/ / Zəngəzur dəhlizi transregional əməkdaşlığın əsas layihəsidir

Zəngəzur dəhlizi transregional əməkdaşlığın əsas layihəsidir

51 Baxış

Zəngəzur dəhlizi transregional əməkdaşlığın əsas layihəsidir

Beynəlxalq siyasi münasibətlərdə hər-hansı dövlətin aparıcı mövqedə dayanması həmin ölkədə möhkəm ictimai-siyasi sabitliyin, dinamik iqtisadi inkişafın, vətəndaş birliyinin və nəhayət, bütün bu faktorları özündə birləşdirən ardıcıl və uğurlu xarici siyasətin olmasından xəbər verir . Ümummilli liderimiz Heydər Əliyev tərəfindən elmi-konseptual şəkildə əsasları qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yeni çalarlar qatılaraq daha da zənginləşdirilən Müstəqil Azərbaycanın təhlükəsizlik strategiyası, bu baxımdan öz dövrünün ən qabaqcıl təcrübəsini özünə birləşdirərək, ölkəmizi nəhəng və geniş miqyaslı nailiyyətlərə qovuşdurur. Regional təhlükəsizlik qlobal təhlükəsizlik sisteminin mühüm tərkib hissəsi olmaqla bərabər, onun davamlılığını şərtləndirən mühüm amillərdəndir. Dünya xəritəsinə diqqət yetirsək, regional və geopolitik subyektlərin daim bir-biri ilə qarşılıqlı təsirdə olmasına, hətta bir sıra hallarda bir regiondakı vəziyyətin digərinin təhlükəsizlik vəziyyətini şərtləndirdiyini müşahidə edə bilərik. Məhz bu səbəbdən istənilən dövlətin təhlükəsizliyi dəyişən və qloballaşan dünyamızda beynəlxalq təhlükəsizlik anlayışından kənar təsəvvür edilə bilməz.

Bu gün bütün dünyada təhlükəsizlik anlayışı dövlətlərin malik olduğu müdafiə potensialı ilə ölçülərək yalnız hərbi hazırlıq sahəsini əhatə etmir. Hal-hazırkı dövrdə ayrı-ayrı dövlətlərin və bütövlükdə regionların təhlükəsizliyi siyasi, iqtisadi, xüsusilə isə enerji təhlükəsizliyinin təminatı baxımından səciyyələndirilir. Artıq 30 ilə yaxındır ki, müstəqil dövlət kimi balanslandırılmış xarici siyasət yürüdən Azərbaycan ümumilikdə bir neçə regionun təhlükəsizliyinin etibarlı və davamlı olmasında mühüm geopolitik faktor kimi çıxış edir. Təsadüfi deyil ki, bu gün doğma Azərbaycanımız Avrasiyanın dayaq nöqtəsi, Transregional əməkdaşlığın mərkəzi adlandırılır. Bu baxımdan " Qlobal dünya nizamına təhdidlər" mövzusunda IX Qlobal Bakı Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir. Bu Forumun Azərbaycanda xüsusən, paytaxt Bakımızda keçirilməsi bir tərəfdən geostrateji üstünlüyümüzün, eyni zamanda regoional enerji bazası olan Bakı regionunun beynəlxalq təhlükəsizliyinin əsas mərkəzi olmasını və bu mərkəzin dünya ölkələri tərəfindən qorunmasının vacibliyini özündə bir növ əks etdirməkdədir. Forumda səslənən fikirlər, xüsusən dövlət başçımızın çıxışı və səsləndirdiyi bəyanatlar mühüm əhəmiyyət kəsb edir. Belə ki, Cənab İlham Əliyev bildirib ki, regionda sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycanın sülh səylərini dəstəkləməli, təxribat xarakterli addımlardan imtina etməlidir. Əsas diqqət doğuran məqam Zəngəzur dəhlizinin açılmasının önəmli və vacib məsələ olduğunun vurğulanmasıdır. Belə ki, Cənab Prezident bildirib ki, əgər Zəngəzur dəhlizi açılmasa o zaman, sülhdən danışmaq çətin olacaq. Hər dəfə çıxışlarda Cənab Prezident İlham Əliyev Zəngəzurun tarixindən bəhs edərkən bütün tarixi faktları və sübutları əsas gətirərək , real tarixi diqqətə çatdırır və gerçək təhrifsiz milli tariximizi dünyaya bəyan edir. Bu gün Sovet dönəminin ərazi qurbanına çevrilmiş Zəngəzurun hər daşını qaldırsaq, orda qədim türk, Azərbaycan tarixinin dayandığını əminlikliklə sübuta yetirə bilərik. Qəsdən bu torpaqların iki yerə parçalanması Qərbi Zəngəzurun Ermənistan SSRİ-nə verilməsi məqsədyönlü bolşevik və erməni müştərək birliyinin əsas nəticəsi kimi qiymətəndirilməlidir. Bu qərar bilərəkdən 1920-ci il noyabrın 30 -da Bakıda Azərbaycan Komunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının iclasında verilmişdir. Qərarda əsas məqsəd, Ermənistanın sərhədlərini Qarabağ ərazisinə yaxınlaşdırmaq və gələcəkdə bu tarixi torpağımızın işğalına şərait yaratmaq idi. Təsadüfi deyil ki, Zəngəzurdan dərhal sonra 1921-ci ilin iyul ayında Sovet Rusiyası tərəfindən Azərbaycan rəhbərliyinin rəyi öyrənilmədən Dağlıq Qarabağ ifadəsi ortaya atılandan sonra bu əraziyə 1923-cü ildə Muxtar Vilayət statusu verilib.

