/ / Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu

Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu

57 Baxış

Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişatında dönüş nöqtəsi oldu

Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub. Hamımıza məlumdur ki, Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Belə ki, Qubadlı şəhərinin işğaldan azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Qubadlının işğaldan azad olunması həm də Ermənistanın cinayətlərinin də üstünü açdı. Şəhər işğaldan azad ediləndən sonra məlum oldu ki, ermənilər Xanlıqda hərbi istehkam, hərbi baza qurublar. Bununla belə, Xanlıq kəndində qanunsuz məskunlaşma aparmış, xaricdən gətirilən erməniləri burada qanunsuz yollarla yerləşdirmişdilər. Bu da əlbəttə ki, müharibə cinayəti sayılır. Cenevrə konvensiyalarına görə, işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Ermənistan bu cür cinayət əməllərinə görə də beynəlxalq hüquq qarşısında cavab verməlidir. İşğal müddətində ümumiyyətlə Qubadlı şəhəri və rayonun kəndləri ermənilər tərəfindən dağıdılıb, tarixi, dini, mədəni abidələr, qəbiristanlıqlar məhv edilərək vandallıq əməlləri törədilib.

Qubadlının azad edilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı desək heç də yanılmarıq. Qərbdən Ermənistan, şimaldan Laçın və Hadrut, şərqdən Cəbrayıl, cənubdan Zəngilan ilə həmsərhəd olan Qubadlı rayonunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgərlərimizin şücaəti və xalqımızın birmənalı dəstəyi sayəsində xalqımız Qubadlının işğal tarixini deyil, artıq onun işğaldan azad edilməsi tarixini qeyd edir. Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunması həm düşmən ordusunun geri çəkilmə sürətini artırdı, həm də Ordumuzun mənəvi-psixoloji üstünlüyünü daha yüksək səviyyəyə qaldırdı. Buna görə də Azərbaycan Silahlı Qüvvələri hücum templərini artırmaqla Qubadlı rayonunun daha sürətlə azad edilməsi üçün əlverişli şərait yaratmışdı. Qubadlının azad olunmasının strateji, hərbi, siyasi, iqtisadi, mənəvi-psixoloji əhəmiyyəti var. Bu rayonun azad edilməsi Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü möhkəmləndirdi. Azərbaycan Qubadlını azad etməklə həm də Ermənistanla olan dövlət sərhədini bərpa etdi.Qubadlının azad olunması ilə Silahlı Qüvvələrimizin Laçın istiqamətində əməliyyatlar həyata keçirmək üçün möhtəşəm imkan əldə olundu. Qoşunlarımızın irəliləməsi üçün Hadrut-Şuşa istiqamətində isə kifayət qədər geniş şərait yarandı. Laçın istiqamətinə yol açıldı. Laçın dəhlizini tam atəş nəzarətində saxlamağa nail olundu. Laçın dəhlizinin bağlanması isə xüsusilə Şuşanın azad edilməsi üçün həyata keçirilən döyüş əməliyyatlarının taleyini əvvəlcədən həll etdi. Qubadlı döyüşləri Silahlı Qüvvələrimizin qəsbkar Ermənistan ordusuna qarşı apardığı müharibənin məntiqi sonluğunu bir qədər də yaxınlaşdırdı.

Hazırda dövlətimiz Qubadlının təhlükəsizliyinin təmin olunması üçün kifayət qədər ciddi tədbirlər görür. Prezident İlham Əliyev Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı buna əyani misaldır. Hərbi hissədə silah-sursata baxdıqda məlum olur ki, dünyanın barmaqla sayılacaq qədər ölkəsində belə müasir silah arsenalına malik hərbi hissələrə rast gələ bilərik. Bu, Azərbaycanın hərbi qüdrətinin və sərhədlərinin etibarlı qorunmasının göstəricisidir.

Bugün eyni zamanda Qubadlıda dövlət tərəfindən bir çox mühüm layihələr həyata keçirilir. Bunların arasında təməli qoyulan Xanlıq-Qubadlı avtomobil yolu çox mühüm layihədir. Bu yollardan həm də Azərbaycan Silahlı Qüvvələrinin təminat və təchizatında istifadə ediləcək. Yaradılan bütün yolların hava limanları ilə birləşdirilməsi isə gələcəkdə Silahlı Qüvvələrimizin işğaldan azad olunmuş digər ərazilərdə böyük tövhələr vəd edəcəyinə əminik.

Qubadlının gözəlliyini, təbii sərvətlərini, tarixini, keçmişini, bugününü və gələcəyini təsvir və təhmin etmək üçün bacarığın və təsəvvürün olmalıdır. Bir Qarabağlı kimi Qubadlı niskili Ağdam qədər mənə yaxın və doğmadır. 30 il idi ki, bizlər torpaq nisgili ilə qovrulduq. Amma ümidimizi heç zaman itirmədik. Ümid sonda ölür deyərlər məsəli bu məqamda tam yerinə düşmüşdür. Sonda igid aslanlarımızın, mərd ərənlərimizin qanı bahasına qayıdan torpaqlarımız qayıdışınız mübarək! Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna eşq olsun!


Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO