/ / Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi

Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi

47 Baxış

Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi

Alınmaz qala sayılan Şuşanı iki il bundan əvvəl erməni işğalından azad edən Azərbaycan Silahlı Qüvvələri şanlı tarix yazdı. Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər. Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

“Zəfər yolu” cəmi iki ilə yaxındır ki, çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb.

Müharibənin ilk günündən son gününə qədər Azərbaycan Silahlı Qüvvələri yalnız irəli gedirdi, 44 gün ərzində bir gün də geri addım atmamışdı. Şuşaya qədər bir çox şəhər və kəndlərimiz, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı, Suqovuşan, 300-ə yaxın kənd, Laçının və Kəlbəcərin bir hissəsi döyüş meydanında azad edilmişdir. Şuşanın azad edilməsi Ermənistan ordusunun belini qırdı.

Qeyd edək ki, əldə olunan məlumata görə ermənistan ordusunda 10 mindən çox fərari olmuşdur. Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir.

Qələbəyə gedən yol keşməkeşli və çətin idi. Birinci Qarabağ müharibəsindəki məğlubiyyət xalqımızı mənəvi cəhətdən sarsıtmışdır. O məğlubiyyətin də səbəbləri bəllidir. O vaxt antimilli ünsürlər hakimiyyəti zəbt etmişdilər, hakimiyyət uğrunda mübarizə aparmışdılar, hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı faktiki olaraq Ermənistana, ermənilərə təslim etmişdilər. Şuşa və Laçın işğala məruz qalandan bir ay sonra AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Onlar bu faciə üzərində, tökülən bu qan üzərində, milli rəzalət üzərində hakimiyyətə gəldilər və hakimiyyətdə qaldıqları bir il ərzində ölkəmizi bərbad vəziyyətə qoydular, vətəndaş müharibəsinə start verdilər, öz əsgərlərini əsir götürdülər. Torpaqlar əldən gedirdi, onlar isə talançılıq, soyğunçuluqla məşğul olurdular. Hakimiyyəti möhkəmləndirmək üçün bütün səylərini səfərbər etmişdilər.

Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi. Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik.

İndi dünyada müxtəlif yerlərdə gedən iqtisadi proseslər, çətinliklər, böhranlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Belə ağır müharibədən çıxmış ölkə azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır. Bütün bu işlərin də maliyyə mənbəyi Azərbaycan büdcəsidir. Biz bu iki il ərzində heç bir ölkədən, heç bir təşkilatdan, heç bir donordan bir manat belə yardım almamışıq.

Beynəlxalq müstəvidə çox fəal iş aparılmışdır. Aparıcı beynəlxalq təşkilatlar – BMT, ATƏT, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası bizim mövqeyimizi dəstəkləyən, yəni, haqq-ədaləti ifadə edən qərar və qətnamələr qəbul etmişdir. Bu, Qələbəmiz üçün çox önəmli beynəlxalq hüquqi zəmin idi.

Paralel olaraq, bir çox ölkələrlə ikitərəfli formatda sıx əməkdaşlıq əlaqələri yaratmışıq, həm yerləşdiyimiz bölgədə, həm də digər qitələrdə. Təkcə Avropa İttifaqına üzv ölkələrin doqquzu, digər ölkələr Azərbaycanla strateji tərəfdaşlıq bəyannamələri imzalayıb. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Yəni, bu beynəlxalq əlaqələr və Azərbaycanın beynəlxalq nüfuzu bizə imkan verdi ki, daha çox dostlar qazanaq, eyni zamanda, Qarabağ həqiqətlərini, erməni işğalı ilə bağlı həqiqətləri dünya birliyinə çatdıraq və çatdırdıq.

Bütövlükdə götürəndə 44 gün ərzində müharibə ilə bağlı beynəlxalq yanaşma müsbət idi. Bəzi ermənipərəst ölkələr və Ermənistanla yaxın əlaqələrdə olan ölkələr bizə qarşı bəzi siyasi addımlar atmağa çalışırdılar. Amma onlar da heç bir səmərə vermədi.

Məlum olduğu kimi Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim sədrliyimiz yekdil qərarla təsdiqləndi. Sədrliyimiz yekdil qərarla daha bir il uzadıldı. Bu da dünya birliyinin əksər hissəsini birləşdirən beynəlxalq təsisatdır. Bu təsisata 120 ölkə üzvdür.

Azərbaycan müsəlman ölkələri ilə sıx əlaqələr qurdu və onlara izah etməyə nail oldu ki, Ermənistan təkcə bizə qarşı yox, bütün müsəlman aləminə qarşı təcavüzkar siyasət aparır.

Qeyd edək ki, ikinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir.

Müharibədən keçən iki il ərzində Azərbaycan öz siyasətini davam etdirmişdir. Iki il ərzində böyük quruculuq işləri görülüb, Qarabağ və Şərqi Zəngəzur faktiki olaraq yenidən qurulur.

Azərbaycan ədalətli sülh istəyir. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır.

Biz Vətən müharibəsindəki Qələbəmizlə təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu da bərpa etdik.

FOTO / VİDEO
VİDEO