Forumda çıxışı zamanı Cənab Prezident sərhədlərimizin delmitasiyasının başlanılması təklifinə Ermənistan tərəfinin qeyri konstruktiv və laqeyd münasibətini, 2020- ci il noyabrın 10- da imzalanan Üçtərəfli Bəyanata zidd yanaşmasını diqqətə çatdırmışdır. Belə ki, Bəyanata əsasən, Azərbaycan tərəfi Qarabağda yaşayan erməni əhalisinin bu bölgəsinə maneəsiz giriş və çıxışın təmin olunması üçün üzərinə öhdəlik götürdü. Beləliklə, bu gün ermənilər Laçın yolundan istifadə edirlər və maneəsiz əlaqəyə malikdirlər. Azərbaycanlılar isə Ermənistan ərazisindən keçən yoldan, bizi Naxçıvanla birləşdirən Zəngəzur dəhlizindən istifadə edə bilmirlər. Bu, ədalətsizdir və biz bununla razılaşmayacağıq deyən Cənab Prezident əslində ölkəmizin bu məsələdə qəti mövqeyini və Ermənistanın məqsədyönlü şəkildə bu məsələnin uzadılmasının həm bizim, həm də regonun təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdir. Əslində, Zəngəzur dəhlizi layihəsini müdafiə edən dövlətlər də bu gün kifayət qədərdir. Bu dövlətlər sırasında Rusiya, İran, Türkiyə, Gürcüstan, Azərbaycan var. Bu gün buna ən çox ehtiyacı olan ölkə Ermənistanın özüdür. Çünki dağınıq siyasi hakimiyyətə, çokmüş iqtisadiyyata malik bir ölkənin yeganə çıxış yolu revanşist düşüncələrdən uzaqlaşıb, yalnız Azərbaycanla hesablaşmaqdır. Beləliklə, Zəngəzur dəhlizinin açılması məsələsinin qısa zamanda həlli gələcək regional sülhün fundamentinin və sütünunun möhkəmləndirilməsində mühüm vasitə və şərtlərdən hesab etmək olar. Eyni zamanda, bu məsələ Azərbaycanın Ermənistanla normal qonşuluq prinsipinin əsas və danılmaz şərtidir. Bəyanatın şərtlərinə Ermənistan tərəfinin əməl etməsi, onun beynəlxalq hüquq səviyyəsində borcu, ondan əməl olunmasını tələb etmək isə Azərbaycan tərəfinin həm qalib ölkə kimi ,eyni zamanda işğaldan əziyyət çəkən ölkə olaraq mənəvi haqqıdır. Əsası Cümhuriyyət dönəmində qoyulan bərabər, mehriban ,sivil qonşuluq prinsipləri bugün də, Müstəqil Azərbaycanımızın dövlət siyasətinin ana xəttini təşkil edir. Çünki, bu siyasət bizim qanımızda, canımızda, milli mənəvi dəyərlərimizdə, əxlaqımızda daima kök salmış və bu gündə qalmaqdadır.

Bu gün geniş iqtisadi, siyasi, hüquqi və sosial islahatları davam etdirən ölkəmiz Avropa dəyərlərinə yiyələnmiş, savadlı, demokratik təbiətli, inkişafa meylli və tolerant əhaliyə, bəşəri dəyərləri yüksək qiymətləndirən elitaya malikdir. Hal – hazırda müstəqil Azərbaycan özünün sülhpərvər mövqeyi, qonşu, region və bütövlükdə əməkdaşlığa meyilli olan bütün dövlətlərlə etibarlı əlaqələrinin səviyyəsi, həmçinin yüksək siyasi, iqtisadi, inkişaf potensialı ilə dünya dövlətləri arasında rəğbət və dəstək qazanmaqda davam edir və tərkib hissəsi olduğu regionun stabil inkişafı və təhlükəsizliyinin təminatında üzərinə düşən rolu uğurla yerinə yetirir.

Prof. Azad Mustafa oğlu Bayramov
ADAU-nun İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO