/ / Qarabağ Zəfərinin ildönümündə Azərbaycanın regional əlaqələri

Qarabağ Zəfərinin ildönümündə Azərbaycanın regional əlaqələri

42 Baxış

Qarabağ Zəfərinin ildönümündə Azərbaycanın regional əlaqələri

Məlumdur ki, 44 günlük Vətən müharibəsində sonra son iki ildə regionda yeni geosiyasi reallıq yaranıb.Yaranan yeni geosiyasi şəraitdə dövlət başçımız İrəvana mehriban qonşuluq, əməkdaşlıq təklifi etdi. Bununla əslində Azərbaycan Cənubi Qafqazın gələcəyi üçün yol xəritəsini cızdı. Ancaq Ermənistan və regionda maraqları olan dövlətlər bu təklifdən boyun qaçırmağa meylli siyasət icra etməyə çalışırlar. Son iki ildə davam edən diplomatik mübarizədə bəzi dövlətlər bu geosiyasi reallığı öz xeyrinə dəyişməyə çalışarkən Azərbaycan və Türkiyənin əməkdaşlığı həm hərbi, həm də diplomatik müstəvidə üstünlüyünü qoruyub saxlayır. Prezident İlham Əliyev Azərbaycanın Qarabağdakı qələbəsində Türkiyənin mühüm rolunu “Türkiyənin dəstəyi bizə güc verdi və bəzi qüvvələrin müharibəyə qarışmasının qarşısını aldı” fikri ilə yüksək qiymətləndirir.

Rusiyanın Soçi şəhərində 31 oktyabr tarxində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Keçirilən üçtərəfli görüşdə “qarşılıqlı güc tətbiq etməkdən çəkinmək və mübahisələri yalnız qarşılıqlı suverenliyin tanınma əsasında həll etmək” istiqamətində addımlar atıldı. İrəvanda prioritetlərin azərbaycanlıların Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdən çıxarılması və erməni hərbi əsirlərin azad edilməsi olduğunu qeyd edən cənab İlham Əliyev Qarabağ məsələsinin tarixdə qaldığını qeyd edərək, bildirib ki, iki ölkə arasında münasibətlər Azərbaycanın əvvəllər təklif etdiyi 5 əsas prinsipə uyğun olaraq normallaşdırılmalıdır.Əvvəlki görüşlərində Rusiya ilə ikitərəfli əlaqələri geniş müzakirə etdiklərini xatırladan prezident İlham Əliyev keçirilən görüşün gündəliyində regional məsələlərin vacibliyini vurğuldı. Danışıqlar aparmaq və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün hərəkətə keçməyin vaxtı olduğunu bildirdi. “Qarabağ münaqişəsinin həllində göstərdiyiniz səylərə görə sizə bir daha təşəkkür etmək istəyirəm. 2 il əvvəl imzaladığımız üçtərəfli bəyannamə uzun müddətdir davam edən münaqişəyə son qoydu”.

Görüşdən sonra üç lider birgə bəyanatda müvafiq olaraq, Azərbaycan və Ermənistan ərazi mübahisələrində güc tətbiq etməkdən çəkinməyə, problemləri suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının tanınması əsasında həll etməyə razılaşıblar. Üçtərəfli birgə bəyanatda diqqət çəkən məqamlar isə aşağıdakılardır: Liderlər güc tətbiq etməkdən çəkinməyə razılaşıblar. Üç ölkənin liderləri Azərbaycan-Ermənistan münasibətlərinin hərtərəfli normallaşması, sülh, sabitlik, təhlükəsizlik və davamlı iqtisadi inkişaf naminə bütün bu sazişlərə ciddi əməl etməyə sadiq olduqlarını bir daha bəyan ediblər.Qalan problemlərin, o cümlədən humanitar məsələlərin təcili həlli üçün əlavə səylər razılaşdırılıb. Bütün problemli məsələlər BMT Konvensiyasına və 1991-ci ildə qəbul edilən Alma-Ata bəyannaməsinə uyğun olaraq yalnız suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə edib, həll etməyə razılaşdılar. Regionda sabit və davamlı sülhün bərqərar olması üçün Azərbaycan Respublikası ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına fəal hazırlıq aparıldığı da vurğulanıb. Mövcud hadisələrə əsaslanaraq, qarşılıqlı məqbul həll yollarını axtarmağa davam etmək barədə razılığa gəliblər. Rusiya Federasiyasının buna hər cür dəstək verəcəyi də diqqət çəkən məqamlardan biridir. İki ölkə xalqları arasında etimadı gücləndirmək məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında cəmiyyət nümayəndələri, ekspert icmaları və dini liderlər arasında dialoğu Rusiyanın dəstəyi ilə davam etmək və üçtərəfli parlamentlərarası təmaslara başlamaq üçün müsbət atmosferin yaradılmasının vacibliyini də vurğulayıblar.

Üç liderin görüşünə paralel olaraq xarici işlər nazirləri üçtərəfli görüş keçirib. Azərbaycan və Ermənistan arasında davam edən diplomatik danışıqların əsas məqsədi iki dövlət arasında münasibətlərin normallaşması və regional nəqliyyat xətlərinin açılmasıdır. 31 avqust Brüssel, 6 oktyabr Praqa və 31 oktyabr Soçi görüşlərindən sonra elan edilən üçtərəfli bəyannamədə Azərbaycan-Ermənistan münasibətlərinin dövlətlərin qarşılıqlı suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi Azərbaycan üçün diplomatik uğur idi. Lakin bu bəyannamələr və şifahi razılaşmalar hələlik yekun sülh sazişinə çevrilməyib. Bir tərəfdən Ermənistan daxilindəki revizionist müxalifət, digər tərəfdən isə onları dəstəkləyən üçüncü aktorlar regionda sülhün və əməkdaşlığın onların maraqlarına uyğun olmadığını düşünürlər. Azərbaycan və Ermənistan arasında müharibəyə və düşmənçiliyə son qoyacaq sülh sazişi region üçün yeni üfüqlər açacaq. Bu sülh sazişi nəqliyyat xətlərinin açılmasına və Azərbaycan-Ermənistan münasibətlərinin, eləcə də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına səbəb olacaq. Qarabağ zəfərinin ardından yaranan imkanlarla Azərbaycan-Türkiyə münasibətləri regional və qlobal kontekstdə mühüm əhəmiyyət kəsb etməkdədir. Bu, xüsusilə Avropanın enerji təhlükəsizliyində resursların şaxələndirilməsinə, Orta Dəhlizinin sürətləndirilməsinə və türk dövlətləri ilə əlaqələrin inkişafına kömək edir. Qarabağ qələbəsi də iki türk dövlətinin əməkdaşlığının bariz nəticəsi idi və Orta Asiya ölkələri arasında həm Türkiyə, həm də Azərbaycanla əlaqələrin inkişafını sürətləndirdi.

Prof.Bayramov Azad Mustafa oğlu
ADAU-nun İctimai fənlər kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO