/ / Yeni Azərbaycan Partiyası - xalqın istək və arzularına xidmət edən partiya

Yeni Azərbaycan Partiyası - xalqın istək və arzularına xidmət edən partiya

15 Baxış

Yeni Azərbaycan Partiyası - xalqın istək və arzularına xidmət edən partiya

Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə və tarxi zərurət idi. YAP-ın təsis olunmasını tələb edən tarixi zərurət Azərbaycanın üzləşdiyi mürəkkəb vəziyyətdən xilas etmək istəyi ilə əlaqədar idi. Ona görə ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı sözün həqiqi mənasında ağır vəziyyətlə üzləşmişdi. Keçmiş SSRİ-nin süqutu nəticəsində Azərbaycan dövlət müstəqilliyinə qovuşmuş, xalqımız uzun illər həsrətində olduğu müstəqilliyini bərpa etmək imkanı qazanmışdı. Lakin 1990-cı illərin əvvəllərində baş verən arzuolunmaz hadisələr nəticəsində Azərbaycan dövlət müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşmışdı. İqtisadi sahədə tənəzzül, dövlət hakimiyyətində dərinləşən siyasi böhran, milli maraqlarımıza zidd olan addımların atılması, Dağlıq Qarabağ münaqişəsində ağır vəziyyətin yaranması və vətəndaş müharibəsi təhlükəsinin artması ölkədə ümumi vəziyyəti daha da gərginləşdirmişdi.

Azərbaycanın dövlət müstəqilliyinin başının üstünü almış təhlükədən sovuşdurmaq, davamlı inkişafı təmin etmək və möhkəmləndirmək üçün güclü liderə və siyasi qüvvəyə ehtiyac duyulurdu. Belə bir vəziyyət Yeni Azərbaycan Partiyasının yaradılmasını şərtləndirmişdi. Yeni Azərbaycan Partiyasının (YAP) dövlətimizin tarixində və xalqımızın həyatında əhəmiyyəti çox böyükdür. Ölkəmizin düçar olduğu böhrandan xilas edilməsi, müasir Azərbaycanın qurulması, müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi bilavasitə partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Müstəqilliyimizin ilk illərində ölkəmizdə yaşanan ağır siyasi böhran dövlətçiliyimizi çətin təhlükə qarşısında qoymuşdu. Vətənin taleyini düşünən adlı-sanlı ziyalılar, tanınmış insanlar, nüfuzlu şəxsiyyətlər xalqının böyük oğlu, peşəkar siyasətçi Heydər Əliyev dühası ətrafında birləşərək Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Yeni Azərbaycan Partiyasını yaratdılar. Bu, bütövlükdə xalqımızın arzu və istəklərinin ifadəsi, tarixi bir hadisə idi.

Bəlkə də, tarixdə belə bir hadisə olmayıb ki, yeni yaranan partiya qısa müddətdə YAP kimi böyük nüfuz sahibi olsun, xalqının etimadını qazansın. Yarandığı ilk gündən xalqımızın taleyini düşünən hər kəs Ulu Öndərin ətrafında sıx birləşmək amalı ilə partiyanın sıralarına qatılırdı. Həmin insanlar əmin idilər ki, onun lideri yeganə xilaskar şəxsiyyətdir. Tarixin, proseslərin sonrakı gedişi, bu gün yaşadığımız qüdrətli Azərbaycanın mövcudluğu xalqımızın məhz həmin müdrik qərarının nəticələridir. Ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası çox böyük, şərəfli və nailiyyətlərlə dolu uğurlu bir yol keçib. Heydər Əliyev partiyanı inkişaf etdirdi, cəmiyyətimizin aparıcı siyasi qüvvəsinə çevirdi, dünənin, bu günün və sabahın partiyası səviyyəsinə qaldırdı. Xalqımız tərəfindən yenidən hakimiyyətə gətirilən ulu öndər Heydər Əliyev ona göstərilən bütün etimadları şərəflə doğrultdu, xalqın inamını özünə qaytardı, dövlətin ətrafında onları inamla birləşdirdi, düşmənlərimizin ölkəmizlə bağlı xain planlarını alt-üst etdi, müasir, güclü Azərbaycan yaradaraq etibarlı, peşəkar əllərə ötürdü. Gələcək nəsillər bu gün bizim kimi, hər zaman Ulu Öndərə minnətdar olacaqlar, onun adını uca tutaraq ehtiramla yad edəcəklər.

Fəxarətlə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədaləti özünün prinsiplərinə çevirən YAP vətənini sevən və xalqına sadiq olan, hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları öz ətrafında cəmləyərək uğurla irəliləyir. Həmçinin partiyanın sıraları getdikcə genişlənir, gördüyü taleyüklü işlərlə vətəndaşlarımızın hörmət və inamını qazanır. Hazırda Azərbaycan iqtisadi gücü, inkişaf tempi, qazandığı nailiyyətlər, həyata keçirdiyi layihələr, etibarlı tərəfdaş statusu ilə dünyanın əhəmiyyətli dövlətlərdən biri hesab olunur. Təkcə onu demək kifayətdir ki, ölkəmiz regionun nəhəng enerji mərkəzinə çevrilib, Avropanın enerji təchizatında son dərəcə effektli rol oynayır. Yeni Azərbaycan Partiyası faktiki olaraq 30 il ərzində ölkəmizdə demokratik siyasi mühitin tərəfdarı olub. Son vaxtlar, xüsusilə də ölkəmizin tarixi Zəfərindən sonra Azərbaycanda və regionda yeni geosiyasi reallıqlar yaranıb. 44 günlük Vətən müharibəsi dövründə də Azərbaycan xalqı ümummilli maraqlar naminə vahid yumruq kimi birləşmək əzmində olduğunu göstərdi. Şərqi Zəngəzurun və Qarabağın Ermənistan işğalından azad edilməsi, şanlı Zəfərin xoş sədası dünyanın hər yerində eşidilir. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin və xalqımızın daha böyük nailiyyətləri hələ qarşıdadır.

YAP-ın Azərbaycanın siyasi sisteminin normal dayaqlar üzərində inkişaf etməsinə güclü əsaslar yaratması ilə də tarixi missiyasını yerinə yetirmişdir.

Bir sözlə, Yeni Azərbaycan Partiyasının çoxşaxəli və xalqın mənafeyinə xidmət edən fəaliyyəti Azərbaycanın bundan sonra da hərtərəfli inkişafında böyük imkanlara yol açır. YAP-ın cəmiyyətin yeganə seçimi olmasını Azərbaycanın beynəlxalq aləmdə güclü mövqeyi və nüfuzu da şərtləndirir və bütün bunlar da belə deməyə əsas verir ki, ulu öndərin yaratdığı Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, milli mənafelərin istənilən platformada müdafiə və təmin etməyə yetərli ictimai dəstəyi var və zaman ötdükcə, bu qarşılıqlı dəstək daha da güclənəcək.

FOTO / VİDEO
VİDEO