/ / Ölkə Prezidenti cənab İlham Əliyevin Avropanın etibarlı tərəfdaş mövqeyi

Ölkə Prezidenti cənab İlham Əliyevin Avropanın etibarlı tərəfdaş mövqeyi

56 Baxış

Ölkə Prezidenti cənab İlham Əliyevin Avropanın etibarlı tərəfdaş mövqeyi

Son günlərin ən önəmli görüşlərindən biri Avropa İttifaqının üzvü olan Rumıniyanın Prezidenti cənab Klaus Yohannisin Azərbaycana səfəridir. Bu səfəri, keçirilən danışıqları və mətbuat üçün verilən bəyanatları təhlil etdikdə Azərbaycan dövlətinin xaici siyasətinin nə qədər zərgər dəqiqliyi və ustalıqla həyata keçirildiyinin şahidi oluruq. Ulu Öndərin siyasi kursunu bu gün uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev bir çox dünya ölkələri ilə yanaşı, Rumıniya ilə də dostluq əlaqələrini uğurla inkişaf etdirir.İlk növbədə, bəzən bir-biri ilə münasibətlərində problemləri olan Avropa və digər qitələrin dövlətlərinin rəhbərləri cənab Prezident İlham Əliyevlə yaxınlaşmağa, Azərbaycanla əməkdaşlıq etməyə can atırlar. Son 19 ildə Cənab İlham Əliyevin apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir. Elə bir neçə gün əvvəl cənab İlham Əliyevin Macararıstanda necə qarşılanmasının və imzalanan sənədlərin şahidi olduq. Bu səfərdən az sonra Rumıniya Prezidenti cənab Klaus Yohannisin ölkəmizə ilk səfəri, aparılan danışqılar və verilən bəyanatlar deyilənləri təsdiq edir. Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci dövlət kimi Runıniyanın rəhbərinin mətbuat üçün bəyanatında dediyi aşağıdakı fikirlər Avropa siyasətində Azərbaycan dövlətinin çox əhəmiyyətli yer tutduğunu və qitə ölkələri üçün vazkeçilməz ölkə olduğunu göstərir: "Azərbaycan Cənubi Qafqaz bölgəsində ilk ölkədir ki, Rumıniya onunla əməkdaşlığını strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb, bu, 2009-cu ilə təsadüf edir. Bununla yanaşı, bizim ölkəmiz Avropa İttifaqının ilk üzvüdür ki, Azərbaycanla strateji tərəfdaşlıq haqqında belə bir sənəd imzalayıbdır." Qonaq Prezidentin "biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq" söyləməsi Azərbaycanın gələcəkdə də Avropada mövqelərinin möhkəmlənəcəyini göstərir. Ölkə başçısı çıxış zamanı bildirib ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. 2004-cü ildə İlham Əliyevin Rumıniyaya rəsmi səfəri və səfər çərçivəsində "Azərbaycan Respublikası Prezidentinin və Rumıniya Respublikası Prezidentinin Birgə Bəyannaməsi" də daxil olmaqla müxtəlif sahələri əhatə edən 12 sənədin imzalanması münasibətlərin genişlənməsinə geniş imkanlar açdı. Beləliklə, qarşılıqlı səfər və görüşlər ölkələr arasında siyasi - iqtisadi və digər sahələrdə əlaqələrin uğurla inkişaf etməsinə səbəb oldu.Rumıniya və Azərbaycan uzun illər ərzində əlaqələrini strateji tərəfdaşlıq əsasında inkişaf etdirirlər. Regional və beynəlxalq təşkilatlarda Azərbaycan və Rumıniya yaxından əməkdaşlıq edirlər. Rumıniya strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazır olduğunu hər zaman dilə gətirir.Həmçinin,yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji,böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir. Qeyd edək ki, ötən il dekabrın 17-də Buxarestdə dördtərəfli Azərbaycan Respublikası Gürcüstan, Ruminiya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri münasibətlərin daha da inkişafına söykənir. Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu qeyd edilib, yüksəksəviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əhəmiyyəti diqqətə çəkilib.Hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlığın həyata keçirilməsinə önəm verilib. Dövlət Neft Şirkəti və Romqaz tərəfindən 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzalanmışdır. Azərbaycan yanvar ayından etibarən Rumıniyaya əlavə qaz həcminin nəqlinə başlayıb. Bu gün regionda böyük gücə malik olan Azərbaycan Avropanın enerji təhlükəsizliyində də xüsusi rol oynayır. Bunu qiymətləndirən digər Avropa ölkələri kimi Rumıniya da Azərbaycanı regionda əsas tərəfdaş ölkə hesab edir.Energetika sahəsində əməkdaşlığın aktuallığı əlbəttə ki, təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir. Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. SOCAR-ın Rumıniyada fəaliyyətinin artıq çox gözəl inkişaf tarixçəsi olduğunu ölkə prezidenti İlham Əliyev mətbuata qeyd edib. Cənab Prezident ticari-iqtisadi sahələrdə də nəticələrə nəzər salıb. Ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil, deyən Azərbaycan Prezidenti ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neftin təşkil etdiyini diqqətə çatdırıb. Bütün bunlarla yanaşı, Azərbaycan Rumıniya arasında olan əməkdaşlığı genişləndirmək üçün bir çox imkanlar var. Qaz, yaşıl enerji dəhlizləri, eləcə də nəqliyyat sahəsində olan münasibətlər dövlətlərarası əlaqələr üçün geniş imkanlar açacaqdır.Səfər çərçivəsində Cənab Klaus Yohannisin Rumıniyanın Azərbaycanın səmimi və əsl dostu, mövqeyinin isə hər zaman bəlli olduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiklərini deməsi, Azərbaycanı etibarlı tərəfdaş adlandırması bu ölkədə olan və münasibətlərimizi pozmağa çalışan erməni təşkilatlarının, din adamlarının və Ermənistanın başına tökülən bir qazan dolu qaynar su təsiri və Azərbaycan dövlətinin gücünə bir daha bələd olmaları üçün xəbərdarlıq təsiri bağışladı.

ADAU-nun
İctimai fənlər kafedrasının müdiri
Bayramov Azad Mustafa oğlu

FOTO / VİDEO
VİDEO