/ / Zəngilan Beynəlxalq Hava Limanının zəruriliyi və strateji əhəmiyyəti

Zəngilan Beynəlxalq Hava Limanının zəruriliyi və strateji əhəmiyyəti

45 Baxış

Zəngilan Beynəlxalq Hava Limanının zəruriliyi və strateji əhəmiyyəti

20 oktyabr 2022-ci il tarixində ölkəmiz üçün tarixi günlərdən biri kimi daxil oldu. Prezident İlham Əliyev və qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunda yerləşən Beynəlxalq Hava Limanının açılışını etdilər. Hər kəsə məlumdur ki, bu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın tarixi Zəfərindən sonra Qarabağa reallaşan üçüncü səfəridir. Əslində məsələyə diqqətlə yanaşsaq, 2021-ci il 15 iyun tarixində Şuşada Bəyannamənin imzalanması, 26 oktyabr 2021-ci ildə Füzuli Hava Limanının açılışı və Zəngilan Hava Limanının açılışı Qarabağda möhtəşəm tədbirlərin davam edəcəyinin xəbərçisidir. Qardaş Türkiyə Prezidentinin bu açılışda iştirak etməsi həm də Qarabağın strateji əhəmiyyətini göstərir. Üçüncü hava limanı isə hazırda Laçın rayonunun ərazisində inşa olunur.

Oktyabrın 20-də Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev mətbuata verdiyi bəyanatda deyib ki, Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir: "Zəngilanda açılışı olan beynəlxalq hava limanı regionun inkişafında mühüm əhəmiyyəti olacaq. Hava limanın ümumilikdə Qarabağın əhəmiyyətli nəqliyyat qovşağına çevrilməsində önəmli rolu olacaq. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturunu da gücləndirəcək". Xüsusilə vurğulamaq lazımdır ki, hava limanı yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş ərazilərimizin sənaye potensialını nəzərə alsaq, hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından çox vacibdir. Hava limanın istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu isə xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından da vacibdir. Qarabağdan dünyanın ayrı-ayrı ölkələrinə birbaşa səfərlərin təşkil edilməsi isə əlavə bir üstünlük bəxş edəcəkdir.

Azərbaycan və Türkiyə Prezidentləri Zəngilan Beynəlxalq Hava Limanının açılışını etməklə bir daha beynəlxalq aləmə göstərdilər ki, Zəngəzurun açarı sahiblərindədir. Bu xəbərdən sözsüz ki, narahat olan qüvvələr də tapıldı. Belə ki, iki Türk liderin iştirakı ilə hava limanının açılışını edəcəyi xəbərini eşidən müsəlman cənub qonşularımız ordusunu yığıb Araz sahilinə gətirdi, “körpülər” atdı, yolüstü bir neçə nəfərin ölümünə də bais oldular.Sonra hay arkadaşları ilə birləşib Zəngilanın o üzündə, Qafanda İranın baş konsulluğunun açılışını etdilər, samanlığa bənzəyən və suvağı qurumamış tikilidə . Bununla guya Azərbaycan və Türkiyəyə acıq vermək istədilər, amma nəticə göz qabağında özlərini rəzil vəziyyətinə qoyduqlar. 44 günlük müharibə zamanı da bənzər davranışları müşahidə edirdik. Ermənistanı gizli və açıq dəstəkləyən “müsəlman” qonşumuz Azərbaycanın zəfərlərini sinirə bilməyib, ordusunu Araz sahilinə daşımaqdaydı, hansı ki, 30 illik işğal dönəmində bircə dəfə də olsun bu bölgəyə ordu yığmamışdı, əksinə, daha əmin və sülh tərəfdarı kimi özünü təqdim edirdi. Şuşadakı Yuxarı Gövhərağa məscidini “farslaşdırmaq” arzusu gözündə qalanlar bu günlərdə Qarabağın, Şərqi Zəngəzurun dirçəldilməsini, müasir infrastrukturun yaradılmasını nədənsə sinirə bilmirlər. Əsas səbəb sözsüz ki, yaranacaq Turan xofudur.

Bugün azad olunduqdan sonra bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda Türkiyə və Azərbaycan bərabər çalışır, bərpa-quruculuq işləri aparılır. Ermənistan işğal dönəmində özünün müttəfiqləri ilə bərabər bu ərazilərdəki evlərimizi söküb daşıdılar, həm də Arazın üstündən adlayaraq. Amma iki ildir Azərbaycan və Türkiyə azad Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur. Demək olar ki, bütün inşaat, yol çəkilişi işlərində Türkiyə şirkətləri bizimlə bərabər çalışır. Cənab Ərdoğan iftixarla “Bu gün Zəngilanda açılışını etdiyimiz Beynəlxalq Hava Limanı Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisidir. Belə mühüm bir layihədə türk şirkətlərinin də yer alması bizim üçün də ayrıca bir iftixar mənbəyidir”.

Savaş dönəmində Türkiyə-Azərbaycan birliyi bəzi qüvvələrin müdaxiləsinin qabağını aldı. Dövlət başçımız da bəyan etdi ki, bu gün görülən bütün işlər Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təntənəsidir. Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir. İkinci Qarabağ savaşı, savaşdan sonrakı dövr bu birliyi daha da gücləndirdi. Hər birimiz şahidik ki, hər yerdə Azərbaycan və Türkiyə bayraqları yan -yana böyük qürurla dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasıdır və vəsiyyətidir. Bütün tarixi səfərlər və görüşlər iki ölkə arasında əlaqələrin inkişafına və daha da güclənməsinə öz ciddi təsirini göstərəcək. Azərbaycan-Türkiyə münasibətləri əbədi və sarsılmazdır. Vətən müharibəsinin ilk günündən yanımızda olan qardaş Türkiyə bərpa prosesində də burdadır və daim yanımızda olacaq. Bütün açılışların qırmızı lentlərini iki Qardaş Lider birlikdə ayırması bütün dünyaya bir mesajdır. Bizlər hər birimiz bununla qürur duyur və fəxr edirik. Hər birimiz əminik ki, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni-yeni mərhələlərə qədəm qoyacaqdır. Əbədi və əzəli Azərbaycan-Türkiyə birliyi, dostluğu və qardaşlığı sarsılmazdır və daim belə də olacaq!


Prof.Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO