/ / Uğurlu siyasətin müəllifi Ümummili lider Heydər Əliyev

Uğurlu siyasətin müəllifi Ümummili lider Heydər Əliyev

52 Baxış

Uğurlu siyasətin müəllifi Ümummili lider Heydər Əliyev

Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz gələcəyini sərbəst və özünəməxsus şəkildə , qurub yaratmaq imkanı yaradırsa, deməli bu əsl inkişafın təməl daşı hesab edilə bilər. Ümumilli liderin vaxtilə söylədiyi "Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm" deyimini bu gün də həyəcansız xatırlamamaq mümkün deyil. Hər bir xalqın milli azadlığa və dövlət müstəqilliyinə qovuşması üçün üç mühüm şərt vacibdir: tarixi şans, milli iradə və liderə malik olması. Liderlik funksiyasını öz şəxsi nüfuzu, yüksək təşkilatçılığı, fəallığı, təşəbbüskarlığı, yaradıcılığı və enerjisi ilə fərqlənən, xüsusi idarəçilik və xarizmatik keyfiyyətlərinə malik olan, xalqın böyük hörmət və sevgisini qazanan dahi insanlar yerinə yetirirlər. Bu statusa yiyələnmiş şəxslərin fəaliyyətinin universallığı onunla şərtlənir ki, insan qruplarının, təşkilatların və hərəkatların birgə fəaliyyətinin bütün növləri onda öz əksini tapmışdır. Siyasi lider isə sadəcə, siyasi proseslərə rəhbərlik edən, cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən, siyasi təşkilatları və hərəkatları öz ardınca aparan şəxs deyil. O, hər şeydən əvvəl, hadisələrin gedişini dəyişdirməyə, siyasi prosesləri istiqamətləndirməyə qadir olan şəxsiyyətdir.

XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət, dünyanın görkəmli dövlət xadimlərindən biri, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında yalnız insanlarımızın istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini məhz ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru Müstəqil Azərbaycan dövləti kimi əzəmətli bir reallığa qovuşdurmuş, qurub yaratdığı bu dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, Azərbaycanın müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etmiş bu nadir tarixi şəxsiyyətin, fenomenal siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, Müstəqil Azərbaycan Respublikasıdır.

1988- ci ildən başlayaraq ermənilərin həyasızcasına Qarabağa olan əsassız iddiaları və Mərkəzin onları müdafiə etməsi ölkədə onsuzda kök salan siyasi böhranın sanki məqsədli davamı idi. Müqəddəs torpaqlarımızın bütövlüyünü qorumaq üçün mübarizə Bakıda hakimiyyət uğrunda mübarizə ilə əvəz edildi. Qoşun hissələri döyüş bölgələrindən çıxarılıb Bakıya istiqamət aldı. Nəticədə torpaqlarımız düşmən tapdağı altında qaldı, bir milyondan artıq soydaşımız öz doğma el-obasından didərgin düşərək məcburi köçkün və qaçqına çevrildi. 1993-cü ilin iyun ayında isə ölkə vətəndaş müharibəsi həddinə çatdı, respublikanın parçalanmaq, müstəqilliyini birdəfəlik itirmək təhlükəsi yarandı. Daxili didişmələr, anarxiya, ümummilli mənafeyin şəxsi ambisiyalara tabe edilməsi dövlət quruculuğuna böyük zərbə vurdu. Ölkədəki bu vəziyyəti kənardan yaxşı izləyən və bundan bacarıqla istifadə edən düşmənlərimiz və onların havadarları, bəzi xarici dövlətlər ayrı-ayrı hərbi və təxribatçı dəstələrin köməyi ilə böhranı daha da dərinləşdirir, müstəqilliyimizi ciddi təhlükə altında qoyurdular. İctimai fəlakətlə üz-üzə dayanmış xalqımız, respublika ictimaiyyəti yaxşı dərk edirdi ki, Vətəni bu təhlükədən yalnız Heydər Əliyev dühası, onun dövlətin idarə olunmasındakı zəngin təcrübəsi, dərin ağlı və zəkası, möhkəm iradəsi, mübarizliyi, millətin mənafeyinə sədaqəti, xalq işinə dərin məhəbbəti, torpağa bağlılığı qurtara bilər. Belə bir ağır vəziyyətdə xalq son ümid yeri kimi öz böyük oğluna – Heydər Əliyevə müraciət etdi. Xalqın çağırışlarını, o zamankı iqtidarın dəfələrlə etdiyi xahişlərini nəzərə alaraq Ümummilli lider Heydər Əliyev 1993-cü ilin iyun ayının 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkə daxilində sabitliyin əsası qoyuldu, atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalandı, Bakı-Tbilisi-Ceyhan neft ixracı boru kəmərinin faktiki tikintisinə başlandı və hazırda bu neft kəməri artıq istifadəyə verilmişdir. Məhz xalqın böyük oğlu Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanda illərlə davam edən anarxiyaya, başıpozuqluğa, siyasi hakimiyyətsizliyə, etnik separatçılığa, iddialı siyasətbazların naşı eksperimentlərinə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və qarətlərinə, özbaşınalıqlarına son qoyuldu.

Qeyd etmək lazımdır ki, Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən mühüm bir keyfiyyət ondan ibarətdir ki, onun dövlətçilik və siyasi fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların imkanlarından bacarıqla istifadə edib hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün varlığını Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmiş və ölkəmizin hərtərəfli tərəqqisini təmin etmişdir.Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan sivil dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirmiş, qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olmuşdur. Yeni dünya düzənində aparıcı güc mərkəzləri arasında gedən mübarizənin mahiyyətinə uyğun xarici siyasət yeridən Müstəqil Azərbaycan Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilmiş, ölkəmizin regionda gerçəkləşdirilən bütün transmilli layihələrdə iştirakı təmin olunmuşdur. Böyük öndərin rəhbərliyi altında Azərbaycanın xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri ümummilli mənafelərə, habelə siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etmişdir. Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda rezonans doğuran qətiyyətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan böyük diplomatik məharətlə istifadə etməsi, Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.

Bu gün Azərbaycan xalqı Heydər Əliyevin ictimai-siyasi kursunu layiqincə davam etdirən, dünya dövlətçilik təcrübəsinə dərindən bələd olan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə inamla addımlayır. Bu inkişaf yolu xalqımızın mənafeyinə və gələcəyinə xidmət göstərir. Son on doqquz ildə Azərbaycanın daxili və xarici siyasətdə əldə etdiyi uğurlar bir daha sübut etdi ki, doğma Azərbaycanımız etibarlı əllərdədir. 44 günlük müharibədə Ali Baş Komandan və ölkə rəhbəri kimi Cənab Prezidentimizin siyasi əqidəsi və dönməz iradəsi sayəsində, düşmənlərimiz məğlub edilərək, 30 ildə xarabalığa çevrilən torpaqlarımız azad olunaraq, tarixi ədalətə qovuşdurulmuşdur. "Xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirmişəm" deyən ölkə prezidentimiz Cənab İlham Əliyev bir daha sübut etdi ki, o Heydər Əliyev tərəfindən əsası qoyulan milli mənəvi və tarixi aspektlərə əsaslanan siyasətin layiqli davamçısıdır. Bu siyasət, sanki böyük ustalıqla cizilən, təkrar olunmaz unikal bir əsərə bənzəyən, gələcəyə, işıqlı sabaha inamla addımlamağa yol açan, böyük ümid və gerçək reallığı özündə ehtiva edən bir qayə və böyük missiyadır. Dövlətçiliyimizin möhkəm sütünu və bünövrəsi Ulu öndər Heydər Əliyev dühasıdırsa, sözsüz ki, bu sütünun davamçısı dünya siyasət arenasında öz sözünü böyük hünər və əzmlə deyə bilən, qlobal dünyamızın tanınmış siyasətçisi Cənab İlham Əliyevdir.


Prof.Azad Mustafa oğlu Bayramov
İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO