/ / Şuşa bəyənnaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsi kimi

Şuşa bəyənnaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsi kimi

36 Baxış

Şuşa bəyənnaməsi Azərbaycan-Türkiyə münasibətlərinin zirvə nöqtəsi kimi

Tarixən dostluq, qardaşlıq münasibətləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycan-Türkiyə münasibətləri bu gün öz ən-ənəsinə sadiq qalır. Hazırda dünyada bu cür münasibətlərə malik olan iki dövlət tapmaq mümkün deyildir. Hətta, eyni təşkilat, yaxud ideologiya ətrafında birləşmiş dövlətlər arasında belə qardaşlıq münasibətləri yoxdur. Bu mənada, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri xüsusi önəm və əhəmiyyət daşıyır. Dövlətlərimiz arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətlərinin qədim tarixi vardır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən çətin dövrlərində bir-birinə qardaş dəstəyini nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun çəkən müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi olmuşdur. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.

Təsadüfi deyil ki, Türkiyə dövlətinin tarixi şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri olduğunu bildirmişdir. Ulu öndər Heydər Əliyev öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşdur.

Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri hazırda Cənab Prezidentimiz İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərlikləri altında ən yüksək səviyyədə davam etməkdədir. Azərbaycan və Türkiyə arasında əlaqələrin bugünkü inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyə münasibətlərinin inkişafından keçir. Prezident İlham Əliyevin sözləri ilə desək: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Qürur hissi ilə xatırlatmaq istərdim ki, 30 illik münaqişə dövründə göstərdiyi siyasi dəstəyi Vətən müharibəsi dövründə pik həddə çatdıran qardaş Türkiyə Qələbəmizin əldə edilməsində, ümumilikdə, münaqişə dövrü zamanı diplomatik və siyasi müstəvidə üstünlük əldə etməyimizdə mühüm rol oynadı. Türkiyə Cümhuriyyətinin başçısı Rəcəb Tayyib Ərdoğanın beynəlxalq ictimaiyyətə ünvanlanmış sərt ifadələri və hər zaman Azərbaycanın yanında olacağı ilə bağlı qətiyyəli fikirləri Azərbaycana beynəlxalq müstəvidə göstərilən əvəzolunmaz mənəvi dəstək idi.

Siyasi müstəvidə ölkələrimiz arasında formalaşan münasibətlər qələbədən sonrakı dövrdə də regionda sülhün qorunması, təhlükəsizliyin təmin olunması istiqamətində uğurla davam etdirilməkdədir.

44 günlük Vətən müharibəsi zamanı Prezident İlham Əliyev qardaş Türkiyənin Azərbaycana hərtərəfli dəstək olduğunu bir daha vurğulayaraq qeyd etmişdir: “Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərin zirvəsidir” deyə Prezident İlham Əliyev Türkiyə-Azərbaycan qardaşlığının təntənəsinə də diqqəti cəlb etdi.

İmzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının zəfərinin zirvəsi oldu. Heç şübhəsiz, Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyəti var.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə (siyasi, iqtisadi, ideoloji, humanitar) davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır.

Qardaşlıq münasibətlərini və strateji tərəfdaşlığı rəsmiləşdirən tarixi sənədlərdən olan Şuşa Bəyannaməsi 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyinin təcəssümüdür. Şuşa Bəyannaməsi 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır. Hər iki ölkə və xalqların maraqlarına xidmət edən Bəyannamə İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırr və xalqların mənafelərinə xidmət edir.

Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Bəyannamənin strateji əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan Respublikası və Türkiyə Respublikasının müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə qarşılıqlı yardım əməkdaşlığın prinsipial istiqamətidir. Eyni zamanda tərəflər iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səy göstərməyə davam edəcəklər, bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir, tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər,tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.

Cənab Prezident qeyd etmişdir ki, bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkələr yoxdur. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Ölkələr arasındakı münasibətlərin dildə deyil əməldə olmalı olduğunun vaciblyini qeyd edən Prezident İlham Əliyev Türkiyənin İkinci Qarabağ savaşında bizim yanımızda durduğunu, bizə hərtərəfli dəstək olduğunu xüsusi qeyd etmişdi. Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamilərinin bizə böyük problemlər yaradacaqlarını vurğulayan Cənab Pezident Türkiyə - Azərbaycan həmrəyliyinin təbii hall oduğunu deyən Cənab Prezident Şuşa Bəyannaməsinin bu qardaşlıq münasibətlərinin zirvəsi olduğunu hesab edir

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir.


prof. A.M.Bayramov
ADAU -nun İctimai elmlər və Multikulturalizm kafedrasının müdiri

FOTO / VİDEO
VİDEO