/ / Möhkəm təməl üzərində qurulan Azərbaycan-Gürcüstan əlaqələri!

Möhkəm təməl üzərində qurulan Azərbaycan-Gürcüstan əlaqələri!

59 Baxış

Möhkəm təməl üzərində qurulan Azərbaycan-Gürcüstan əlaqələri!

Azərbaycan Gürcüstan arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayıblar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulmuşdur. Xüsusilə qeyd etmək lazımdır ki, Xalq Cümhuriyyəti dönəmindən başlanan bu münasibətlər bugün daha da yüksək templə inkişaf edir. Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikası 1918-ci ilin yazında müstəqillik qazandıqdan dərhal sonra öz aralarında siyasi, hərbi, diplomatik, iqtisadi, maliyyə, nəqliyyat, rabitə və digər sahələr üzrə çeşidli əlaqələr yaratmaq, qarşılıqlı faydalı əməkdaşlığı tənzimləmək və dərinləşdirmək zərurəti ilə üzləşdilər. Bu, bir tərəfdən hər iki gənc respublikanın eyni regionda yerləşməsi və oxşar problemlərlə üzləşməsi, digər tərəfdən isə Cənubi Qafqazın 100 ildən artıq Rusiya imperiyası tərkibində müstəmləkə əsarətində qalması üzündən ortaq tarixi mirasa malik olmaları ilə bağlı idi.

Sonrakı dönəmdə yəni Sovet Hakimiyyəti dağıldıqdan sonra bu münasibətlər yeni forma aldı desək heç də yanılmarıq. Bu əlaqələrin yaranması və möhkəmlənməsində Ulu Öndərimiz Heydər Əliyevin rolu əvəzsiz və ölçüyəsığmazdır. Belə ki, 1993-cü ildə Heydər Əliyevin və Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi Cənubi Qafqazda mövcud olan ziddiyyətlərin aradan qalxmasına kömək etdi. Xarici və daxili siyasətdə milli mənafeləri təmin edən strategiya həyata keçirildi. 1995-ci ildə Azərbaycan ilə Gürcüstan dövlətləri arasında müqavilə bağlandı. Bu müqavilə siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edir. Əslində Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. SSRİ dağılandan sonra hər iki ölkədə baş verən proseslər, daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi və digər amillər iki ölkə arasında partnyorluq münasibətlərinin yaranmasına gətirib çıxardıb. Ölkələrarası diplomatik münasibətlər qurulandan sonra istər regional, istərsə də qlobal məsələlərdə bu iki dövlət həmişə eyni mövqedən çıxış edib.

Bugün bu ənənə Cənab prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Cənubi Qafqazda yeni siyasi və iqtisadi reallıqların yarandığı dövrdə Prezident İlham Əliyevin Gürcüstana səfəri həm ikitərəfli, həm də regional əlaqələrin inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin iki gün öncə Gürcüstana səfəri, bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər mühüm əhəmiyyət kəsb edir. Bu səfər zamanı diqqətçəkən məqamlardan biri Azərbaycan-Gürcüstan iqtisadi əlaqələrindəki artımın konkret rəqəmlərdə öz əksini tapması oldu.  Dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələrin güclənməsi, iki ölkənin vahid maraqlarının müdafiəsi üçün birgə addım atmalarını şərtləndirir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz kimi layihələrdə qonşu Gürcüstanın mövqeyi regional təhlükəsizliyi şərtləndirir və regionda sabitliyi təmin edir. Bu layihələr bundan sonra da münasibətlərimizi daha da irəliyə aparacaqdır.

Dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstan və qonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda, Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Gürcüstanın Baş naziri İrakli Qaribaşvili isə yeni yaranan nəqliyyat dəhlizlərinin əhəmiyyətinə toxunarkən deyib ki, Bakı ilə Tbilisi tarixi layihələrə imza atıb və bundan sonra da həmin ikitərəfli əlaqələri daha da sürətləndirmək əzmindədirlər.

Məlumdur ki, Zəngəzur dəhlizinə qarşı çıxan qüvvələr Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan deyil, Ermənistan ərazisindən keçidini təmin etmək üçün işlərə başlayıb. Aydındır ki, Ermənistanın Qara dənizə birbaşa çıxışı yoxdur. Bu səbəbdən, Şimal-Cənub nəqliyyat dəhlizinin Yeni Dehli-Tehran-İrəvan-Tbilisi-Qara dəniz istiqamətində inkişaf etdirilməsi planlaşdırılan qolu mütləq Gürcüstan ərazisindən keçməlidir. Görünür, Ermənistanın beynəlxalq nəqliyyat layihələrində Azərbaycanın icazəsi olmadan iştirakı mümkün olmayacaq. Regionda bəzi qüvvələrin Zəngəzur dəhlizinin inşasına qarşı çıxdığı dövrdə Gürcüstanın Orta Dəhlizin inşası barədə sərgilədiyi mövqe Azərbaycanın maraqları və regional sülh, qarşılıqlı etibarın möhkəmləndirilməsi baxımından önəmlidir.

Eyni zamanda səfər zamanı Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin mətbuata bəyanatları zamanı dövlətimizin başçısı strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə qalxdığını bəyan etdi. Çünki bir çox sahələr üzrə biz fəal əməkdaşlıq edirik. Həm də beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birimizi dəstəkləyirik. Prezident İlham Əliyevin də səfər zamanı qeyd etdiyi kimi, Azərbaycanla Gürcüstan arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yüksəlməsi günümüzün vacib tələbidir. İkitərəfli layihələrimiz təkcə ölkələr və region üçün deyil, ümumilikdə Avropanın enerji təhlükəsizliyi baxımından mühüm önəm daşıyır. Çünki Azərbaycanın yaratdığı yeni reallıqlar, iqtisadi layihələr həm regionun, həm də Qərbin maraqlarına cavab verir. Qırx dörd günlük Vətən müharibəsindən sonra Azərbaycan region ölkələrinin də iştirakı ilə yeni bir inkişaf konsepsiyasını irəli sürdü. Bu platformada Azərbaycan və Gürcüstanla yanaşı Ermənistanın da yer alması fürsətinin yaradılması Bakının beynəlxalq humanist mövqeyini bir daha bəyan etmiş oldu.

Cənab Prezidentimiz Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalanmasının əhəmiyyətini və vacibliyinə hər zaman vurğulayır. O qeyd edir ki, Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir. Dövlətimizin başçısı, eyni zamanda, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinə başlanması haqqında da fikir mübadiləsinin aparıldığını bildirib. Əlbəttə ki, bu, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlıq mühitinin bərqərar olunması istiqamətində önəmli bir platforma ola bilər. 2008-ci ilin avqustunda Gürcüstanda baş verən qanlı müharibə zamanı Azərbaycanın bu ölkəyə göstərdiyi dəstək, eyni zamanda, 44 günlük Vətən müharibəsi zamanı Gürcüstanın Ermənistana silah idxalına qoyduğu qadağa ölkələr arasındakı dostluğun bariz nümunəsidir. Həmin münasibətlər tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslanır. Mövcud əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın rifahı naminə daha da yüksək səviyyəyə qalxacaq. Bütövlükdə, Azərbaycanla Gürcüstan arasında münasibətlər hər iki xalqın maraqlarına uyğun olaraq inkişaf edir və edəcəkdir.


Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO