Azərbaycan Avropanın Enerji Təhlükəsizliyində mühüm rol oynayan dövlətdir
Gülnar Fazilqızı
07-02-2023 14:39
57 Baxış
Bu gün alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”-yə keçidin təmin edilməsi istiqamətində həyata keçirilən layihələr hələ 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan enerji siyasətinin davamıdır. Hazırda bəşəriyyətin iqlim dəyişikliyinə qarşı mübarizəsi gündən-günə güclənir və qloballaşır. Atmosferə atılan zərərli tullantıların həcminin azaldılması və “yaşıl enerji” ilə əvəz edilməsi dünya gündəliyinin ən vacib məsələlərindən birinə çevrilib. Atom elektrik stansiyalarının fəaliyyətinin azaldılması, eləcə də kömür və qazla işləyən elektrik stansiyalarının “yaşıl enerji” mənbələri ilə əvəz edilməsi üçün dünya ölkələri bir sıra planlar qurur. Azərbaycan öz növbəsində qlobal çağırışlara cavab verən layihələr reallaşdırır.
Bu gün Azərbaycan dünyada böyük nüfuz qazanıb və hörmətlə yanaşılan ölkəyə çevrilib. Bunun kökündə Prezident İlham Əliyevin 2003-cü ildən yürütdüyü məqsədyönlü siyasət dayanır. Məhz bu siyasətin, əldə edilən uğurların fonunda Vətən müharibəsində əldə edilən tarixi Zəfər yeni reallıqlar yaratdı. Həmin reallıqlar fonunda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artmaqdadır. Dünyada baş verən hadisələr fonunda inkişaf etmiş ölkələrin Azərbaycan Prezidenti ilə müxtəlif platformalarda keçirilən görüşləri, həmçinin qarşılıqlı səfərlər zamanı səslənən fikirlər ölkənin beynəlxalq nüfuzundan xəbər verir. Mən bu məqamda Avropa üçün vacib, həm də bu gün keçirilən iclaslara da birbaşa aidiyyatı olan bir məsələnin üzərində xüsusi olaraq dayanmaq istəyirəm. Söhbət qlobal səviyyədə iqtisadi mənzərənin yenidən formalaşması fonunda Azərbaycanın oynadığı roldan gedir. Daha dəqiq desək, artıq dünya dövlətləri də görür ki, Azərbaycan dünyada baş verən iqtisadi proseslərin müəyyən qədər mərkəzində yer almalıdır. Xüsusilə enerji sahəsində Avropa ölkələrinin Azərbaycana üz tutması başa düşüləndir. Çünki bu gün üzləşdiyi böhranlı vəziyyət Avropanı alternativ mənbələr tapmağa sövq edir. Belə bir vəziyyətdə də sadiq tərəfdaş Azərbaycan bu dövlətlər üçün ən optimal variantdır.
Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Burada da Azərbaycanın rolu və fəallığı vurğulanmalıdır. Belə ki, Azərbaycan özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılması istiqamətində güclü siyasi iradə ortaya qoyur. Bu baxımdan, Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır. Azərbaycan özünün böyük qaz həcmlərini ixrac etmək və Avropanın enerji təhlükəsizliyinə yeni töhfələr vermək məqsədilə Cənub Qaz Dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb. YəniCənub Qaz Dəhlizi ideyası məhz Azərbaycanın iradəsi və liderliyi sayəsində reallığa çevrilməyə başlayıb. Bu iradənin nəticəsi olaraq 10 il öncə, 2011-ci ildə Azərbaycan və Avropa Komissiyası arasında Cənub Qaz Dəhlizi layihəsi üzrə Birgə Bəyannamə imzalanıb. Bununla da həmin layihənin icrasının əsası qoyulub. Ötən müddət ərzində Avropa Komissiyası ilə fəal şəkildə əməkdaşlıq edən Azərbaycan bu gün də etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ölkəmizin enerji diplomatiyasının reallaşdırılmasında yeni uğurlu səhifədir. Bu iclaslar, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Avropa qitəsinin enerji təminatında rolunun artdığını və açar ölkə olduğunu göstərir. İclasda Avropa İttifaqının üzvü olan Rumıniya Prezidentinin iştirak etməsi isə qitə üçün Azərbaycanın önəmli ölkə olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin tədbirdəki nitqi təkcə bugünkü vəziyyətin təhlili deyil, eyni zamanda, perspektivlərin planlaşdırılması baxımından da əhəmiyyətlidir: “Dövlət başçısının “dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik” sözləri göstərir ki, bütün işlər əvvəlcədən dəqiq planlaşdırılır və həyata keçirilir. Toplantı genişləndirmənin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da önəmlidir. İclas iştirakçılarının sayının əvvəlkilərlə müqayisədə çoxluğu Azərbaycan rəhbərinin zəmanəmizin görkəmli dövlət xadimi olduğunu, siyasi iradəsini, üzərinə götürdüyü öhdəliyi dəqiq yerinə yetirdiyini, etibarlı tərəfdaş və iştirakçılar arasında etimad mühitini göstərir. Azərbaycan rəhbərinin iştirakçı ölkələrlə siyasi münasibətləri inkişaf etdirməsi, eləcə də fəal əlaqələndirmə və Avropa Komissiyası ilə əməkdaşlıq qısa müddətdə öz nəticəsini verib. Yunanıstanla Bolqarıstan arasında interkonnektor açılıb, Azərbaycanla Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycanla Rumıniya arasında qaz təchizatı haqqında sazişin imzalanması ilə Buxarest Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin heyətinə qoşulub, ilk dəfə olaraq Yaşıl Enerji Məşvərət Şurasının iclası keçirilib, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya yaşıl enerjinin istehsalı və nəqli sahəsində saziş imzalayıblar.
Azərbaycanın təşəbbüsünün Avropa Komissiyası, ABŞ və Böyük Britaniya tərəfindən fəal dəstəklənməsi, ölkəmizin dünyanın aparıcı maliyyə qurumları ilə əməkdaşlıq etməsi mühüm məsələlərdən biridir.
Digər bir vacib məsələ, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelidir. Bu, Avropa qitəsində potensial əməkdaşlıq imkanları açır. Prezident İlham Əliyevin “əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq” sözləri enerji diplomatiyasının genişlənəcəyindən xəbər verir. Çünki indiyədək Azərbaycan rəhbəri reallaşdırmayacağı heç bir sözü deməyib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Cənub Qaz Dəhlizi və digərləri yaxın tariximiz və gerçəkliyimizdir. Bunlar Azərbaycanın enerji diplomatiyasının genişlənmə və yeni uğurlar astanasında olduğunu sübut edir. Beynəlxalq tədbir bir daha göstərdi ki, Azərbaycan Avropa qitəsi ölkələrinin milli təhlükəsizliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkədir. Deməli, görülən işlər, sadəcə, enerji məsələsi deyil, həmçinin Azərbaycan dövlətinin qüdrətinin artması, dünya siyasətində yerinin möhkəmləndirilməsi və vətəndaşlarının daha yaxşı yaşaması imkanlarının artması deməkdir.
Prof.A.M.Bayramov
ADAU-nun Ictimai fənlər kafedrasının müdiri