/ / 10 Noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycan həqiqətlərini dünyaya bəyan edən tarixi və hüquqi sənəddir

10 Noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycan həqiqətlərini dünyaya bəyan edən tarixi və hüquqi sənəddir

67 Baxış

10 Noyabr tarixli Üçtərəfli Bəyanat Azərbaycan həqiqətlərini dünyaya bəyan edən tarixi və hüquqi sənəddir

27 sentyabr tarixində başlamış Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük Zəfərlə yekunlaşdı. 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Üçtərəfli bəyanat Azərbaycanın döyüş meydanında əldə etdiyi şanlı qələbənin masa arxasında təsdiqi idi. Bəyanatda münaqişənin həllinə nöqtə qoyularaq, hərbi əməliyyatların dayandırılması, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi, buna paralel olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxması, məcburi köçkünlərin evlərinə geri qayıtması, hərbi əsir və girovların, habelə cəsədlərin mübadiləsi, habelə bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı müddəalar əks olunmuşdur.

Əslində Üçtərəfli bəyanat tərəflər arasında hərbi əməliyyatlara son qoymaqla yanaşı, özündə bir sıra vacib müddəaları əks etdirən hərtərəfli sənəddir. Üçtərəfli bəyanat Ermənistanın etnik təmizləmə siyasətinin qurbanı olan və öz doğma evlərində yaşamaq hüququ kobud şəkildə pozulan bir milyona yaxın məcburi köçkünün fundamental hüquqlarının bərpasını təmin etmişdir. Bəyanatın digər önəmli müddəalarından biri məhz Prezident İlham Əliyevin təkidi ilə daxil edilən, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə əlaqəsini təsbit edən bənddir. Üçtərəfli bəyanatda öz əksini tapan ən əsas məsələlərdən biri Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolu və avtomobil yolunun təmin edilməsidir. Bu, olduqca vacib bir kommunikasiyadır və təkcə Azərbaycanın deyil, qardaş Türkiyənin, eyni zamanda, digər qonşu ölkələrin də iqtisadi maraqlarının realizə olunması baxımından əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolla birləşdirilməsi istiqamətində atılan bu tarixi addım eyni zamanda bölgənin gələcək iqtisadi inkişafı baxımından önəmlidir. Bəyanatın imzalanmasından sonra Ermənistan tərəfinin həyata keçirilməsinə əngəllər yaratmağa çalışdığı bu müddəa əslində iqtisadi baxımdan bölgə dövlətlərinin maraqlarına cavab verir.

Bəyanatda diqqət çəkən ən önəmli məsələlərdən biri də odur ki, burada Qarabağın statusu ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Məlum olduğu kimi, uzun illər ərzində Azərbaycan tərəfi Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusunun verilməsinin mümkünlüyünü bəyan etmiş və aparılan danışıqlar prosesi çərçivəsində bu mövqe ifadə edilmişdir. Lakin Ermənistan tərəfi əsassız şəkildə “müstəqillik” iddialarından əl çəkməmişdir. Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edildikdən sonra dövlət başçısı status məsələsinin artıq tarixdə qaldığını elan etmişdir. Prezidentin 2021-ci il 7 iyul tarixli sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgələri yaradılmışdır. Bu bölgədə yaşayan ermənilər, əlbəttə, digər vətəndaşlarımız kimi, Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunmuş bütün hüquq və azadlıqlardan bərabər şəkildə istifadə edəcəklər. Odur ki, üçtərəfli bəyanatda bu məsələ ilə bağlı hər hansı bir müddəanın olmaması düşünülmüş siyasətin növbəti təzahürü idi.

Üç dövlət rəhbərinin 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanat, əslində, Ermənistanın kapitulyasiya aktına imza atması idi. Bu Bəyanat 30 ilə yaxın davam edən işğala son qoydu. Bəyanatın imzalanması ilə münaqişənin hərbi mərhələsi başa çatdı. Qısa müddət ərzində Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı və 44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Düşmənin canlı qüvvəsinə ciddi zərbə vuruldu, onların hərbi texnikası tam məhv edildi. Bu Bəyanat Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini rəsmiləşdirdi. Azərbaycan Vətən müharibəsindən sonra mövcud status-kvonu özünə sərf edən şəkildə dəyişdi və itirilmiş əraziləri qaytardı.Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın xeyrinədir. Çünki Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etmədi.

44 günlük Vətən müharibəsi nələri dünyaya nümayiş etdirdi. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə , dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq. Bu müharibədə Prezidnt İlham Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə şəkildə sinə gərərək onları dəf etdi , öz prinsipial mövqeyindən dönmədi. 30- dan artıq müsahibəsi ilə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları darmadağın etdi. Yekkun nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaqvə gec-tez öz amalına qovaşacaqdır.Azərbaycan xalqı bundan sonra da öz liderinə etimad göstərərək nümayiş etdirəcək , hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Ali Baş Komandanımızın ətrafında birləşəcək!

Azad Bayramov,
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO