/ / Zəfər işığında dalğalanın bayrağım

Zəfər işığında dalğalanın bayrağım

67 Baxış

Zəfər işığında dalğalanın bayrağım

Hər bir xalqın milli - mənəvi dəyərləri vardır. Keşməkeşli və qədim tarixə malik olan xalqımızın milli dövlətçilik ənənəsi qədim kökə söykənir. Bu ənənə zaman keçdikcə müxtəlif sınaqlardan keçmiş, daha da möhkəmlənmişdir

Xalqımızın dövlətçilik tarixində öz yerini tutan atributlarımızdan biri də bayrağımızdır. Bayraq elə rəmzdir ki, millət onda keçmişini və bu gününü görür, zamanla səsləşən tarixini onun vasitəsilə izləyir. Tarixə nəzər salsaq , bayraq ilk növbədə qədim tayfaların və tayfa birliklərinin simvolu olmuş sonralar dövət qrumlarının və dövlətlərin əsas simvollarına və atributlarına çevrilmişdir.

Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
(B.Vahabzadə)


Bu misralarda da deyildiyi kimi bayraq mənlikdir, bayraq namusdur, şərəfdir, bayraq dövlətin var olma səbəbidir. Qədimdən bəri bayraq ən müqəddəs varlıq olmuş, onun uğrunda ərənlər canından keçmiş, bayrağı qoruyub-saxlamaq üçün ən son damla qanlarına qədər vuruşmuşlar. Bayraq Vətən deməkdir, Vətən uğrunda döyüşmək elə bayraq uğrunda döyüşmək deməkdir. Çünki bayraq dövlətin əsas atributudur. Bayrağa edilən hər hansı hörmətsizlik həmin bayrağın mənsub olduğu dövlətə qarşı edilən təhqirdir.

Xalqımızın dövlətçilik tarixində bir neçə bayraqlar olmuşdur. Bu günki, üç rəngli bayrağımızın tarixi XX əsrin birinci rübündən başlayır. Azərbaycanın üçrəngli bayrağının tarixi Xalq Cumhuriyyəti ilə bağlıdır. İlk dəfə 1918-ci ildə noyabrın 9-da Nazirlər Şurasının yerləşdiyi binada üçrəngli bayrağımız rəsmi dövlət bayrağı kimi elan edilmiş və qaldırılmışdır. O vaxta qədər isə Müvəqqəti hökumət tərəfindən Qədim Osmanlı İmperiyasının 1793-1844-cü illərdə mövcud olmuş üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmiş qırmızı bayraq dövlət bayrağı kimi qəbul edilmişdi.

1918-ci il sentyabrın 15- də Azərbaycan hökuməti Gəncədən Bakıdan köçdü. Ilk tədbirlərdən biri yeni Dövlət Bayrağının qəbul edilməsi oldu. 1918 ci il noyarın 9-da AXC hökumətinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edildi. Qərarda göstərilirdi. “Yaşıl, qırmızı və mavi rənglərdən ağ aypara və səkkizbucaq ulduzdan ibarət olan bayraq milli bayraq hesab edilsin”. Bayarağın üç rəngli olması ideyası Əli bəy Hüseynzadəyə məxsus olmuşdu. Onun “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq” ideyaları bayrağımız üzərində üç müxtəlif rəngdə öz əksini tapdı. Belə ki, bayrağımızdakı mavi rəng türk mənşəli olduğumuzu, qırmızı rəng müasir və demokratik cəmiyyəti, yaşıl rəng isə islam mədəniyyətini əks edirir.

Dekabrın 7-də Azərbaycan Parlamentinin açılışında ilk dəfə olaraq üçrəngli bayraq səhnəyə gətirilmişdi. Parlamentin açılışı zamanı orada iştirak edən dahi Üzeyir Hacıbəyov yazır ki, “milli bayrağımız səhnəyə gətirilərkən hər kəsin gözlərində sevinc yaşları görünürdü”.

Təəssüf ki, həmin dövrdə üçrəngli bayrağımızın ömrü az olmuş, Xalq Cumhuriyyərinin süqutu ilə bayrağımız da 1920-ci ilin may ayında Parlamentin üzərindən endirilmişdir.

1920-1950-ci illərdə Azərbaycan SSR-nin altı müxtəlif dövlət bayraqları qəbul edilmişdir.1980-ci illərin sonlarında Azərbaycanda milli-azadlıq hərəkatı genişlənməyə başladı. Artıq Azərbaycanın suverenliyi zərurətə çevrilmişdi.

Hələ Azərbaycanını müstəqillik əldə etməsindən bir qədər əvvəl 1990-cı il noyabrın 17-də müstəqil Azərbaycanın qurucusu olan ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Xalq Cumhuriyyətinin bayrağı olan üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı elan edilərək ucaldıldı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında qaldırdığı vəsatətin nəticəsi olaraq Nəhayət 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” qəbul edildi və mavi, qırmızı, yaşıl zolaqlı, ay-ulduzlu bayraq Azərbaycanın dövlət bayrağı oldu.

2009-cu il 17 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamla hər il noyabr ayının 9-nun ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilməsi qərara alınmışdır. Türk millətləri bayrağa ən çox sayqı göstərən, ən çox sevən millətlərdi deyə bilərik. Biz əsrlər boyu bayrağı uca tutmuş, kim bayrağımıza qarşı mənfi ifadə işlətsə həddini bildirmiş, bayrağımızı yerə düşməyə imkan verməmiş, hər zaman öpüb gözlərimizə qoyaraq qəlbimizin üstündə saxlamışıq. Bayraq sevgisi elə vətən sevgisi deməkdir. Hələ uşaqlıqdan bu müqəddəs sevgi bizə aşılanıb. Elə bu sevginin baris təcəssümü olaraq on minlərlə igidimiz 2020-ci ildə könüllü olaraq ordu sıralarına yazıldı. Onlar üçrəngli bayrağımızı müqəddəs torpaqlarımıza sancmağa and içdilər və bu anda sadiq qaldılar, kimi canı-qanı bahasına, kimi sağlamlığı bahasına. Qəribə sevgidir vətən, bayraq sevgisi, heç bir sevgiyə bənzəməz, yolun sonunda ölüm olmasını bilə-bilə gedilər, sözündən dönülməz.

Azərbaycan xalqı da öz bayrağını hər zaman sevmiş və uca tutmuşdur. Ötən ilə qədər hansı Azərbaycan vətəndaşından “ən böyük arzun nədir?” deyə soruşulanda, birmənalı şəkildə “o gün olsun bayrağımız Qarabağda – Şuşada dalğalansın” deyərdi. 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Prezident İlham Əliyevin bayraqla bağlı möhtəşəm çıxışı olmuşdu: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır”.

Nəhayət qüdrətli Ali Baş Komandanımızın başçılığı ilə, rəşadətli ordumuzun gücü ilə 30 illik arzularımız gerçək oldu. Bu gün üçrəngli bayrağımız əzəli vəəbədi torpaqlarımız olan Qarabağın da səmalarını bəzəyir. Bu gün Azərbaycan torpaqlarından zəfər qoxusu gəlir. İllərdir boynu bükük olan xarıbülbül öz qələbə ətrini bütün Azərbaycana yayır.

44 günlük vətən müharibəsi dövründə işğaldan azad edilmiş torpaqlarımıza müstəqilliyimizin rəmzi olan üç rəngli, aylı-ulduzlu bayrağımız qəhrəman əsgərlərimiz tərəfindən sancıldıqca bizim də qəlbimiz fərəhlə doldu.

Böyük qələbəmizin təcəssümü olan Zəfər günü ilə Bayraq gününün ardıcıl olaraq qeyd edilməsi təqvimdə xoş bir təsadüf oldu. Şanlı zəfərimiz nəticəsində üçrəngli bayrağımız artıq 30 ilə yaxın həsrət qaldığı torpaqlara qovuşdu, Qarabağ diyarını öz ay-ulduzu ilə bəzədi.

Azərbaycanın Ümummilli lideri Heydər Əliyev öz çıxışlarında demişdir: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir. Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir”. Həqiqətən də xalqımız ümummilli liderimizin bu şüarını rəhbər tutaraq üçrəngli bayraq altında bir yumruq kimi birləşdi. 44 günlük müharibə dövründə kimisi öz sonuncu pensiyası ilə orduya yardım etdi, kimisi də balaca ürəyi ilə daxılında olan qəpikləri orduya bağışladı.

Bayraq vətən qədər müqəddəsdir, bayraq elə vətənin özüdür. Müharibəyə gedərkən qəhrəmanlarımız üçrəngli bayrağımızı Qarabağın hər guşəsinə sancmağı and içmiş, igidlərimiz bayrağa bürünərək səfərbərlik idarələrindən döyüşə yollanmış, şəhidlərimiz cənnətə bayrağa bürülərək yola salınmış. Hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın ar-arda işğaldan azad olunma sevincini yaşarkən bayrağa bürünmüş, bütün evlərin eyvanından üçrəngli bayrağımız dalğalanmışdır.

Bu şərəfli qələbə naminə canından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə və döyüşçülərimizə can sağlığı diləyir, hər bir müharibə iştirakçısı qarşısında, şəhidlərimizin ruhu qarşısında baş əyir, onları hər an böyük ehtiramla yad edirik. Ali Baş Komandanımızın “Dəmir yumruq” əməliyyatı nəticəsində əzmkar döyüşçülərimizin əldə etdiyi bu şərəfli qələbəni nəinki xalqımız, bütün dünya unutmayacaq, zəfər yolumuz hələ çox tarix kitablarını bəzəyəcək.

Bu il zəfər tariximizin artıq ikinci ili qeyd olunur, müqəddəs bayrağımız Azərbaycanın dilbər guşəsi olan Qarabağda, Qarabağın baş tacı olan Şuşada dalğalanır. Şuşa şəhərinin azad olunduğu gün “Zəfər günü” və “Bayraq günü” ardıcıl şəkildə qeyd olunur. Mən inanıram ki, Azərbaycan xalqı müharibə dövründə olduğu kimi hər zaman bir bayraq altında həmrəy olacaq, bir yumruq kimi möhkəm şəkildə bir-birinə bağlı olacaq. Bu birlikdən qorxan mənfur düşmən bir daha torpaqlarımıza göz dikə bilməyəcək.

Qanla yudu şəhidlər bu müqəddəs torpağı,
Əcdadların ruhu şaddır – geri döndü ocağı.
Millətimin qürur yeri, şan-şöhrəti, dayağı-
Qarabağda dalğalanır Azərbaycan bayrağı!


Yaşasın müstəqil Azərbaycanımız, yaşasın müstəqil xalqımız, yaşasın müstəqil üçrəngli bayrağımız.


Prof.A.M.Bayramov
ADAU-nun İctimai elmlər və multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO