımıdır

Xocalı qətliamı xalqımızın qan yaddaşı, tarixin ən qəddar soyqırımıdır

88 Baxış

Xocalı qətliamı xalqımızın qan yaddaşı, tarixin ən qəddar soyqırımıdır

Tarix boyu Cənubi Qafqaz dünya dövlətləri üçün strateji əhəmiyyət kəsb edən bölgə olmuşdur. Xüsusən Azərbaycan Avrasiyanın dayaq nöqtəsi və enerji mənbəyi kimi ən çox istilaya məruz qalan ölkə kimi seçilmişdir. Xalqımız hər zaman qanlı faciələr və döyüş meydanı kimi bir çox tarixi hadisələrə şahidlik etmişdir. Söhbət XIX-cu əsrdən üzü bu yana Azərbaycan tarixindən gedirsə, bu hadisələrin fonunda və törədilməsində əsas iştirakçı ermənilər və onu havadarlıq edən qüvvələr olmuşdur. Tarixən hər zaman torpaqlarımızda gözü olan mənfur ermənilər sığındıqları qüvvələr sayəsində torpaqlarımıza köçürülərək ərazilərimizə yiyələndilər və tezliklə özlərinə dövlət qurmaq imkanı əldə etdilər.

XX əsrin 80-ci illərin ikinci yarısında ermənilər özlərinin yaxın və uzaq xaricdəki himayədarlarının köməkliyi ilə yaranmış vəziyyətdən istifadə edərək, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Bu iddiaların əsasında məkrli siyasət, nəticəsində isə qanlı terror və soyqırımlar baş verdi. Onlardan biri də, tarixin ən dəhşətli qətliamı olan Xocalı faciəsi idi. XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilir. Xocalı faciəsi tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli faciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr müharibələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur. Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi ermənilərin işğalçılıq planlarına mane olurdu. Çünki Xocalı Xankəndidən 12 km şimal-şərqdə, Ağdam-Şuşa və Əsgəran-Xankəndi yollarının arasında yerləşirdi. Şəhərin əhəmiyyətini artıran səbəblərdən biri də Dağlıq Qarabağın yeganə hava limanının məhz burada yerləşməsi idi. Eyni zamanda məqsəd xalqımıza psixoloji basqı yəni xalqın gözünü qorxutmaq idi. Birdə unutmaq olmaz ki, Xocalı-Gədəbəy mədəniyyətinin beşiyi olan Xocalı şəhərinin əhalisinin 97 faizini azərbaycan türkləri təşkil edirdi.

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 31 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Xocalının işğalı düşmənin əvvəlcədən hazırladığı plan üzrə baş tutmuşdu. Belə ki, Xocalı hələ 1991-ci ilin oktyabr ayından blokada vəziyyətinə alınmışdı. 1991-ci ilin oktyabrında Tuğ və Səlakətin kəndləri işğal olunandan sonra Xocavənd də ermənilərin nəzarəti altına keçmişdi. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi.

Təəssüflər olsun ki, həmin dövrdə Azərbaycana rəhbərlik edənlər Xocalı soyqırımına biganə münasibət göstərmiş, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışmışlar. Yalnız həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan görkəmli dövlət xadimi Heydər Əliyev ilk dəfə Naxçıvanda Xocalı soyqırımı haqqında xüsusi bəyanat vermiş, faciəni törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb etmişdir. Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra isə Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilmişdir. Bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görülmüşdür. 1994-cü ilin fevralında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri geniş təhlil edərək “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq dünya ictimaiyyətini erməni terrorizminə qarşı qəti tədbirlər görməyə çağırmışdır. Qəbul edilmiş qərara əsasən bəşər tarixinin qanlı səhifələrindən olan Xocalı hadisələri ilə əlaqədar hər il fevralın 26-sı “Xocalı Soyqırımı Günü” elan olunmuşdur.

Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb, xarici dillərdə kitablar nəşr olunub, filmlər çəkilib, Xocalı mövzusu müxtəlif beynəlxalq tədbirlərdə gündəmə gətirilib, bununla bağlı internet saytları yaradılıb. Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə “Xocalıya ədalət” Beynəlxalq İnformasiya və Təşviqat Kampaniyasının təsis edilməsi atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 2014-cü il 13 fevral tarixli “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, bu tədbirlərin beynəlxalq səviyyədə daha da genişləndirilməsi qərara alınıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş olunur. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap edilir, televiziya və radiolarda verilişlər hazırlanır.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırımına öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Hətta, 2010-cu ildə İslam Əməkdaşlıq Təşkilatı “Xocalıya ədalət” kampaniyasını dəstəkləyən xüsusi qətnamə qəbul etmişdir.

Xocalı faciəsi xalqımızın qan yaddaşıdır, tarixinməz silinməz və unudulmaz faciəsidir. Faciəni, soyqırımı isə unutmaq olmaz, çünki unudulan tarix nə zamansa yenidən təkrar olur!


Prof. Azad Mustafa oğlu Bayramov
ADAU İctimai Fənlər kafedrasının müdir

FOTO / VİDEO
VİDEO