/ / Ulu Öndərin Qurtuluş Missiyası

Ulu Öndərin Qurtuluş Missiyası

16 Baxış

Ulu Öndərin Qurtuluş Missiyası

Azərbaycan bir əsrdə iki dəfə müstəqillik qazanmaq fürsəti əldə etmişdi. Ancaq hər iki tarixdə Azərbaycanı müstəqilliyə aparan yolun heç də asan və hamar olmadığı aydın görünür. Birinci dəfə müstəqilliyimizin tarixi çox qısa – sadəcə 23 ay davam etsə də, bu müddətdə xalqın uzaqgörən ziyalılarının Azərbaycanın ictimai-siyasi həyatında oynadığı rolu heç bir zaman danmaq olmaz. XX əsrin sonlarına yaxın, 1991-ci ilin oktyabrında əldə olunan müstəqilliyimiz isə elə ilk aylardan etibarən təhlükə altında idi. Səbəbi isə bir tərəfdən Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın işğal olunma təhlükəsi altında qalması idisə, digər tərəfdən daxildə hökm sürən hərc-mərclik, siyasi gərginlik, ölkəni daxildən parçalamaq üçün bəzi hərbi hissələrin hakimiyyətə itaətsizliyi idi. Vəziyyət o yerə çatmışdı ki, hökumət başçılarının vəziyyəti sabitləşdirmək üçün atdığı addımlar da öz bəhrəsini vermirdi, əksinə, dövlət nümayəndələrinin girov götürülməsi, Baş Nazirin, Milli Məclisin sədrinin, Prezidentin istefasının tələb edilməsi ölkədə xaosun daha da artmasına gətirib çıxarırdı.

Müstəqillik əldə etməsindən iki il keçməsinə baxmayaraq ölkədə gərginlik hələ də davam edirdi. Belə çətin, gərgin, qarmaqarışıq bir vəziyyətdə dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürmək, əslində çox böyük bir risk tələb edirdi. Bu məsuliyyəti isə öz çiyinlərinə təbii ki, “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider Heydər Əliyev götürə bilərdi. Belə də oldu. Xalqın çağırışına səs verməklə Ulu Öndər Azərbaycanın gələcək taleyinə biganə olmadığını, əməli fəaliyyətə başlamaqla hakimiyyət böhranını aradan qaldırmağa hazır olduğunu sübut etdi. 1993-cü il, iyun ayının 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədrliyi vəzifəsinə seçilməsi xaos və anarxiyadan xilasa doğru atılan ilk addımlardan idi. Belə ki, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda qeyri-etik davranışlara yol verilməsinin qarşısının alınması, sivil qaydada müzakirələrin və diskussiyaların aparılması mütərəqqi parlamentarizm ənənələrini formalaşdırdı, parlament idarəçiliyinə yeni ruh və müasirlik gəlmiş oldu. Sonralar millət vəkillərinin təklifi ilə 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və onun gələcəyi üçün çiyinlərinə düşən xilaskarlıq missiyasının yerinə yetirilməsində mövcud olan əsas amillər xalqın ona olan inamı, şəxsiyyətinin böyüklüyü və Vətəninə, xalqına olan sonsuz sevgisi idi. Bir rəhbər üçün vacib olan bu üç mühüm amilin vəhdəti nəticəsində asayiş və qayda-qanun bərqərar edildi, nizamlı ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişələrin dinc yolla aradan qaldırılması üçün danışıqlara başlanıldı. Neft müqavilələrinin imzalanması, iqtisadi dirçəlişə nail olma, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, beynəlxalq əlaqələrin yaradılması, siyasi islahatlara start verilməsi, eləcə də, ölkənin dünya birliyinə inteqrasiyası xalqda öz dövlətinə sonsuz inam yaratdı və idarəetmə sisteminin möhkəm əsası qoyuldu. Ömrünü xalqına, vətəninə həsr etmiş müdrik, uzaqgörən dövlət xadimi, Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin memarı, müasir Azərbaycanın qurucusu, zəmanəmizin əbədiyaşar dahisidir. Bu gün onun bu tarixi missiyasını Ali Baş Komandan Prezident İlham Əliyev böyük uğurla həyata keçirir. II Qarabağ - Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər, azad edilmiş torpaqlarımızda infrastruktur layihələrin, Böyük Qayıdışın reallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi bu siyasi kursun uğurla davam etdirilməsinin sübutudur. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti Azərbaycanın siyasi arenada həm yüksəlişinə, həm də milli maraqlarının qorunmasına xidmət edir, öz prinsipial mövqeyini nümayiş etdirən bir ölkə kimi tanınmasını şərtləndirir.

Zəminə NOVRUZOVA
Azərbaycan Texnologiya Universitetinin İctimai elmlər və multikulturalizm kafedrasının baş müəllimi

FOTO / VİDEO
VİDEO