/ / Azərbaycanla ərəb dövlətləri arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyur - Pərvin Kərimzadə

Azərbaycanla ərəb dövlətləri arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyur - Pərvin Kərimzadə

27 Baxış

Azərbaycanla ərəb dövlətləri arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyur -

Cənubi Qafqazın qalib dövləti, regionun söz sahibi, iqtisadi və hərbi gücü, nəhəng enerji və nəqliyyat infrastrukturlarının müəllifi kimi tanınan Azərbaycana olan yüksək ehtiramı dünya miqyasında açıq-aydın müşahidə etmək mümkündür.

Bunu açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Prezident İlham Əliyevin Fəxri qonaq statusunda iştirakı dövlətimizin başçısının yüksək beynəlxalq nüfuzunun əyani göstəricisi idi. Eyni zamanda bu səfər Azərbaycanla ərəb dövlətləri arasındakı əlaqələrin yeni mərhələyə qədəm qoymasından xəbər verir. Ərəb Dövlətləri Liqasının 31-ci sammitində iştirak edən yeganə qeyri-ərəb dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyev olub. Qeyd edək ki, Azərbaycan 2006-cı ildən ƏDL-nin üzvüdür. Ərəb Dövlətləri Liqası 1945-ci ildə təsis edilib və 22 dövləti özündə birləşdirir. Əlcəzair Prezidentinə və Ərəb Dövlətləri Liqasının baş katibinə dəvətə görə dərin təşəkkürünü bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bu mötəbər sammitdə iştirak etmək və ölkələrimiz arasında birliyi nümayiş etdirmək mənim üçün böyük şərəfdir. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etmək məndə xüsusi məmnunluq doğurur. Mən Əlcəzair Prezidentini və hökumətini, bütün Əlcəzair xalqını Azadlıq Günü münasibətilə təbrik edirəm.

Milli Məclisin deputatı qeyd edib ki, səfər çərçivəsində dövlət Başçımız Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində ölkənin müstəqilliyinin 20-ci ildönümü münasibətilə 1982-ci ildə açılan, Əlcəzairin azadlığı uğrunda mübarizədə həyatını qurban vermiş döyüşçülərin xatirəsinə ucaldılmış Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edib. Əlcəzairi işğal edilməsi, onun maddi və mənəvi sərvətlərinin talanması dünyaya “demokratiya dərsi” keçməyə çalışan Fransanın qanun pozuntularının, “insan hüquqlarının qorunması” adı ilə pərdələnən əməllərinin nümunəsidir.

Prezident İlham Əliyev Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı Fransanın Əlcəzairi işğal etməsinə, əhalisini soyqırımına məruz qoymasından danışaraq qeyd edib ki, “Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.”
Fransanın Əlcəzairdə apardığı siyasətlə Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı Azərbaycanın Qarabağ bölgəsində yürütdüyü siyasət arasında paralellər aparmaq olar. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşma dayanır. Ərazisinə görə Afrikanın və ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına vaxtilə muxtariyyət belə verməkdən imtina etmiş Fransa indi Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edir. Fransa ordusu öz azadlığını tələb edən əlcəzairlilərə qarşı kütləvi qətliamlar, çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər törədib. Eyni cinayətlər Qarabağda yaşayan və erməni işğalına qarşı çıxan azərbaycanlılara qarşı da həyata keçirilib. 1830-1962-ci illəri əhatə edən işğal dövründə 1,5 milyondan artıq əlcəzairlini amansızcasına qətlə yetirən Fransa minlərlə azərbaycanlını soyqırımına məruz qoyan Ermənistana dəstək verir, işğalçı ölkənin yanında yer alır. Dünyanın ən böyük faciələrindən birini törədən Fransa hakimiyyətinin ermənipərəst mövqeyi, Azərbaycana münasibətdə haqsız davranışı demokratik, hüquqi dəyərlərin inkişafına doğru atdığı addımlarla tərs mütanasibdir.

Ərəb Dövlətləri Liqasının 31-ci Sammitində BMT-dən sonra ikinci ən böyük təsisat Qoşulmama Hərəkatının sədri qismində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev öz ölkəsi ilə yanaşı, Hərəkatda birləşən 120 ölkəni təmsil edib və Azərbaycan həqiqətləri bir daha dünyaya bəyan edib. Məlum olduğu kimi, 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünyada ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2011-ci ildən bu mötəbər təşkilatın üzvüdür və 2019-cu ildən Qoşulmama Hərəkatına sədrlik edir. Bütün bu illər ərzində ölkəmiz təşkilat daxilində yüksək fəallıq nümayiş etdirib, bütün üzv dövlətlərin maraqlarına cavab verən bir çox önəmli təşəbbüslərlə çıxış edib.

Ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan İslam həmrəyliyi işinə hər zaman böyük töhfələr verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilib. Azərbaycanın siyasi rəhbərliyinin ərəb dövlətləri ilə münasibətdə ardıcıllığı, səmimiliyi xüsusi vurğulanmalıdır. Zəngin karbohidrogen ehtiyatlarına malik olan ərəb dövlətləri və Azərbaycan beynəlxalq iqtisadi platformalarda sıx əməkdaşlıq edirlər. Artıq ərəb ölkələrindən işğaldan azad olunmuş Qarabağda təmir-quruculuq işlərində iştirakla bağlı mesajlar alınmaqdadır. Yaxın gələcəkdə ərəb dövlətləri ilə Azərbaycanın münasibətlərində siyasi məzmun və keyfiyyət baxımından yeni mərhələnin başlayacağını söyləmək mümkündür. Olduqca qürurverici haldır ki, dünyanı sosial, iqtisadi böhranın bürüdüyü, siyasi kataklizmlərin baş verdiyi bir zamanda həm ölkənin təhlükəsizliyini qoruya bilmək, həm də beynəlxalq aləmdə baş verən hadisələrdə söz sahibi kimi proseslərə təsir göstərib xalqının və dövlətinin maraqlarını müdafiə etmək missiyasını uğurla yerinə yetirən Prezident, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, çevik, praqmatik siyasəti sayəsində müstəqil Azərbaycan dünyada söz sahibi olan böyük dövlətlərlə bir addımlayır.

FOTO / VİDEO
VİDEO